Prezident Şuşa ilə bağlı yeni sərəncam verdi

img

22-06-2021 [14:35]


Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsi sisteminin müasir tələblərə uyğun təşkili işlərinin davam etdirilməsi, bu prosesin mütəşəkkil qaydada həyata keçirilməsi, habelə “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin müsbət təcrübəsindən istifadənin əhatə dairəsinin genişləndirilməsi məqsədilə belə qərar alınam:

1. Şuşa şəhərinin ərazisində əmələ gələn bütün bərk məişət tullantılarının yığılmasını, daşınmasını, yerləşdirilməsini və zərərsizləşdirilməsini “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti həyata keçirsin.

2. “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 8, maddə 750; 2010, № 7, maddə 610; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:

2.1. adında “Bakı şəhərində məişət” sözləri “Məişət” sözü ilə əvəz edilsin;

2.2. preambula üzrə:

2.2.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasında əldə edilən sosial-iqtisadi nailiyyətlər yaşayış məntəqələrinin müasir şəhərsalma və tikinti fəaliyyətinin prinsipləri əsasında inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsinə zəmin yaratmışdır.”;

2.2.2. dördüncü abzasda “Bakı şəhərində məişət” sözləri “Məişət” sözü ilə əvəz edilsin;

2.3. 2-ci hissəyə “zərərsizləşdirilməsi” sözündən sonra “, həmçinin Bakı şəhərinin Qala qəsəbəsinin və Şuşa şəhərinin ərazisində əmələ gələn belə tullantıların yığılması və daşınması” sözləri əlavə edilsin;

2.4. 4-cü hissəyə “Bakı şəhərinin ərazisində” sözlərindən sonra “(Qala qəsəbəsi istisna olmaqla)” sözləri əlavə edilsin;

2.5. 6-cı hissədə “Əmlak Məsələləri Dövlət Komitəsi” sözləri “İqtisadiyyat Nazirliyi” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA