Azərbaycan media nümayəndələri Soçidə Rusiya Jurnalistlərinin 14-cü Festivalında iztirak ediblər

img

01-10-2009 [05:48]


Sentyabrın 24-dən 30-na kimi Soçidə Rusiya Jurnalistlərinin 14-cü Festivalı keçirilib. Jurnalistlərin Həmkarlar İttifaqından (JuHİ) Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) dəstək verdiyi tədbirdə Rusiya jurnalistlərinin ölkə daxili problemləri və uğurları ilə yanaşı, jurnalistikanın bir sıra beynəlxalq problemləri də müzakirəyə çıxarılıb. Tədbirdə Azərbaycan jurnalistlərini BJF-nin Azərbaycan üzrə təmsilçisi, JuHİ sədri Müşfiq Ələsgərli və İctimai TV-nin Həmkarlar Komitəsindən Elnur Əliyev təmsil ediblər. JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, festivalın gedişində ?Fəaliyyətdə olan jurnalistlərin təhlükəsizliyinin təminatı? adlı müzakirələr daha effektiv olub. Beynəlxalq Jurnalistlər Federasiyasının Rusiya Jurnalistlər Birliyi ilə birgə hazırladığı hesabatda dünya dövlətlərində, o cümlədən, MDB məkanında peşə fəaliyyətinə görə qətlə yetirilmiş, həlak olmuş jurnalistlər barədə ətraflı məlumat öz əksini tapıb. Tədbirdə çıxış edən BJF prezidenti Cim Bumelya bildirib ki, son 10 ildə jurnalistika az qala riskli peşəyə çevrilib: ?Son on ilin statistikasına görə, dünyada 1000 nəfərdən artıq jurnalist peşə fəaliyyətini yerinə yetirərkən həlak olub, yaxud da sifarişlə qətlə yetirilib. Ən acınacaqlısı isə odur ki, bu qətllərdən yalnız 10 faizinin səbəbkarları cəzalandırılıb. Qalan 90 faiz qətlə görə heç kim cəzalandırılmayıb, məsuliyyətə cəlb edilməyib?. BJF prezidenti dünya ictimaiyyətini jurnalistikaya qarşı hücumlara reaksiya verməyə çağırıb: ?Pis odur ki, jurnalistlərin qətli, təqib edilməsi və buna görə heç kimin cəzalandırılmaması praktikası hətta dünyanın demokratiya beşiyi saydığımız ölkələrdə də baş verir. Əgər buna qarşı tədbir görülməsə, onda bizim ölkə jurnalistlərini televiziya ekranından ölümlə hədələyən Qambiya prezidentinə irad tutmağa əsasımız qalmaz?. Müşfiq Ələsgərli qeyd edib ki, tədbir iştirakçılarına bütün MDB dövlətləri barədə olduğu kimi, Azərbaycanda jurnalistlərin təhlükəsizliyi mövzusunda hesabat təqdim olunub. Burada, 1991-ci ildən etibarən bu günə kimi peşə fəaliyyətini yerinə yetirərkən, xüsusən Qarabağ müharibəsinin gedişində həlak olmuş, həmçinin, qətli peşə fəaliyyəti ilə bağlı olan 13 jurnalist barədə məlumat verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA