Döyülən baz redaktor Cavid Ələsgəroğlu mətbuat konfransı keçirdi

img

18-09-2009 [06:31]


Xəbər verdiyimiz kimi, sentyabrın 13-ü gecə saat 2-30 radələrində ?Ayan? qəzetinin təsisçi və baş redaktoru Cavid Ələsgəroğlu (Şirəliyev) yaşadığı binanın qarşısında naməlum şəxslər tərəfindən döyülüb. Bu gün baş verənlərlə bağlı RATİ-nin ofisində mətbuat konfransı keçirən jurnalist bildirdi ki, həmin gün gecə saatlarında siqaret çəkmək üçün evlərindən çıxıb. Həyətdəki bağçada siqaret çəkən zaman üç nəfər şəxs ona yaxınlaşaraq heç bir söz demədən döyməyə başlayıblar. Hadisə nəticəsində kəllə-beyin travması aldığını, alnına dəyən zərbələrdən üz nahiyyəsindən ağır xəsarət aldığını, habelə bu zərbələrdən huşunu itirdiyini deyən baş redaktor onu döyənlərin kimliyini müəyyən edə bilməyib. ?Gecə qaranlıqda üç nəfərin mənə yaxınlaşdığını gördüm. Əvvəlcə elə zənn etdim ki, siqaret çəkmək üçün gəlirlər. Mənə yaxınlaşan zaman onlardan ikisi bir kənarda dayandılar. Biri isə əlini başımın arxasına qoyaraq, qəfil bir yumruq vurdu. Aldığım zərbədən huşumu itirdim. Həmin şəxslərin kim olduğunu da bilmirəm. Yalnız deyə bilərəm ki, hər üç nəfər hündürboylu və idmançı idilər?. Ələsgəroğlu döyülməmişdən öncə izləndiyini də bildirdi. O qeyd etdi ki, hələ bir-neçə ay əvvəl qara rəngli ?Prado? markalı maşın onu izləyib. Bu barədə isə MTN və DİN rəhbərliyinə təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müraciət edib. ?DİN-də ictimai təhlükəsizlik idarəsinin rəsmisi Bağır Bağırov bu müraciətdən sonra məni qəbul etdi. Və bildirdi ki, məsələ ilə bağlı araşdırma aparacaqlar. Ancaq bu müraciətlərimə baxmayaraq, təhlükəsizliyimin təmini ilə bağlı heç bir iş görülmədi?. Baş redaktor hadisənin kimlər tərəfindən törədilə biləcəyi barədə də fikirlərini səsləndirib. O qeyd edib ki, hal hazırda bununla bağlı kimsədən şübhələnmir. Ancaq başına gələnlərin peşə fəaliyyəti ilə bağlı olduğunu vurğulayıb. ?Mənim döyülməyimin səbəbi şübhəsiz peşə fəaliyyətimlə bağlıdır. Çünki şəxsi zəmində kimsə ilə mübahisəm olmayıb. Ümumiyyətlə, dava-dalaşı sevən adam da deyiləm. Hesab edirəm ki, bütün bunlara səbəb son dövrlər rəhbəri olduğum ?Ayan? qəzetində ayrı-ayrı məmurlar haqqında sərt tənqidi məqalələr olub. Həmin sırada bir sıra məmurların adları çəkilir. O cümlədən sərt tənqidi məqalələrdən biri də DİN rəhbəri Ramil Usubov haqqında yazılıb. Bəzi həmkarlarım bunu əlində əsas tutaraq, mənim döyülməyimi Ramil Usubovla bağlamaq istəyirlər. Amma bu yanlış yanaşmadır. Çünki əlimdə hər hansı bir tutarlı arqument yoxdur ki, kimisə ittiham edim?. Bəzi mətbuat orqanlarında gedən yazılarda barəsində yazılanlara təəssüfləndiyini deyən Cavid Ələsgəroğlu vurğulayıb ki, bu, jurnalist həmrəyliyindən daha çox, şəxsi və qrup maraqlarının ifadəsidir. ?Mən heç bir açıqlamamda hansısa məmuru konkret olaraq ittiham etməmişəm və şübhələndiyimi də deməmişəm. Bəzi qəzetlər götürüb yazırlar ki, bu işi ya Ramil Usubov, ya da Kəmaləddin Heydərov həyata keçirib. Bu yanlış yanaşmadır. Bəzi həmkarlarım od yanmayan yerdən tüstü çıxarmağa çalışırlar. Onlardan ricam budur ki, mənim adımdan nə yanlış bir informasiya versinlər, nə də kimlərisə ittiham etsinlər?. Hal hazırda polis tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırma aparıldığını və istintaqın Nəsimi Polis İdarəsində həyata keçirildiyini deyən Ələsgəroğlu müstəntiq Müşfiq Qubadovun onunla işlə bağlı mütəmadi görüşdüyünü vurğulayıb. O bildirib ki, işin obyektiv aparılacağına və cinayətin açılacağına böyük ümidlər bəsləyir. ?Ümid edirəm ki, istintaq işə obyektiv yanaşacaq və cinayətin üzəri açılacaq. Bunu mənə müstəntiq də söz verib ki, tez bir zamanda hər şey aydınlaşacaq. Hər halda gözləməkdən başqa çıxış yolum da yoxdur?. İndiyə qədər dəfələrlə həmkarlarının döyüldüyünü dilə gətirən baş redaktor cinayətkarların cəzasız qalması səbəbindən jurnalistlərin hələ də təqib və təzyiqlərə məruz qalmaqda davam etdiyini bildirib. ?İndiyə qədər neçə-neçə jurnalist həmkarım döyülüb. Onların başına gələn bu hadisələrin əksəriyyətinin üzəri açılmayıb. Qaldırılan cinayət işlərini toz basıb. Fikrimcə, bu gün Azərbaycanda jurnalistlərin təzyiq və təqiblərə məruz qalması, döyülməsi də məhz bu cəzasızlıqdan irəli gəlir. Əgər indiyə qədər belə cinayətlərin üstü açılsaydı, o zaman mənim və digər həmkarlarımın başına bu cür işlər gəlməzdi?. Sonda ?Ayan? qəzetinin sahibi onu da bildirdi ki, hazırda başına gələnlərlə bağlı özü də müəyyən araşdırmalar aparır. ?Biz də öz növbəmizdə araşdırma aparırıq. Bütün versiyaları yoxlayırıq, şübhəli məqamları dəqiqləşdiririk. Düzdür, hələlik tutarlı bir nəticəmiz yoxdur. Ancaq yaxın vaxtlarda yəqin ki, bəzi ip ucları tapacağıq. Qısa zaman kəsiyində döyülməyimin kimlər tərəfindən həyata keçirildiyi və sifariş edildiyi barədə mətbuata geniş açıqlama verə bimləcəyimizi düşünürəm?. Qaynar

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA