?Qızılbaz? Gəncləri Maarifləndirmə ictimai Birliyi gənclərlə təlimləri davam etdirir

img

18-09-2009 [05:26]


?Qızılbaş? Gəncləri Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə ?Nədən başlamalı? Məcburi köçkün gənclər üçün peşə və iş seçimi üzrə intensiv təlimlər? mövzusunda layihəni davam etdirir. Təşkilatın rəhbəri Elnur Məmmədli bildirib ki, layihə çərçivəsində Füzuli və Beyləqan rayonunda artıq bir neçə tədbir keçirilib, məcburi köçkün gənclərin problemləri araşdırılıb. Füzuli rayonunun Qayıdış və Beyləqan rayonunun Xocavənd qəsəbələrində aparılan araşdırmalar nəticəsində bəlli olub ki, buradakı gənclərin böyük əksəriyyəti işsizdirlər. Hər birində 10 mindən artıq əhalisi olan qəsəbələrdə yaşayan yüzlərlə gənc öz ixtisaslarına uyğun iş tapmaqda əziyyət çəkirlər. E.Məmmədlinin sözlərinə görə, bu gün bir çox ölkələrində hələ də bir qrup insanların gündəlik qazancı 1 ABŞ dollarından aşağıdır: ?Azərbaycanda isə Ermənistanla baş vermiş müharibədən sonra bu problem daha da qabarıb. Gənclər üçün iş tapılanda belə bu onların həyatında iqtisadi stabilliyə nail olmur. İşləyən gənclərin də tam əksəriyyəti dünya və Avropa standartları ilə müqayisədə çox aşağı maaşın müqabilində normadan artıq işləyir. Onların böyük bir hissəsi iş yeri ilə ya müvəqqəti əmək müqaviləsi bağlayır, ya müqavilələri ümumiyyətlə olmur, ya da qanunsuz olaraq çalışırlar?. E.Məmmədli bildirib ki, aparılan araşdırmalar problemdən çıxış yolunun olduğunu göstərir: ?Bu sahədə gənclərin özlərinin ata biləcəyi addımlar da mövcuddur. Məcburi köçkün gənclərin daimi iş yeri ilə bir anda təmin olunası prosedur baxımdan çətindir. Ona görə də onlar üçün ən azından aralıq məşğuliyyətin tapılması mümkündür. Bu məşğuliyyət növü isə elə seçilməlidir ki, həm gənclərin hər hansı peşə üzrə təcrübələrinin artmasına, həm də müəyyən qədər məvacib almasına səbəb olsun?. E. Məmmədli bildirib ki, işsizlik problemini məhz kənd təsərrüfatının hesabına da həll etmək mümkündür. ?İndiki reallıqları nəzərə alaraq Azərbaycanda da kənd təsərrüfatında gənclərin işlə təminatı bölgə gəncləri üçün bir nömrəli məsələ olmalıdır. Bu həmçinin, paytaxta və digər bölgələrə miqrasiyanın qarşısını alar, rayonların boşalması problemi yaranmaz?. Təşkilat sədri gənclərə keçirilən seminarlarda onların özlərinin də problemdən çıxış yolu göstərdiklərini deyib. Gənclər qəsəbələrdə ərazidə ən azından idman zallarının, Gənclər Evinin və həmçinin Gənclərin Məşğulluq Mərkəzinin, kompüter mərkəzinin yaradılması, ingilis dili kurslarının açılması, elektron mağaza, stomatoloji və tibb məntəqələrinin yaradılması təklifləri ilə çıxış ediblər. E.Məmmədlinin sözlərinə görə, ?Qızılbaş? GMİB bölgədəki sahibkarların gənclərə yardım etməsi təşəbbüsü ilə çıxış edib və bununla bağlı bölgə sahibkarlarına müraciət ünvanlayıb. Müraciətdə sahibkarların diqqətinə hazırda dünyada gedən maliyyə böhranının ağır nəticələri çatdırılıb. Qeyd edilib ki, onsuz da əvvəlki illərdə də işsizlik problemi ilə qarşılaşan Azərbaycan gəncləri bu problemin acısını indi daha çox çəkirlər. Xüsusilə də alnına qaçqın və məcburi köçkün həyatı yaşamaq yazılmış gənclər bu problemin qarşısında aciz duruma düşüblər. Torpaqlarının 20 faizi işğal altında olan xalqın övladları işsizlik, məişət problemləri ilə yüklənərsə, həmin vətəndaşların torpaqların işğaldan azad olunması barədə düşünəcəyini gözləməyin sadəlövhlük olduğu da müraciətdə öz əksini tapıb: ??Qızılbaş? Gəncləri Maarifləndirmə İctimai Birliyi Füzuli rayonunun Qayıdış və Beyləqan rayonun Xocavənd qəsəbələrində gənclər arasında apardığı araşdırmalara görə bu ərazidə yaşayan gənclərin böyük əksəriyyətinin işsiz olduğu ortaya çıxıb. Baxmayaraq ki, həmin gənclər işləmək, öz ailələrinə qazanc gətirmək, hər hansı bir sahə, sənət üzrə ixtisaslaşmaq istəyirlər, onların bu arzuları bir sıra hallarda həyata keçmir. Bu zaman isə həmin gənclərin nəinki vətənə və dövlətə, öz ailələri üçün belə gərəkli işlər görəcəyinə ümidləri azaldır?. Sahibkarlara üz tutan təşkilat bu gənclərin taleyinin imkanlı vətəndaşdan asılı olduğunu vurğulayıb: ?Biz Sizlərin hər birinə müraciət edərək həmin gənclərin iş yerləri ilə təmin olunmasında, onların iş bacarıqlarının qiymətləndirilməsində yaxından iştirak etməyinizi, öz müəssisələrinizdə gənclərin işləməsi üçün müəyyən kvotanın ayrılmasını xahiş edirik. Bəlkə də bu gənclərə veriləcək kiçik bir şans onların həyatında böyük bir dəyişikliyə səbəb olacaq. Əgər Siz bu şansı əsirgəməsəniz, o zaman dövlət və millət qarşısında da böyük xidmət göstərmiş olarsınız?. İctimai Birlik layihə çərçivəsində fəaliyyətini davam etdirəcək və yuxarıda qeyd olunan şəraitlərin yaradılması, həmçinin, qəsəbələrdə musiqi məktəblərinin açılmasının təmin olunması ilə bağlı aidiyyatlı dövlət qurumlarına da müraciət edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA