KƏLBƏCƏR İSTİQAMƏTİNDƏ GƏRGİNLİK ARTIR, İKİ YARALIMIZ VAR: 3 erməni hərbçi isə ölüb, 2-si yaralanıb - MN-dən sərt xəbərdarlıq (YENİLƏNİB)

img

28-07-2021 [09:58]


İyulun 28-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində başladığı təxribatın qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri davam edir.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölmələrimiz tərəfindən qarşı tərəfin atəş nöqtələrinin neytrallaşdırılması istiqamətində zəruri addımlar atılıb: "Ermənistan ərazisində guya mülki obyektlərə zərərin yetirilməsi barədə xəbərlər yalandır və sırf dezinformasiya məqsədi daşıyır. Ermənistan hərbi-siyasi rəhbərliyi ənənələrinə sadiq olaraq Ermənistan ictimaiyyətini və beynəlxalq aləmi çaşdırmaq üçün yalan məlumatlar yaymaqda davam edir.

Ermənistanın hərbi-siyasi rəhbərliyini iki ölkənin dövlət sərhədində hərbi avantüra məqsədi daşıyan təxribatlar və vəziyyəti qəsdən gərginləşdirmək əməllərindən çəkinməyə və sivil qaydada dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırırıq.

Bir daha bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azərbaycan Respublikasının sərhədlərinin toxunulmazlığını təmin etmək üçün Ermənistanın bütün təxribatlarının qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır".

***

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində təxribat törətməyə davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, iyulun 28-i saat 00:50 radələrindən başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub:

"Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur.

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür. Bir daha qeyd edirik ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin artırılmasına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür",

***

Ermənistan Silahlı Qüvvələri hərbçilərinin Azərbaycanla dövlət sərhədində atəşkəsi pozduqları üçün görülən cavab tədbirləri nəticəsində 3 erməni hərbçi ölüb, 2-si yaralanıb.

“Sputnik Armeniya” xəbər verir ki, itki barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

 Ermənistan Müdafiə Nazirliyinin yerli vaxtla saat 08.30-a olan məlumatına görə, Ermənistan tərəfdən 3 hərbçi ölüb, 2-si yaralanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA