VƏKİLLƏRİN CƏRİMƏLƏNMƏSİ İLƏ BAĞLI YENİ QANUN QƏBUL OLUNDU, VİTSE-SPİKERDƏN MESAJ: "...bütün şəxslər və vəkillər cərimələnəcək" (YENİLƏNİB)

img

02-07-2021 [14:00]


Məhkəmə işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və şikayətlər verərək işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkilləri 500 manatadək cərimə edə biləcək.

Mia.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılmış Mülki Prosessual Məcəlləyə təklif edilən yeni - 174.5-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilməlidir.

Qanun layihəsi səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, əvvəlki redaksiyada dəyişiklik məhkəmənin açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə etməsini nəzərdə tuturdu.

***

“Mülki Prosessual Məcəlləyə təklif edilən maddə yeni redaksiyada veriləcək”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Əli Hüseynli Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.

O bildirib ki, məhkəmə işə düzgün və tezliklə baxılmasına aşkar surətdə mane törədən şəxsləri, işdə iştirak edənləri və ya vəkilləri cərimələyəcək: “Qeyd olunurdu ki, niyə yalnız vəkilləri nəzərdə tutulurdu. Bu artıq aradan qaldırıldı, bütün tərəfləri nəzərə alacağıq. İkinci narazılıq yaradan məsələ rüsumlarla bağlı idi. Pulsuz hüquqi yardımla bağlı qanunun təqdim olunması nəzərdə tutulur. Bu, baş verəndən sonra həmin narazılıq aradan qalxmış olacaq”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA