ELDAR HƏSƏNOVUN VƏZİYYƏTİ AĞIRLAŞDI, O, DTX-nin HOSPİTALINA KÖÇÜRÜLDÜ: "Eldar müəllim deyir ki, bu..."

img

02-07-2021 [19:03]


"Hüquqlarını müdafiə etdiyim Eldar Həsənov bu gün stasionar qaydada müayinə, müalicə və cərrahiyyə əməliyyatları aparılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürüldü".

Mia.az xəbər verir ki, bu sözləri hazırda həbsdə olan sabiq səfir Eldar Həsənovun vəkili Cavad Cavadov sosial şəbəkədəki hesabında yazıb.

Vəkil əlavə eidb ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi 07 may 2021-ci il tarixli (Məhkəmə Qaydalarının 39-cu maddəsinə uyğun olaraq verilmiş) Qərarına əsasən, Eldar Həsənov stasionar qaydada DTX-nin Tibb Hospitalına yerləşdirilməklə, komleks qaydada müayinə, müalicə, cərrahiyyə əməliyyat keçirilməli idi: 

"Həmin qərar onun icrasına məsul olan şəxslər tərəfindən yerinə yetirilməmişdir.

Müraciətimiz əsasında Avropa İnsan Hüquqları Məhkəməsi 23 iyun 2021-ci il tarixdə əvvəlki qərarını daha da sərt formada təkrarladı və təcili olaraq Eldar müəllimin stasionara yerləşdirilməsini tələb etdi. Lakin təcili olaraq stasionar qaydada xəstəxanaya yerləşdirilməsi və zəruri müalicə, cərrahiyyə əməliyyatların aparılmasını nəzərdə tutan sonuncu qərarın da icrası buna məsul olan cavabdeh şəxslər tərəfindən bu günə qədər ləngidildi və yalnız bu gün Eldar müəllim xəstəxanaya köçürüldü. Nəticədə, onun səhhəti bu müddətdə daha da ağırlaşmışdır. Yaxın vaxtlarda onu ola bilər ki, bir yox, bir neçə ağır əməliyyat gözləyir.

Eldar Həsənov bildirir ki, Avropa Məhkəməsinin qərarının icrasının ləngidilməsi, icra edilməməsi və yekunda onun səhhətinin ağırlaşmasına şərait yaradılması, buna məsul olan cavabdeh şəxsin ona qarşı illərdir davam edən düşməçiliyinin, qisasçılığın nəticəsidir.

Eldar Həsənovun DTX-nin İstintaq Təcridxanasının personalına, o cümlədən tibb heyətinə onun həyatda qalması üçün etdikləri bütün addımlarına görə təşəkkürünü bildirməsini xahiş etdi.

MÜdafiə tərəfi olaraq ümid edir ki, onun səhhətinin ağır formada olması nəzərə alınaraq yaxın vaxtlarda həbs qətimkan tədbiri dəyişdiriləcəkdir".

Qeyd edək ki, Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.

Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.

Səbail rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra onun barəsində aparılan cinayət işinin istintaqı DTX-dan alınaraq Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə həvalə edilib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA