Milli Qəhrəman Mübariz ibrahimovun meyiti qaytarıldı

img

06-11-2010 [03:12]


Bu gün Azərbaycan və Ermənistanın təmas xəttində, Ağdam-Bərdə yolunun üzərində, işğal altındakı Baş Qərvənd kəndi yaxınlığında hər iki tərəfdən olan meyitlərin dəyişdirilməsi prosesi həyata keçirilib. Proses Beynəlxalq Qızıl Xaç Komitəsininin vasitəçiliyi ilə baş tutub. Meyitləri qaytarılan hərbçilərimiz Milli Qəhrəman Mübariz İbrahimov və baş leytenant Fərid Əhmədovdur. BQXK-nın Bərdə ofisinin başçısı Elen Plenevo ANS PRESS-ə bildirib ki, ?cəsədlərin qaytarılması kədərli hadisə olsa da, vəfat etmiş şəxslərin ailələri öz əzizlərini dəfn edib onlara yas tuta biləcəklər". "Biz Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar repatriasiya prosesinin son vaxtlar intensivləşməsinə sevinirik", - deyə o əlavə edib. Bu həftənin əvvəlində neytral vasitəçi qismində çıxış edən BQXK, bütün aidiyyəti olan tərəflərin razılığına əsasən Ermənistanda saxlanılan bir nəfər mülki şəxsin və bu ilin oktyabr ayında Bakıda vəfat etmiş Ermənistan vətəndaşının cəsədini repatriasiya edib. Qeyd edək ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan hərbçilərinin meyitinin qaytarılması ilə bağlı rəsmi məlumat yayıb. Dövlət Komissiyasının yaydığı məlumata görə, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyası Prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində, Azərbaycan Respublikasının Tərtər rayonu istiqamətində Ermənistan hərbçilərinin hücumunu dəf edərkən 18 iyun 2010-cu il və 4 sentyabr 2010-cu il tarixdə şəhid olmuş Azərbaycan hərbçiləri - İbrahimov Mübariz Ağakərim oğlu və Əhmədov Fərid Güloğlan oğlunun meyitləri 6 noyabr 2010-cu il tarixdə qarşı tərəfdən alınıb. Həmin gün həmçinin, 18 iyun 2010-cu il tarixdə Tərtər çayından tapılmış erməni meyiti qarşı tərəfə qaytarılıb. İdentifikasiya prosesində meyitin Ağdərə rayonu, Maqadis kənd sakini, 1924-cü il təvəllüdlü Arustamyan Qavruşa Xaçaturoviçə aid olduğu müəyyənləşdirilib. İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib. Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar. Prezident İlham Əliyevin sərəncamı ilə M. İbrahimova Azərbaycanın Milli qəhrəmanı adı verilib. Oktyabrın 27-də Rusiya Federasiyasının Həştərxan şəhərində bu ölkə prezidenti Dmitri Medvedev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə prezidentlər birgə Bəyannamə imzalayıblar. Bəyannamədə hərbi əsirlərin dəyişdirilməsi və ölənlərin meyitlərinin ləngimədən qaytarılması öz əksini tapıb. Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı bəyannamənin icrasına ötən gündən start verilib. İlk olaraq Ermənistan tərəfindən əsir götürülən Eldar Tağıyev ötən gün Azərbaycana təhvil verilib. Proses Azərbaycan-Ermənistan qoşunlarının Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı təmas xəttində, Qazax-İcevan yolunun üzərində yerləşən neytral zonada həyata keçirilib. Azərbaycan isə erməni hərbçi Manvel Mamikonoviç Sarıbekyanın meyitini Ermənistana təhvil verib. İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR