17-09-2009 [03:39]
Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının növbəti iclası 16 sentyabr 2009-cu ildə keçirilib. MŞ sədrinin müavini Umud Rəhimoğlunun rəhbərlik etdiyi komissiyanın üzvləri 5 müraciəti araşdıraraq müvafiq rəylər veriblər.
Müstəqil İnformasiya Agentliynin xəbərinə görə, öncə Yeni Azərbaycan Partiyasının ?Azadlıq? qəzetinə qarşı şikayətinə baxılıb. YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib ki, nəşrin şikayət doğuran ?YAP sədri böyrəyini satır? (23-24 avqust 2009-cu il) sərlövhəli məqaləsi yalnız müxbir fantaziyasının məhsuludur və orada göstərilənlər həqiqəti əks etdirmir.
İclasda bildirilib ki, ?Azadlıq? qəzetindəki sözügedən məqalədə siyasi çalarlar açıq şəkildə duyulmaqdadır. Siyasi mübarizədə isə belə vasitələrdən istifadə yolverilməzdir. Bu, narazı tərəfin, mövcud halda YAP-ın nüfuzuna zərbə vurmağa yönəlib. Məqalədə haqqında yazılan şəxsin hansısa xoşagəlməz duruma düşməsində partiyanın adını qabartmaq meylləri məntiqi məna yükü daşıya bilməz.
?Azadlıq? qəzetinin baş direktoru Azər Əhmədov da məsələ ilə bağlı fikirlərini bildirib. Komissiya üzvləri ona yazıda barəsində söhbət açılan şəxsin məqalənin qələmə alındığı günlərdə Şəkidə YAP-ın ilk təşkilatlarından birinin sədri olub-olmadığı ilə bağlı sual ünvanlayıblar. A.Əhmədov bu məsələyə aydınlıq gətirməkdə çətinlik çəkib. O, mövzunun belə təqdimatında siyasi motivlərin əsas götürüldüyünü deyib.
Komissiya üzvü, Azəri Press Agentliyinin baş direktoru Vüsalə Mahirqızı məqalədə həmçinin ?Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları?nın müvafiq prinsiplərinin pozulduğuna diqqət yönəldib. Onun sözlərinə görə, qəzet mövzunun təqdimatında bu sərlövhəni seçərkən cəmiyyətdəki ictimai nüfuzunu nəzərə alaraq YAP-ın da mövqeyini öyrənməli idi. Çünki prinsip etibarilə nəşrin materialın dərcindən başlıca məqsədin məsələni YAP-la bağlamaq olduğu aşkar duyulmaqdadır.
?Azərbaycan? qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, ?İki sahil? qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, ?Paralel? qəzetinin baş redaktoru Tapdıq Abbas çıxışlarında ?Azadlıq? qəzetində dərc edilən materialda peşə prinsiplərinin pozulduğunu bildiriblər. Komissiya qəzetə növbəti sayında təkzib verməyi və qarşı tərəfdən üzr istənilməsini tövsiyyə edib.
Sonra Türkiyənin Azərbaycandakı Səfirliyinin ?Təzadlar? qəzetində gedən ?Hulusi Kılıç baş redaktorlara rüşvət təklif edib?? və ?Hadisə Serj Sarkisyanın oğluna ərə gedir?? (hər iki yazı 5 sentyabr 2009-cu il) sərlövhəli yazılarla bağlı şikayətinə baxılıb. Səfirliyin mətbuat müşaviri Bülənt Uğur bildirib ki, Türkiyənin Azərbaycandakı Səfirliyi ölkədə mətbuatla sıx əlaqələrin qurulmasını özünün başlıca fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirir. Bütün dövrlərdə də belə olub. ?Təzadlar? qəzetində gedən məqalə isə təkcə səfirliyi nüfuzdan salmağa deyil, eyni zamanda qarşılıqlı əməkdaşlığa da zərbə vurmağa yönəlib.
?Təzadlar? qəzetinin baş redaktoru Asif Mərzili məsələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə də müraciət ünvanladığını diqqətə çatdırıb. Komissiya üzvlərindən T.Abbas həmin müraciətlə tanış olduğunu və orada Türkiyə səfirinin ünvanına məqalədə iddia edilən tərzdə ittiham səslənmədiyini vurğulayıb. O, qeyd edib ki, həmin üslub məqalənin təqdimatı zamanı da gözlənilməliydi. Digər komissiya üzvü B.Sadıqov qəzetin materialındakı iddianın açıq ittiham xarakteri daşıdığını önə çəkib.
Komissiya üzvləri müzakirələrdən sonra ?Təzadlar? qəzetinin fəaliyyətinə dair fikirlərini bildiriblər. Onlar müxtəlif vaxtlarda qəzetə Şura adından xəbərdarlıqların olunduğunu deyiblər. Lakin nəşrin hazırkı iş prinsipləri bundan nəticə çıxarılmadığını söyləməyə əsas verir. Belə ki, mətbuat orqanının şikayət doğuran birinci yazısı ictimai fikirdə yanlış təsəvvür yaratmağa, səfirliyi nüfuzdan salmağa və siyasi missiya daşıyan şəxsi ləkələməyə yönəlib. Məsələ ilə bağlı komissiyanın müvafiq ölçü götürməsi üçün iki təklif səslənib: birinci, ?Təzadlar? qəzeti barədə sərt qərarın çıxarılmasına ehtiyacın duyulmadığı, nəşrə fəaliyyətində dönüş yaratması üçün növbəti imkanın verilməsi, ikinci, ?Təzadlar?ın adının MŞ-nin ?reket? KİV-lər üçün tərtib etdiyi ?qara siyahı?ya salınması. İclasda bununla bağlı səsvermə keçirilib. Birinci təklifin lehinə 1, əlehinə 6 səs verilib. İkincinin lehinə 6, əleyhinə 1 səs verilib. Beləliklə, komissiya ?Təzadlar? qəzeti barədə müvafiq qərarın qəbulu üçün çıxardığı rəyin Şuranın İdarə Heyətinə təqdim olunmasını məqsədəmüvafiq sayıb.
?Təzadlar? qəzetində gedən ikinci yazı ilə bağlı əlavə araşdırmalara ehtiyac duyulduğundan komissiya hələlik məsələyə rəy verməyib.
İclasda müzakirə edilən daha bir məsələ ilə əlaqədar bildirilib ki, ?Reytinq? qəzetindəki ?Qadağan olunmuş meyvə? (6 sentyabr 2009-cu il) sərlövhəli yazıda respublikanın xalq artistləri Arif Babayevin və Mənsum İbrahimovun şərəf və ləyaqətinə toxunan, işgüzar nüfuzlarına xələl gətirən fikirlər qabarıq formada verilib. Komissiya üzvü, ?İki sahil? qəzetinin baş redaktoru V.Rəhimzadə istər A.Babayevin, istərsə də M.İbrahimovun Azərbaycanda musiqi sənətinin inkişafındakı xidmətlərinə bu sayaq kölgə salmaq faktlarının yolverilməzliyini vurğulayıb və məsələ ilə bağlı Şuranın səlahiyyətləri çərçivəsində sərt ölçü götürülməsinin vacibliyini önə çəkib.
İclasda cavabdeh qismində çıxış edən ?Reytinq? qəzetinin redaktoru Seymur Verdizadə iradlarla razılaşıb və nəşrin Şuranın çıxaracağı qərara hörmətlə yanaşacağını bildirib.
Komissiya üzvləri belə rəyə gəliblər ki, ?Reytinq? qəzeti xalq artistləri A.Babayev və M.İbrahimovdan üzr istəməli, təkzib verməlidir. Həmçinin oxşar şikayətlərin çoxluğu nəzərə alınaraq MŞ adından qəzetə yazılı xəbərdarlıq bildirilməlidir.
İclasda Biləcəri bələdiyyəsinin sədr müavini Ərəstun Kərimovun ?Azərbaycan dünyası brifinq? və ?Xəbər xətti? qəzetlərinə qarşı şikayətlərinə də baxılıb. Belə qənaətə gəlinib ki, MŞ-nin ?qara siyahısı?nda yer alan ?Gün? qəzetinin baş redaktoru olmuş Elnur Vaqifoğlu peşə etikası ilə bir araya sığmayan üslubuna bu iki nəşrdə də sadiq qalmaqdadır. Komissiya ?Xəbər xətti? qəzetində şikayətçi Ə.Kərimov barədə verilən anonsu, mövzunun ?Azərbaycan dünyası brifinq?də silsilə şantaj xarakterli yazılarla davamını, həmin sayların zərflə bələdiyyə sədrinin müavininə göndərilməsini ?reket? jurnalistikanın təzahür formaları kimi dəyərləndirib. Şikayətlər üzrə Komissiya ?Azərbaycan dünyası brifinq? və ?Xəbər xətti? qəzetlərinin ?reket? elan olunması ilə bağlı Şuranın İdarə Heyətinə müvafiq təqdimat verilməsi barədə rəyə gəlib.