"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN  ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)

img

11-03-2026 [17:01]


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədr müavinləri - Əvəz Qocayev və Hüsnü Quliyev vəzifələrindən kənarlaşdırılma xəbəri təkzib edilib.

Bu barədə Mia.az-a AAYDA-dan rəsmi məlumat verilib.

Məlumatı olduğu kimi təqdim edirik:

"Bəzi kütləvi informasiya vasitələrində və sosial media platformalarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bir sıra əməkdaşlarının işdən çıxarılması ilə bağlı həqiqətə uyğun olmayan, əsassız və təhrif olunmuş məlumatlar yayılmaqdadır.

Bununla bağlı bir daha bildiririk ki, Agentlikdə kadr məsələləri Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyinə və daxili normativ sənədlərə uyğun şəkildə tənzimlənir. Hər hansı dəyişiklik və ya qərar yalnız qanunvericiliyin tələbləri əsasında həyata keçirilir.

Eyni zamanda bəzi media resurslarında Agentliyin İdarə Heyəti sədrinin iki müavininin də işdən azad edilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır. Bildiririk ki, Agentliyin İdarə Heyəti sədrinin müavinlərinin vəzifəyə təyin olunması və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə həyata keçirilir. Bu səbəbdən həmin iddialar reallığı əks etdirmir.

Mətbuat nümayəndələrini və ictimaiyyəti yalnız rəsmi mənbələrə istinad etməyə, dəqiqləşdirilməmiş və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırırıq. Qurumun işgüzar nüfuzuna xələl gətirən əsassız məlumatlarla bağlı qanunvericiliyə uyğun hüquqi qiymət veriləcəkdir".

***

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədr müavinləri - Əvəz Qocayev və Hüsnü Quliyev vəzifələrindən kənarlaşdırılıb.

Mia.az Demokrat.az-a istinadla xəbər verir ki, bu addımın atılmasına səbəb sözügedən şəxslərin Dövlət Avtomobil Yolları Agentliyində fəaliyyəti dövrünün yoxlanılması ilə bağlıdır.

Yoxlamalar AAYDA-nın sabiq rəhbəri Saleh Məmmədovun fəaliyyətinə də şamil olunub.

Sözügedən şəxslərin və Saleh Məmmədovun AAYDA-da çalışan qohumlarının yaxın günlərdə tutduqları vəzifədən də azad olunacağı gözlənilir.

Qeyd edək ki, Əvəz Qocayev və Hüsnü Quliyev Saleh Məmmədovun əsas kadrları hesab olunurlar.

Xatırladaq ki, Vüsal Nəsirli 6 fevral 2026-cı ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin yeni sədri təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA