LAÇIN YOLUNDAKI AKSİYANIN 20-Cİ GÜNÜ: maşınlar sərbəst hərəkət edir (Yenilənib)

img

31-12-2022 [21:07]


Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Şuşadan keçən Xankəndi-Laçın yolunda etiraz aksiyasının ərazisində bayram konserti keçirilir.

Mia.az xəbər verir ki, ekofəallara və könüllülərə dəstək vermək üçün musiqiçilər və DJ aksiyanın keçirildiyi əraziyə gəliblər.

Onlar milli və vətənpərvərlik ruhunda musiqilər ifa edirlər.

Hazırda aksiya iştirakçılarının əhval-ruhiyyələri yüksək səviyyədədir.

***

Laçın yolunda aksiya keçirən azərbaycanlılar bu gün Rusiya sülhməramlılarına məxsus daha 8 maşının rahat hərəkət etməsinə şərait yaradıblar.

Mia.az xəbər verir ki, avtomobillər Xankəndidən Laçın və ya əks istiqamətə hərəkət ediblər.

***

Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 2 təminat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Mia.az xəbər verir ki, maşınlar Xankəndidən Laçın istiqamətinə keçib.

***

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi gündür davam edir.

Mia.az xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiyada gecə boyu da heç bir insident baş verməyib.

Etirazçılar həmişəki kimi bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.

Hazırda havanın şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA