Mətbuat katibini bıçaqlayan keçmş əri sirkə içib - "Evə qalxanda Tural liftin qarşısında onların önünü kəsib" (VİDEO) - YENİLƏNİB

img

07-10-2025 [11:25]


Oktyabrın 6-da saat 18 radələrində Şirvan şəhər sakini 1986-cı il təvəllüdlü Lamiyə Qanbayevanın "bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları" diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Şirvan şəhər prokurorluğunun Mia.az-a məlumata görə, aparılmış araşdırma zamanı 1988-ci il Tural Qanbayevin kəsici-deşici alətlə xəsarətlər yetirməklə Lamiyə Qanbayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

T.Qanbayev hadisədən sonra sirkə turşusu içərək özünü öldürməyə cəhd edib, hazırda xəstəxanada stasionar müalicəsi davam edir, vəziyyəti ağırdır.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

***

Şirvanda keçmiş həyat yoldaşı, “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Lamiyə Qanbayevanı bıçaqlayan şəxs intihara cəhd edib.

Mia.az-ın APA-ya istinadən məlumatına görə, oktyabrın 6-sı keçmiş həyat yoldaşına 11 bıçaq zərbəsi vuran 1986-cı il təvəllüdlü Şirvan sakini Tural Əlvan oğlu Qanbayev sirkə turşusu içib.

O, Şirvan şəhər xəstəxanasına yerləşdirilib və polis nəzarətinə götürülüb.

Qeyd edək ki, T. Qanbayev hadisəni törətdikdən sonra gizləndiyi üçün hüquq-mühafizə orqanları tərəfindən axtarılırdı.

***

TƏBİB-dən bildirilib ki, 1988-ci il təvəllüdlü şəxs (kişi) bu gün saat 08:30 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Sirkə turşusundan zəhərlənmə diaqnozu təyin edilən pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

***

Şirvan Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayeva əri tərəfindən fiziki zorakılığa məruz qalaraq xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı zərərçəkənin dayısı Vüqar Ağayev açıqlama verib.

“Bir həftə əvvəl rəsmi boşanıblar. Bu gün qız işdən qayıdanda anası və iki uşağı da yanında olub. Evə qalxanda Tural liftin qarşısında onların önünü kəsib. Çünki bilirdi ki, Lamiyəgilin qapısında təhlükəsizlik kameraları var. Birinci 11 bıçaq vurub, sonra başını divara çırpıb. Başını kəsmək istəyəndə qız başını qaçırıb, bıçaq ağız nahiyəsini də kəsib. Hadisə uşaqların gözü qarşısında olub”.

Qeyd edək ki, cinayət əməlini törətməkdə şübhəli bilinən L.Qanbayevanın keçmiş həyat yoldaşı 1986-cı il təvəllüdlü Tural Qanbayevin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA