LAÇINDA İKİ SƏRHƏDÇİ VƏFAT ETDİ - DSX və prokururluq təfərrüatı yaydı (YENİLƏNİB)

img

17-06-2021 [09:28]


İyun ayının 16-da saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzası baş verib.

DSX-dən Mia.az-a bildirilib ki, sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında “MAZ” markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.

Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oglu vəfat ediblər.

Hadisə ilə əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə ilkin araşdırma tədbirləri həyata keçirilir.

***

Laçın rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının qəzaya düşərək şəhid olması ilə bağlı cinayət işi başlanılıb.

Hərbi Prokurorluğunun Mətbuat xidmətindən bildirilib ki, 16.06.2021-ci il tarixdə Laçın rayonu ərazisində hərəkətdə olan "Maz" markalı yük avtonəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində DSX-nin hərbi qulluqçuları baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu ölüb.

Məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 351.3-cü (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA