QARABAĞ ZONASINDA DAHA İKİ NƏFƏR MİNAYA DÜŞDÜ - Ölən və ağır xəsarət alan var (YENİLƏNİB)

img

08-07-2021 [18:41]


Xəbər verildiyi kimi, iyulun 8-də 2 nəfər şəxsin Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Füzuli rayon prokurorluğundan Mia.az-a bildirilib ki, prokurorluq və polis əməkdaşları tərəfindən Minatəmizləmə Agentliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Araşdırmalarla müəyyən edilib ki, iyulun 8-də Füzuli rayon sakinləri 1976-cı il təvəllüdlü Nuriyev Nuru Aslan oğlu və 1982-ci il təvəllüdlü Həşimov Elnur Aydın oğlu rayonun işğaldan azad edilmiş Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşüb, nəticədə Nuru Nuriyev hadisə yerində vəfat edib, Elnur Həşimovun isə sol ayağı amputasiya edilib.

Faktla bağlı Füzuli rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.

****

Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərinə qanunsuz gedərək minaya düşən şəxslərdən biri həlak olub.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

Onun sözlərinə görə, hər iki şəxs minaya düşdükləri yerdən çıxarılıb: “Nuru Nuriyev həlak olub. Onun meyiti ərazidən çıxarılıb. Minaya düşən digər şəxs - Elnur Həşimov isə hər iki ayağını itirib. Polislər onu da ərazidən təhlükəsiz formada çıxarıb xəstəxanaya təhvil veriblər.

Qeyd etmək istəyirəm ki, polis və Daxili Qoşunların əməkdaşları öz həyatlarını təhlükəyə ataraq hər tərəfi minalanmış əraziyə daxil olublar”.

Qeyd edək ki, iyulun 8-də Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimov nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşüb.

***

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir ki, belə təhlükəli səfərlər də onların minaya düşərək ya həlak olmaları, ya da ömürlük şikəst qalmaları ilə nəticələnir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, bu gün- iyulun 8-də Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimov nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşərək ağır bədən xəsarəti alıblar.

Hazırda onların hadisə yerindən təhlükəsiz əraziyə çıxarılması üçün polis əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları və ANAMA-nın mütəxəssisləri tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirlir.

Onu da qeyd edək ki, bu gün minaya düşərək ağır bədən xəsarəti alan Nuru Nuriyev hələ fevral ayında işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərərkən polis əməkdaşları tərəfindən saxlanılmış və inzibati qaydada 30 sutka həbs olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA