"Azəriqaz"ın sabiq rəhbəri Əlixan Məlikov Azərbaycana dönməyə məcbur edilib

img

30-08-2009 [07:33]


[b]Əks təqdirə "Azəriqaz"ın sabiq prezidentinin yaxınları təhlükəylə üzləşə bilərdi [/b] Prezident İlham Əliyevin sərəncamı ilə iyul ayının 2-də "Azəriqaz" Səhmdar Cəmiyyəti (hazırda istehsalat birliyi kimi fəaliyyət göstərir-red.) Dövlət Neft Şirkətinin tabeliyinə verildikdən sonra sözügedən qurumun rəhbəri Əlixan Məlikovun da karyerasına son qoyuldu. Onu bu postda Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin yaxın qohumu Əkbər Hacıyev əvəzlədi. Ötən iki ay müddətində isə "Azəriqaz"ın sabiq rəhbəri Əlixan Məlikovun barəsində müxtəlif şayiələr yayılıb. Bəziləri onun bir neçə günlüyə həbs edilib, mənimsədiklərini geri ödəməyə məcbur olunduğunu, bəziləri isə onun səhhətini bəhanə gətirib, Türkiyə getdiyini söyləyirlər. Bu söz-söhbətlərə isə indiyədək rəsmi səviyyədə aydınlıq gətirilməyib. Bu, bir tərəfdən yayılanların həqiqət yükünü artırırsa, digər tərəfdən Əlixan Məlikovun ətrafındakı müəmmaların çoxalmasına zəmin yaradır. Bu və ya digər xəbərlərlə bağlı "Reytinq"ə məlumat verən bilgili şəxs isə iddia edir ki, Əlixan Məlikovun barəsində yayılan hər iki xəbər doğrudur: "Onun həbs olunub, bir neçə gün saxlanılmasından tutmuş, xaricə getməsi barədə yayılan xəbərlər kifayət qədər əsaslıdır. Ancaq mənim bildiyimə görə, o, Türkiyədə deyil, Rusiyada olub. Lakin qısa müddətdən sonra onu Azərbaycana dönməyə məcbur ediblər. Əks halda yaxınlarına qarşı repressiv hərəkətlər başlaya bilərdi". Müsahibimiz deyir ki, "Azəriqaz"a yeni rəhbər təyin edilməsindən bir aydan çox vaxt ötməsinə baxmayaraq, hələ də daxili yoxlamalar davam edir: "Dəqiq bilmirəm ki, onun səhhətində problem var, ya yox. Ancaq Əlixan Məlikovun səhhətindən asılı olmayaraq, yoxlama bitməyənə qədər ölkəni tərk etməsi qadağan edilib. Hazırda o, bağ evindədir". Ə.Məlikovun adı ətrafındakı müəmmaların nə zamana kimi davam edəcəyinə gəlincə, mənbə "bu, yoxlamanın nəticəsindən və Əlixan müəllimin buna uyğun atacağı addımdan daha çox aslı olacaq. Məncə, onu həbs etməyəcəklər. Əlixan Məlikovun atası vaxtilə mərhum prezident Heydər Əliyevin sürücüsü olub. Bununla yanaşı, onun davranışları da problemin həllində açar rolunu oynayacaq. Ancaq bütün hallarda onun Kürdəmirdə icra başçısı işləyən qardaşı Fəxrəddin Məlikovun vəzifəsində qalmayacağı yəqindir. Bu, həm məlikovların mövqeyinin sarsıması ilə, həm də Fəxrəddin müəllimin vəzifəsinin öhdəsindən yetərincə gələ bilməməsilə bağlıdır", - deyə mənbə bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR