PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)

img

11-03-2026 [23:58]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də Bakıda görüşdən sonra mətbuata birgə bəyanat qəbul ediblər.

Mia.az bəyanatı təqdim edir:

1. 2026-cı il martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Respublikasında, Bakıda görüşmüşlər.

2. Prezidentlər Azərbaycan-Avropa İttifaqı (Aİ) tərəfdaşlığının strateji əhəmiyyətini vurğulayaraq, təhlükəsizlik, enerji və nəqliyyat sahələri də daxil olmaqla, son dövrdə keçirilmiş yüksəksəviyyəli görüşlərin müsbət dinamikasına əsaslanaraq siyasi dialoqun və praktiki əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqliklərini ifadə ediblər. Bu əməkdaşlıq hər iki tərəfin ortaq maraqlarını əks etdirir, bütün Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün, sabitliyin, daşımaların və davamlı inkişafın təşviqinə töhfə verir.

3. Onlar Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasındakı münasibətlərin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyü də daxil olmaqla, beynəlxalq hüquqa tam hörmətlə yanaşılmaqla qarşılıqlı hörmət, bərabərlik və ortaq fayda əsasında qurulduğunu bir daha təsdiq ediblər.

4. Prezidentlər münasibətlərin daha da inkişaf etdirilməsi üçün möhkəm hüquqi çərçivə yaradacaq yeni əhatəli ikitərəfli saziş üzrə danışıqların tez bir zamanda yekunlaşdırılmasına sadiqliklərini bir daha vurğulayıblar. Onlar, həmçinin yenilənmiş Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetlərinin qəbul edilməsinin və bütün sahələrdə ikitərəfli gündəliyi daha da irəli aparmaq üçün Azərbaycan-Aİ Əməkdaşlıq Şurası da daxil olmaqla, mövcud dialoq mexanizmlərindən tam istifadənin vacibliyini qeyd ediblər.

5. Prezidentlər ayırıcı xətlərdən azad, dinc, sabit, qarşılıqlı əlaqəli və inkişaf edən Cənubi Qafqaz kimi ortaq strateji məqsədi bir daha təsdiqləyərək, regionda baş verən son müsbət hadisələri, xüsusilə də Azərbaycan-Ermənistan sülh prosesindəki tarixi irəliləyişi alqışlayıblar. Onlar 2025-ci il 8 avqust tarixli Vaşinqton Zirvə Görüşünün nəticələrini və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı addımları yüksək qiymətləndiriblər. Avropa İttifaqı Şurasının Prezidenti iki ölkənin ikitərəfli dialoq vasitəsilə regionda davamlı sülhə nail olmaq istiqamətində səylərini Aİ-nin tam dəstəklədiyini bir daha təsdiqləyib.

6. Prezidentlər Azərbaycanın münaqişədən sonrakı dövrdə Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı yenidənqurma və inkişaf səylərini vurğulayıblar. Çətinliklərin, xüsusilə də mina ilə çirklənmənin miqyasını qeyd edərək, onlar Avropa İttifaqının humanitar minatəmizləmə sahəsində aparıcı beynəlxalq donor olduğunu vurğulayıb, beynəlxalq dəstəyin artırılmasına çağırış ediblər.

7. Prezidentlər "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in həyata keçirilməsinin ticarət, daşımalar, sərmayə, iqtisadi dayanıqlılıq və təmiz enerji daxil olmaqla, müvafiq prioritet sahələrdə Azərbaycan-Aİ əməkdaşlığını genişləndirmək üçün imkanlar yaratdığını qeyd ediblər.

8. Prezidentlər Azərbaycanın regional daşımalarda, xüsusilə də Orta Dəhliz vasitəsilə Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında nəqliyyat, ticarət, enerji və rəqəmsallaşma sahələrində əlaqələrin gücləndirilməsində oynadığı aparıcı rolu vurğulayıblar. Avropa İttifaqı "Qlobal Qapı" çərçivəsində daşımalar, digər müvafiq mexanizmlər, o cümlədən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında dəmir yolunun müasirləşdirilməsinə dəstək, həmçinin TRIPP-in icrası üzrə davam edən səylərlə bağlı Azərbaycanla əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyib. Onlar "Qlobal Qapı" təşəbbüsü çərçivəsində Azərbaycan-Aİ iqtisadi əməkdaşlığını və sərmayələrini gücləndirmək üçün İqtisadi Əməkdaşlıq üzrə Yüksəksəviyyəli İşçi Qrupunun yaradılmasını alqışlayıblar.

9. Prezidentlər uzunmüddətli vacib enerji tərəfdaşlığını xatırladaraq, Avropanın enerji təchizatının şaxələndirilməsində etibarlı tərəfdaş kimi Azərbaycanın rolunu etiraf ediblər və 2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun davamlı icrasına sadiqliklərini bildiriblər. Onlar Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurasının əhəmiyyətini, külək və Günəş enerjisi də daxil olmaqla, bərpaolunan enerji mənbələri sahəsində enerji əməkdaşlığının genişləndirilməsi potensialını, həmçinin Qara dəniz sualtı kabeli layihəsi kimi qarşılıqlı elektrik enerjisi bağlantısı təşəbbüslərini qeyd ediblər.

10. Prezidentlər 2024-cü ilin noyabr ayında Azərbaycan Respublikasının sədrliyi ilə Bakıda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurlu nəticələrini alqışlayaraq, iqlim dəyişmələri və ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlığı möhkəmləndirməyə hazır olduqlarını bir daha təsdiqləyiblər.

11. Prezidentlər 2026-cı ilin may ayında keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına Azərbaycanın ev sahibliyi etməsini davamlı şəhərsalma və dayanıqlı şəhər inkişafı üzrə qlobal səylərə əhəmiyyətli töhfə kimi alqışlayıblar və bu Forumdan müvafiq sahələrdə Azərbaycan-Aİ əməkdaşlığını dərinləşdirmək üçün istifadə etməyə hazır olduqlarını bildiriblər.

12. Prezidentlər mütəşəkkil cinayətkarlıq, terrorçuluq, ekstremizm, silah və narkotiklərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması, insan alveri və qeyri-düzgün miqrasiya kimi ortaya çıxan təhdidlərin qarşısını almaq məqsədilə müdafiə və təhlükəsizlik sahələrində daha sıx əməkdaşlığın faydasını vurğulayıblar.

13. Prezidentlər rəqəmsal transformasiya və innovasiya sahələrində əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər. Onlar süni intellekt və inkişaf etməkdə olan digər texnologiyaların artan əhəmiyyətini etiraf ediblər, innovasiyanı, iqtisadi dayanıqlılığı və inkişafı gücləndirmək, həmçinin davamlı və artıma yönəlmiş rəqəmsal ekosistemləri təşviq etmək məqsədilə bu sahədə əməkdaşlığı gücləndirməyə hazır olduqlarını bildiriblər.

14. Prezidentlər səfərlərin artırılması da daxil olmaqla, insanlar arasında təmasların vacibliyini bir daha təsdiq ediblər. Onlar qarşılıqlı səyahətləri daha da asanlaşdırmaq məqsədilə Viza Sadələşdirilməsi Sazişinin davamlı icrasını alqışlayıblar, təhsil, mədəniyyət, gənclər və tədqiqat sahələrində əməkdaşlığın gücləndirilməsinə sadiqliklərini bildiriblər.

15. Liderlər İranda və Ukraynada baş verən son hadisələr də daxil olmaqla, əsas cari geosiyasi məsələləri müzakirə ediblər.

***

Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də mətbuata bəyanatlarla çıxış ediblər.

Mia.az xəbər verir ki, əvvəlcə dövlət başçısı bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Mən Avropa İttifaqı Şurasının Prezidentini salamlayıram. Cənab Prezident, Sizi qəbul etməkdən çox məmnunam. Ötən il iki dəfə görüşmüşük və çox yaxşı müzakirələrimiz olub. Yadınızdadırsa, mən Sizi Azərbaycana səfərə dəvət etdim. Dəvətimi qəbul etdiyinizə görə minnətdaram. Biz Sizin səfərinizə çox böyük önəm veririk. Əminəm ki, o, xüsusən də indiki dövrdə çox uğurla inkişaf edən ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm rol oyanacaq. Bizim çox fəal dialoqumuz var. Avropa Komissiyasının üzvləri ötən il və bu il dəfələrlə bizə səfər ediblər. Beləliklə, biz müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik. Mən bəzi iqtisadi göstəricilərə nəzər saldım və gördüm ki, bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Ötən il dövriyyə bir az aşağı olmuşdur, lakin o, həqiqətən göstərir ki, Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır. Əminəm ki, yeni layihələr və yeni investisiya imkanları ilə sərmayələr iki istiqamətdə yatırılacaq. Hazırda biz, həmçinin Avropada fəal şəkildə sərmayə yatırırıq. Ticari dövriyyəmiz birmənalı olaraq artacaq. Tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub, var və birmənalı olaraq olacaq. Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur.

Həmin vaxtdan etibarən biz həm həcm, həm də ölkələrin sayı baxımından Avropa ölkələrinə qaz ixracımızı artırmışıq. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə biz dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkəyik. On altı ölkə bu gün Azərbaycan qazını alır və beləliklə, bir çox ölkələrin enerji təhlükəsizliyində oynadığımız rol artır.

Bizim üçün Avropa bazarı artım potensialına malik ümumi qaz ixracımızın yarısını təşkil edir. Elə bu ayın əvvəlində, biz Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısını keçirdik və bu tədbirə Azərbaycan və Avropa Komissiyası ev sahibliyi edir. Orada öz nitqimdə mən auditoriyanı məlumatlandırdım ki, biz bu il qaz hasilatını artırmağı planlaşdırırıq. Biz qazı yeni yataqda hasil etməyə başlayacağıq. Bu gündən etibarən növbəti iki və ya üç il ərzində, - əgər hər şey cədvələ uyğun gedərsə, - bizim bugünkü həcmlə müqayisədə minimum 10 milyard kubmetr əlavə qazımız olacaq.

Enerji sahəsində əməkdaşlığımızın digər istiqaməti bərpaolunan enerji ilə bağlıdır ki, onun da böyük potensialı var. Biz külək, Günəş və su elektrik enerjisinə böyük sərmayələr yatırırıq. Planımız beş və ya altı il ərzində ixraca hazır olan 6-8 giqavatlıq bərpaolunan enerjiyə malik olmaqdır. Bir sözlə, hazırda biz Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz dibi kabelləri, enerji infrastrukturunun digər fərqli hissələri üzərində çalışırıq.

Bu gün gəldiyiniz zaman hər ikimiz Bakıda çox günəşli havanı qeyd etdik. Bahar gəlir. Əslində, düşünürəm ki, bizim burada 300-dən çox günəşli günümüz olur və ola bilsin, küləkli günlər daha çoxdur. Təsəvvür edə bilərsiniz ki, külək və Günəş enerjisinin burada böyük potensialı var. Əlbəttə, biz daha sıx işləməyə çalışırıq, çünki Avropa qitəsinə daxil olmazdan əvvəl, siz bütün tranzit razılaşmaların icrası məqsədilə bir çox ölkələrlə işləməlisiniz. Təbii ki, xüsusi olaraq, Ermənistanla paraflanmış sülh sazişinə nail olduqdan sonra daşımalar ikitərəfli gündəliyimizin mühüm hissəsidir. Orta Dəhlizin genişlənməsi üçün yeni imkanların açılması, təbii ki, nikbinliyimizi artırır. Cənab Prezidentə söylədiyim kimi, biz cəmi yeddi aydır ki, sülh şəraitində yaşayırıq. Müstəqilliyimiz hələ 1991-ci ildə bərpa olunub. Bununla belə, cəmi yeddi aydır ki, sülhdə yaşayırıq. Lakin biz bunun faydasını artıq hiss edirik və əminəm ki, Ermənistanla sülh daimi olacaq. Biz, həmçinin ticarətə başlamışıq. Ermənistana mühüm neft məhsullarının təchizatına başlamışıq. Digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə bütün məhdudiyyətləri aradan qaldırmışıq. Bu isə bir daha güclü siyasi iradəmizi göstərir, çünki biz sülhə təkcə iki ölkənin parafladığı sənəd üzərində deyil, həmçinin əyani şəkildə nail oluruq. Bu, həmçinin ona görə vacibdir ki, bəzən sənədlər uzun müddət ərzində elə kağız kimi qalır. Bizə gəldikdə, 2023-cü ilin sentyabrından Ermənistanla son qanlı hərbi toqquşmadan 2025-ci ilin avqustunda sülhə nail olmağımızdan iki ildən az vaxt keçir. Düşünürəm ki, əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir. Sülhdən yaxşı heç nə ola bilməz. İnanın mənə, müharibə şəraitində yaşamağın və ya müharibə etməyin nə olduğunu bilirik. Ona görə bizim kimi ölkələr, ola bilsin, sülhü hər hansı digər ölkədən daha çox dəyərləndirir. Bir sözlə, gündəliyimiz həqiqətən çox genişdir. Biz, əlbəttə, sərhədlərimizə yaxın bölgədə təhlükəsizlik məsələlərini müzakirə etdik. Biz bu gün sonra söhbətimizi davam etdirəcəyik. Bizimlə olduğunuza görə, cənab Prezident, bir daha təşəkkür edir, Sizə xoş səfər arzulayıram.

x x x

Sonra Avropa İttifaqı Şurasının Prezidenti bəyanatla çıxış etdi

Prezident Antonio Koştanın bəyanatı

-Günortanız xeyir. İlk növbədə, burada Bakıda olmaqdan məmnunam. Prezident Əliyev, xüsusilə regionda geosiyasi vəziyyətin sürətlə dəyişməsi kimi mürəkkəb şəraitdə dəvətinizə və səmimi qarşılamanıza görə Sizə təşəkkür edirəm.

Mən Avropa İttifaqının Azərbaycan xalqı ilə tam həmrəyliyini ifadə etmək istərdim. İcazə verin, Avropa vətəndaşlarının İrandan təhlükəsiz şəkildə öz ölkələrinə qayıtmasına şərait yaratdığı üçün Azərbaycanın göstərdiyi yardıma görə səmimi minnətdarlığımı çatdırım. Azərbaycan Respublikası Avropa İttifaqının əsas tərəfdaşıdır. Ötən bir il ərzində biz münasibətlərimizi yenidən canlandırmışıq. Bugünkü görüş bizim xüsusilə təhlükəsizlik, enerji, rəqəmsal və nəqliyyat sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinə olan birgə öhdəliyimizin bariz əlamətidir. Təhlükəsizlik və insan haqları da daxil olmaqla, mövcud dialoq mexanizmlərindən tam şəkildə istifadə etmək məqsədilə hazırda biz Avropa İttifaqı ilə Azərbaycan arasında daha sıx əməkdaşlıq üçün yeni çərçivə üzərində işləyirik. Bu, bizim gələcəyə birgə baxışımıza dair güclü siqnal verir. Biz, həmçinin müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığımızı dərinləşdirmək üçün yollar araşdırırıq.

Prezident Əliyevin söylədiyi kimi, enerji təhlükəsizliyi ikitərəfli əməkdaşlığımızın təməlini təşkil edir. Dörd il bundan əvvəl Versalda Avropa İttifaqı Şurası qaz, neft və kömürün təchizatı mənbələrinin şaxələndirilməsinə dair qərar qəbul etdi. Azərbaycan Cənub Qaz Dəhlizi sayəsində bu səylərdə həlledici rol oynadı. Bu gün nəticə göz qabağındadır. İrandakı müharibənin qlobal enerji bazarlarını sarsıtdığı bir vaxtda bizim enerji sahəsində hazırkı tərəfdaşlığımız heç zaman olmadığı kimi daha əhəmiyyətlidir. Avropa İttifaqı Azərbaycanın enerji keçidini dəstəkləmək üçün özəl investisiyaları və maliyyələşməni səfərbər etməyə hazırdır. Biz, həmçinin Avropanın təmiz texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərini sizin geniş planınızda daha fəal iştirak etməyə çağırırıq.

Daşımalar bizim əməkdaşlığımızın başqa bir mühüm sahəsidir. Orta Dəhlizin inkişafı yeni nəqliyyat bağlantıları üçün strateji fürsətdir. Bakı-Naxçıvan dəmir yolu əlaqəsinin tamamlanması bu mənada böyük əhəmiyyət kəsb edəcək. Avropa ilə Asiya arasında ticarət dayanıqlılığını gücləndirməklə biz iş yerləri yarada, artımı stimullaşdıra və iqtisadiyyatlarımızı birlikdə gücləndirə bilərik. Avropa İttifaqı Azərbaycanın dinc, sabit, qarşılıqlı əlaqələrə əsaslanan və çiçəklənən Cənubi Qafqaz hədəfini bölüşür. Ermənistanla sülh prosesində əldə edilən irəliləyiş tarixi əhəmiyyət kəsb edir.

Vaşinqton razılaşmaları sizin dialoq və barışığa sadiqliyinizi əks etdirir. Avropa İttifaqı bu razılaşmaların həyata keçirilməsinin dəstəklənməsində sizin yanınızdadır.

Biz həqiqi sülhün təkcə siyasi razılaşmalar, Sizin dediyiniz kimi kağız üzərində yox, insanların gündəlik həyatları, iqtisadi-ticari əlaqələr və ortaq rifah üzərində qurulduğunu bilirik. Qarşılıqlı iqtisadi asılılığın gücləndirilməsi uzunmüddətli sabitliyə aparan birmənalı yoldur və Avropa İttifaqı hamının faydası üçün bu imkanlardan yararlanmağa kömək etməyə hazırdır. Azərbaycanın regional rolu heç vaxt görünmədiyi qədər önəmlidir. Mən İranda və Yaxın Şərqdə baş verən, sizə çatmış təhlükəli hərbi eskalasiya fonunda üzləşdiyiniz çağırışları bilirəm. İcazə verin, bir daha Avropa İttifaqı adından Azərbaycan və onun xalqı ilə tam həmrəy olduğumuzu ifadə edim.

Biz bu yaxınlarda İran tərəfindən Naxçıvan hava limanına edilmiş hücumu qətiyyətlə pisləyirik. Regional sabitliyi və təhlükəsizliyi Beynəlxalq Millətlər Təşkilatının və beynəlxalq hüququn prinsiplərinə tam riayət edərək qorumaq zəruridir. Avropa İttifaqı bütün gərginliyi azaltmaq və vətəndaşları qorumaq üçün dialoq və diplomatiya vasitəsilə bütün tərəfdaşlarla işləməyə sadiqdir. Vəziyyətin daha da kəskinləşməsi təkcə Yaxın Şərqi deyil, Avropanı və daha geniş dünyanı təhlükə altına atır.

Bununla belə, cərəyan edən son hadisələr beynəlxalq hüquqa zidd olaraq zorakı fəaliyyətin narahatedici tendensiyasını bildirir. Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi artıq beşinci ildir ki, davam edir. Bu müharibə Avropa üçün ekzistensial təhlükə olaraq qalır və qlobal miqyasda vəziyyəti poza biləcək amildir.

Qlobal sabitsizlik fonunda aramızdakı əlaqələri gücləndirmək heç zaman olmadığı qədər vacibdir. Biz 2028-ci ildə Azərbaycanın Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi etməsini səbirsizliklə gözləyirik.

Sonda icazə verin, bir daha vurğulayım ki, Avropa İttifaqı bu günün çağırışlarını sabahın fürsətlərinə çevirmək üçün Azərbaycanla işləməyə sadiqdir. Sizin rəhbərliyiniz zəruridir və bizim tərəfdaşlığımız güclüdür. Biz onu xalqlarımızın rifahı naminə birlikdə daha da genişləndirə bilərik.

Növbəti aylarda Sizi Brüsseldə qəbul edəcəyimə ümid edirəm.

Çox sağ olun, cənab Prezident.

***

Azərbaycan qaz hasilatını artırmağı planlaşdırır.

Mia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, energetika Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin əsas hərəkətverici qüvvəsi olub və olacaq.

***

Avropa İttifaqı (Aİ) Ermənistanla sülh gündəliyi məsələsində Azərbaycanı dəstəkləyir.

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesindəki irəliləyiş yüksək qiymətə layiqdir:

"Sülh iki ölkənin xalqlarına çox yaxşı təsir edir. Azərbaycanın regional gündəlikdəki rolu da artır".

***

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Prezidenti İlham Əliyevi apreldə Brüsselə səfərə gözlədiyini bildirib.

Mia.az xəbər verir ki, Aİ Şurasının Prezidenti Antonio Koşta bunu Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışı zamanı deyib: "Gələn ay sizi Brüsseldə qəbul etmək imkanını səbirsizliklə gözləyirəm".

***

Bu gün Prezident İlham Əliyev Bakıya səfər edən Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə təkbətək görüşüb.

Mia.az xəbər verir ki, əvvəlcə dövlət başçısı və Antonio Koşta birgə foto çəkdiriblər.






img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA