Ağdamda itkin düşən şəxsin minaya düşdüyü bəlli oldu - Rəsmi məlumat yayıldı

img

17-06-2021 [10:37]


İyun 7-də Ağdam rayon sakini 1978-ci il təvəllüdlü Cəsarət Hətəmxanovun itkin düşməsi, daha sonra iyunun 16-da Ağdam rayonunun işğaldan azad olunmuş ərazisində meyitinin aşkar edilməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Ağdam Rayon Prokurorluğundan Mia.az-a bildirilib ki, aparılan araşdırmalarla Cəsarət Hətəmxanovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olması müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

Ağdamda itkin düşən şəxsin minaya düşdüyü məlum olub.

Bu barədə Ağdam Rayon icra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, 10 gündən çoxdur itkin düşən Cəsarət Hətəmxanov rayonun işğaldan azad olunmuş Seyidli kəndi ərazisində minaya düşərək həlak olub.

Onun meyiti iyunun 16-da hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tapılıb.

C.Hətəmxanovun nəşi Quzanlı qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ağdamın Seyidli kənd sakini C.Hətəmxanov Quzanlı qəsəbəsində yaşayırdı. O, bu ayın əvvəlində Seyidli kəndinə gedib, daha sonra geri qayıtmayıb. Həmin gündən C.Hətəmxanovla əlaqə itib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA