Elmar Məmmədyarov Pakistanın xarici izlər nazirini qəbul edib

img

16-06-2010 [04:10]


İyunun 15-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Pakistanda bir günlük işgüzar səfərdə olub. Xarici İşlər Nazirliyindən (XİN) MİA-ya verilən məlumata görə, səfər zamanı E.Məmmədyarov Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qureyşi və Pakistan Senatının Sədri Faruq Həmid Naek ilə görüşüb. E.Məmmədyarov, həmçinin Azərbaycanın Pakistan İslam Respublikasındakı yeni səfirlik kompleksinin rəsmi açılış mərasimində iştirak edib. Pakistanın Xarici İşlər Nazirliyində keçirilən görüşdə tərəflər ölkələr arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib və mövcud əməkdaşlığın bütün sahələrdə geniş perspektivlərə malik olduğunu qeyd edib. Tərəflər Azərbaycan və Pakistan arasında dərin tarixi köklərə malik əlaqələrin olmasını vurğulayaraq, hər iki ölkənin rəhbərliyi tərəfindən bu əlaqələrə xüsusi diqqət yetirildiyini bildirib, müxtəlif məsələlərə münasibətdə iki ölkənin bir-birinə göstərdiyi qarşılıqlı dəstəyi yüksək qiymətləndiriblər. Pakistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı dəstəklədiyini qeyd edən nazir, ölkəsinin bu mövqedə bundan sonra da qalacağını və bütün beynəlxalq təşkilatlarda bu məsələ ilə bağlı tələb olunan dəstəyin veriləcəyini vurğulayıb. Nazir M. Qureyşi Azərbaycan tərəfinə Pakistanı Kəşmir məsələsində dəstəklədiyinə görə minnətdarlığını bildirib. Öz növbəsində E.Məmmədyarov Azərbaycan-Pakistan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu və bunun səmərəli istifadə olunmasının ölkələrarası münasibətlərin dərinləşməsinə daha da təkan verəcəyini söyləyib. Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycan Respublikasının ədalətli mövqeyinin Pakistan tərəfindən dəstəkləməsinin yüksək qiymətləndirildiyini də vurğulayıb. E.Məmmədyarov Azərbaycanla Pakistanın bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini xüsusi vurğulayaraq, Azərbaycanın Kəşmir məsələsində BMT-nin müvafiq qətnamələrinin yerinə yetirilməsinin tərəfdarı olduğunu da söyləyib. Söhbət zamanı ölkələr arasında iqtisadi əlaqələrin aşağı səviyyədə olduğu qeyd olunaraq onların siyasi əlaqələrin səviyyəsinə qaldırılması və bunun üçün hökumətlərarası komissiyanın işindən də səmərəli istifadə edilməsinin vacibliyi bildirilib. Eyni gündə nazir E.Məmmədyarov Pakistan İslam Respublikasının Senatının sədri Faruq Həmid Naek ilə görüş keçirib. Senatın sədri xalqlar arasında oxşarlıq olduğunu qeyd edərək, iki ölkə münasibətlərinin getdikcə genişləndiyini və bu baxımdan Azərbaycan və Pakistan rəsmilərinin qarşılıqlı səfərlərinin böyük əhəmiyyət kəsb etdiyini ifadə edib. Öz növbəsində nazir E.Məmmədyarov parlamentlərarası əlaqələrin vacibliyini vurğulayaraq, bu baxımdan deputatların qarşılıqlı səfərlərinin faydalılığını və əhəmiyyətini həmsöhbətin nəzərinə çatdırıb. Keçən il Pakistanın Kəşmir vilayətində Heydər Əliyev fondu tərəfindən hədiyyə olaraq inşa edilmiş 400 nəfərlik orta məktəbin binasının açılışında həm də Azərbaycan Parlamentinin bir qrup üzünün iştirakı bu əlaqələrin vacibliyinin və intensivliyinin əyanı sübutu kimi qiymətləndirilib. Günün ikinci yarısında Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı və qayğısı ilə İslamabadın diplomatik şəhərciyində hökumətimizin aldığı torpaq sahəsində 2007-ci ildə inşasına başlanmış və 2009-cu ilin noyabrında istifadəyə verilmiş səfirlik kompleksinin rəsmi açılışını keçirib. Tədbir E. Məmmədyarovun qırmızı lenti kəsməsi və Səfirliyin foyesində ictimai xadim Heydər Əliyevin büstü önünə gül çələngi qoyması ilə başlanıb. Tədbirdə millət vəkilləri, senatorlar, ölkənin tanınmış ziyalıları, dövlət və hökumət adamları, ölkədə fəaliyyət göstərən səfirlik və nümayəndəliklərin rəhbərləri, diplomatlar, ictimai xadimlər və mətbuat nümayəndələri iştirak ediblər. Səfirlik kompleksi inzibati bina, iqamətgah, əməkdaşların yaşayış binası, qonaq evləri, mərasimlər salonu, idman otaqları və sair imkanlara malikdir. Həmin gün xarici işlər naziri səfərinə yekun vurub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA