Eynulla Fətullayevin Mir Şahinə cavabı; ?Şərə xidmət edən dünyaya nifrət edəcək?

img

21-08-2010 [11:40]


Bu kəlamın müəllifi İsa Peyğəmbərdir... Nifrət içində boğulan Mirşahinin qəzet səhifələrindəki postulatlarını oxuyarkən İncildə rastlaşdığım bu müdrik kəlam gözlərimin önündə dayandı. İsa Peyğəmbər bunu çar İrod haqqında söyləmişdi. Kilsələr ucaldan İrod (onun inşa etdiyi bir məbəddə İsa Peyğəmbər də dualar etmişdi) məsih dünyaya gəlməmiş bütün körpələrin başını üzürdü. Ancaq kilsələr də tikirdi... Mənə həsr olunan ?Bədbəxt adam? filmində isə Mirşahin kilsədə şam yandırmağımı irad tutur. Belə deyirlər, əfsus ki, zindanda bu sənət əsərini seyr edə bilməmişəm... İrod kilsəyə nifrət etmirdi, fəqət körpələrin başını üzürdü. O, şərin üzərində təntənə çalacaq qüvvənin işıq saçacağından çox ehtiyat edirdi. Amma İncilin ətrafında düşünərkən, məncə, Mirşahin daha çox Aqasferə bənzəyir. Yox, yox, mən onu heç Mariya Maqdalina ilə müqayisə etməzdim. Ona görə yox ki, İlhamiyyə xanım (Rzayeva) demişkən, İsa ?mühakimə etməyin və mühakimə olunmayacaqsınız? etirafını Maqdalina daşlanan anda dilə gətirmişdi. Yox, yox, ona görə yox ki, Dürremant demişkən, ?həyat Maqdalinanı fahişəyə çevirmişdi və o, həyatı fahişəxanaya çevirmək eşqində idi?. Mən ədalət hissini itirmədən Mirşahini məhz Aqasferlə müqayisə etməyə üstünlük verəcəm, çünki o, həyatda atdığı addımları anlaqsız vəziyyətdə atır. Nə etdiyini bilmir. Mirşahin ?Müqəddəs torpaqdan? ikinci dəfə həyata gəlsəydi, o, Qolqofaya aparan yolun balaca bir küncündə çəkməçi emalatxanasını yaradıb, öz xaçını daşıyan hər kəsi çəkməçinin yorğun baxışı ilə yola salıb, qarşılayıb köməkdən imtina edərdi. O, nəinki kilsəyə və İsaya, hətta İnsana nifrət edir. Aqasferdə İrodun qəddarlığı ola bilməz, çünki o, qəddarlığın da fəlsəfəsini dərk etmir. Aqasferlər - anlaqsızdır. Onların nifrəti də anlaqsızdır. Mirşahinin filmindən məhrum edilsəm də onun qəzet səhifələrində yayılmış nifrət dolu mütləq həqiqətə iddialı hökmlərini oxudum. O, artıq hakimdir. Özü etiraf edib. Məni isə vətəni satmış bədbəxt elan edib. Vətən və ona pərvərlik mövzusuna dönəcəyik, fəqət, öncə bədbəxtlikdən başlayaq... Bəli, mən doğrudan da bədbəxt bir insanam. Bunu tam səmimi etiraf edirəm. Çünki qürur duya bilsəydim, qalib dövlətdən, parlaq və istedadlı dövlət başçısından, demokratiyadan, azadlıqdan məhrum olan, bir ailənin talanı nəticəsində məğlub edilmiş Azərbaycanın vətəndaşıyam. Bir vətəndaş kimi bu Vətənin daşını daşımağa qərar versəm də illərdir başqa vətəndaşlarla birgə Daşı yerindən tərpədə bilmirik. İfritələrin mətbəxi tüstüləyir! Və bu mətbəxə odun daşıyanlardan biri də Mirşahindir. Biz ifritələrin mətbəxində odunu söndürə bilmirik, çünki ora hər yerdən mirşahinlər odun daşıyır. Diktaturanın tüstüsü bütün ölkəni bürüyüb, cəmiyyət boğulur, mən də onun içində. İfritələrin rəqsi davam edirsə, mən necə xoşbəxt ola bilərəm? Bu məmləkətdə yalnız bir nəfər və bir ailə xoşbəxtdir. Çünki 9 milyonluq xalqın arasında ancaq onlar qalibdir. Öz xalqını məğlub edənlər tənhalığa çəkilir və bu tənhalıqda Mirşahinə yer yoxdur. Ancaq qaliblərin bayram şənliyinə quru odun daşıyır, onların ocağını qalayır. Və Mirşahinin bədbəxtçiliyi ondadır ki, o, bu məclisə yaş odun daşımaq hüququndan belə məhrumdur. Ancaq quru! Mirşahinin Dünyaya, İnsana, Kilsəyə və İsaya nifrətinin səbəbini bunda axtarmaq lazımdır - sözə xidmət etməli olan kəs nə vaxtsa sönəcək ocağın keşikçisinə çevrilib. Mirşahində bir iç yanğısını duydum. Onu anlaqsız edən, Aqasferə çevirən bu iç yanğısıdır! Nə vaxtsa o da öz xaçını daşımaq istəyərdi. Qoymadılar... Mirşahin: ?Mən hakiməm?. Sən hakim yox, iddiaçı olmalısan. Və iddianı da öz taleyinə qarşı irəli sürməlisən. Aqasferin 10 iddiası Bu gün isə ifritələrin od qalaqçısı iddianı öz taleyinə sürməkdənsə mənə qarşı 10 bənddən ibarət iddia ilə çıxış edir. İngilislər demişkən, Allahdan uzaq, kilsəyə yaxın yerlərdə (yəni zindanda) məskən salsam da Aqasferin iddialarını cavabsız qoymayacağam. Birinci iddia: ?Eynulla qeyri-ciddidir. Bu - belədir. Belə də olacaq?. Gertsen yazırdı: ?Monarxiyaları ənənəvi ciddi mübarizə üsulları ilə devirmək olmayacaq. İnqilab - gülüşdür. Gülün və sülalələri çökdürün?. Əliyevlərin epoxası qorxu ilə səciyyələnirsə, gülüşlə məğlub ediləcək. Brejnevi də gülüşlə məğlub etmişdilər. Bu, doğrudan da belə olacaq. İkinci iddia: ?Mən Eynullanı jurnalist hesab etmirəm?. Bu, Mirşahinin hüququdur. Avropa Konvensiyası bu hüququ qoruyur. Üçüncü iddia: ?Eynulla jurnalist üçün gərəkən start keyfiyyətlərini itirdi?. Çar Rusiyası dövründə ən parlaq jurnalist olan Gilyarovski (heç bilmirəm, Mirşahin onu oxuyubmu?!) əmin idi: ?Sən artıq həyata jurnalist kimi gəlirsən. Ya da gəlmirsən. Ya yaza bilirsən, ya da yaza bilmirsən?. Dördüncü iddia: ?Biz Eynullanı Londona kursa aparmışıq, amma onu jurnalist edə bilməmişik. Onu dəqiq və qərəzsizliyə öyrədə bilmədiyimizə görə işdən qovmuşuq. Özü də mən!!!? Yalandır! Mirşahin utanmadan yalan danışır. 1999-cu ildə mən ölkə mətbuatında hakimiyyətin narahatlığına səbəb olmuş jurnalist araşdırmaları, publisistik esselərlə çıxış edirdim. Böyük oxucu auditoriyasını qazanırdım. Gözlənilmədən mənə ANS-dən zəng gəldi, Vahid Mustafayev mənimlə görüşmək təşəbbüsünü göstərdi. Görüşüb söhbətləşdik. Vahid mənə ANS-in qəzetini buraxmaq təklifi ilə müraciət etdi. Mən isə senzurasız və məhdudiyyətsiz azadlıq prinsipi ilə yanaşı, öz şərtlərimi və tələblərimi irəli sürüb, təklifi qəbul edib, həqiqətən Mirşahinin söylədiyi kimi Londona yollanıb, çox qısa müddət ərzində ?Financiel Times?, ?Quardian? və ?Ekonomist? dərgilərinin redaksiyalarında ?Qərb jurnalistikasının? standartları ilə tanış olaraq təcrübə topladım. Lakin Bakıya döndükdən sonra qəzet nəşri təklifi televiziyada aparıcılıq alternativi ilə əvəz edildi. Yenə şərtlərimi irəli sürdüm. Vahid Mustafayev qəbul etdi. Mirşahin isə ANS-də icraçıdır, qərarların qəbul edilməsinə heç bir təsir göstərmirdi. Yəni qısası, ANS-in iyerarxiyasında ?heç kəsdir?, Vahidin iradəsinin ifaçısı, sadə jurnalistdir. Çalışmağa başladıq. Lakin 1999-cu ilin sonlarında verilişimdə məhdudiyyətlər tətbiq edilməyə başlandı, senzura qaydaları və gündən-günə daralan azad dairəm Vahid Mustafayevlə permanent münaqişələrlə nəticələndiyindən mənim bu ?müstəqil? TV-də fəaliyyətimi mümkünsüz etdi. Vahid Mustafayev söylədiyi kimi: ?Mən bu idarəni kərpic-kərpic tikmişəm, sən isə hər şeyi vurub dağıdırsan. Niyə çörəyimə bais olursan?? Mən Vahidin çörəyinə bais olmaq istəmədim, açıq qapıdan çıxsam da arxamca qapını möhkəm çırpıb bu psevdomüstəqil televiziya layihəsinə ?əlvida? dedim. Bir həftə sonra isə məni qəflətən ordu sıralarına ?çağırdılar? və mən Murovdağın ən yüksək zirvələrindən birində Vətənə xidmət etdim. Sonradan bildim ki, mənim orduya ?çağırılmağım? və islah olunmağım Mirşahinin təşəbbüsü idi. Mənə deyilənə görə, o, ölkə rəhbərliyinə sadəcə acizliklə etiraf edib: ?Biz onunla bacara bilmədik?. Beşinci iddia: ?Eynulla ANS-də çalışanda bizim təsirimiz altında obyektiv olmağa vadar edildi... Eynulla hələ islah oluna bilər?. Görün jurnalist, özü də demokratik təfəkkürə iddialı birisi siyasi məhbusun islah olunmasından dəm vurur. Nə yaxşı ki, dəvənin qanadları olmur, nə yaxşı ki, ayılar uçmur... Heç bizim həbsxana rəisi belə kateqoriyalarla artıq düşünmür. Mirşahin! Güzgüyə bax, gör həyat səni nə hala salıb. Həbsdəki jurnalistlərin islah olunmasından indiyədək üç nəfər danışıb - Ramiz Mehdiyev, Əli Həsənov və Mirşahin. ?Cisimləri öldürənlərdən qorxmayın? - İsa Peyğəmbər belə deyirdi. Mirşahinin ruhunu öldürdülər. Ax, cəlladlar! Kaş ki, onun cismini öldürəydilər. Hər kəs zamanında ölməlidir. Elmar Hüseynov tez-tez təkrar edirdi: ?Viktor Tsoyu vaxtında öldürməsəydilər, onu Makareviçə çevirərdilər?. Mirşahini Bəxtiyar Sadıqovdan da pis günə qoydular. Azad jurnalisti stalinistə çevirdilər. Heyf, çox heyf!... Altıncı iddia: ?Azərbaycana Eynulla yox, Anar lazımdır?. Bir gün Bulat Okucavadan soruşurlar: ?Siz ziyalısınızmı?? Okucava cavab verir: ?Bilmirəm, öləndən sonra bilinəcək?. Yeddinci iddia: ?Ölkə Eynullaların ölkəsinə çevrilir. Eynulla kimi adamlar Anardan avtoqraf almağı özləri üçün bəxtəvərlik saymalıdır...? Hələ sovet dövründən gürcülərin çox istedadlı kinorejissura məktəbi formalaşıb. Həmin məktəbin çox parlaq bir yetirməsi sənətdə böyük addımlar atmaqdadır. Onun adı Dmitri Mamuliyadı. Onun həm də çox maraqlı fəlsəfi esseləri var. Mirşahinin özünəvurğunluq və stalinizmdən başı açılsa, onun sənəti ilə maraqlanması pis olmaz. Mamuliyanın ?Qadın və ədəbiyyat? adlı bir sənədli filmi var. Həmin filmin ilk saniyələrindəcə rejissor tamaşaçını düşünməyə, hiss etməyə vadar edir: ?Dünyada ən başlıca dəyərlər - Qadın və ədəbiyyatdır. Onlar anlamanı qəbul etmir. Onlarla qarşılaşdıqda sən donub-qalmalısan, titrəməlisən, danışıq və görmə qabiliyyətini itirməlisən...? Mən Anarı sadəcə anlayıram, ancaq daxilən titrəmir, donub qalmıram. Anar pis yazıçı deyil, lakin avtoqrafı Soljenitsindən alardım. O, mən zindanda olanda, ötən il vəfat etdi. Azadlığa çıxan kimi məzarını ziyarət edəcəyəm. Klassiklərdən Per Fabian Lagerkvistdən avtoqraf alardım. O, Mirşahinin bənzədiyi Aqasferi necə də dəqiq təsvir edib. Sənət nümunəsidir. Səkkizinci iddia: ?Eynulla azadlığa çıxsa da... və təhqir, söyüşlər?. Əfsus ki, Balzak XIX əsrdə qaldı. Ondan da avtoqraf alardım, çünki Mirşahinin surətini bu dahi yazıçı, ?İnsan komediyaları? seriyasına mütləq əlavə edərdi. Bəlkə də o, ?Eşşək dərisi?ndəki Rafaeli Mirşahinə bənzədib? Axı Mirşahin azadlığını və həyat eşqini Badamdardakı villaya, vitse-prezident kürsüsünə və Gül Kimi Günlərə dəyişdi, eşşəyin dərisi isə kiçilməkdə davam edir... Doqquzuncu iddia: ?Eynulla vətənpərvər deyil, ermənipərəstdir və ləyaqətini itirib?. Bir halda ki söhbət yazıçılardan və insan komediyalarından, monarxiyadan və həbsxanada yatan yazarlardan düşdü, zamanında qeyri-ciddi, gülüşlə inqilab dalğasını qaldıran, qeyri-vətənpərvərlikdə ittiham edilən və günü sürgündə keçən ölməz rus klassiki Saltıkov-Şedrinin ölməz kəlamını necə xatırlamayasan: ?Son vaxtlar yaman vətənpərvərlikdən dəm vururlar. Deyəsən, vətəndə oğurluq baş alıb gedir?. Əlavəyə ehtiyac varmı? Biz böyük neft maxinasiyaları və Azərbaycan xalqının büdcəsinin düşmən malı kimi talanmasından danışırıq, bizi Xocalının işğalında ittiham edirlər. Biz məhkəmələrin oyuncaq quruma çevrilməsindən bəhs edirik, bizi Laçın qaçqınlarına diqqətsizlikdə suçlayırlar. Biz klançılıq və inzibati-amirlik sistemindən, söz azadlığı və sərbəst toplaşma azadlığından narahatlığımızı ifadə edirik, gözümüzə Ağdamı soxurlar. Biz inhisarçılıqdan şikayət edirik, Zəngilan fəryadının əks-sədasını eşidirik. Sizə elə gəlmirmi ki, hakimiyyətin mənəvi pozğunluğu, vicdan hissinin qalıqlarının itirməsi, milli dəyərə çevrilmiş Qarabağı daxili siyasi mübarizədə də demirəm, xırda intriqalarda və haqq-hesabların çürüdülməsində spekulyasiya mövzusuna çevrilməsi vətənə ən böyük xəyanətdir? Naqislikdir. Şedrindən 10 il sonra Tolstoy deyəcək: ?Vətənpərvərlik - naqislərin gizləndiyi son məkandır?. Yəni əgər Qarabağ cılız siyasi maraqlar naminə xərclənirsə, bundan o yanası varmı? Son məkan deyilmi? Sözünüz varsa, sözünüzü deyin. Xocalı kimi dərdi bu sözə niyə qatırsınız? Naqislik deyilmi bu? Ziyalı mühakimə etməlidir, hisslərində özünü dolaşdırmamalıdır. Ziyalı hakimiyyətin maraqlarını qəbul etməməlidir, çünki bu halda konformistə çevrilmək təhlükəsi ilə üz-üzədir. Konformist ziyalının sonu isə Mirşahinin gözlədiyi dayanacaqdır. Bu dayanacağa çatıb sıraya düzülənləri isə çarmıxa çəkmirlər, çünki onların nə sözü, nə də işi tarixə lazım deyil, tarix tərəfindən qəbul edilmir. Bu dayanacaqda duranlar xaçı daşıyan kəsləri kənardan, dinməz, ya Mirşahin kimi deyinərək seyr edirlər. Bu dayanacaqda uğursuzluq və özünəqəzəb hissi insanı peşman edir. Mirşahin çox peşmandır. O, digər dayanacaq sakinlərindən fərqli olaraq Aqasfer olduğunu dərk edir. Onuncu iddia: ?Eynulla Azərbaycanı tərk etməlidir?. Mirşahindən öncə bu təklifi mənə İlham Əliyev vermişdi. 2006-cı ilin oktyabrında. Vaxtilə Vahid və Mirşahin kimi 2006-cı ildə də İlham Əliyev məni Dumanlı Albionda görmək istəyirdi... O günü görməyəcəksiniz. Arzularınızı qəlblərinizdə dəfn edin... Yox, yox, mənim məqsədim dünyanı və onun qaydalarını dəyişmək deyil, sadəcə iddialarıma sadiq qalmaqdır, mövqeyim isə qəhrəmanın həyəcanlı narahatlığından çox uzaq, İrodun inşa etdiyi kilsədə başı üzüləcək körpələri xilas etməyə çalışan keşişin süstlüyünə daha yaxındır. P.S. Xristian sivilizasiyasının süqutunun başlanğıcı əclaflığın qarşısında geri çəkilməsi oldu. Əclaflığın qarşısında geri çəkilmək, hətta bir addım geriyə atmaq dünyaya nifrət toxumlarını səpən insanların təntənəsinin başlanğıcıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA