Patriarx II İlyanı kim zəhərləmək istəyib? - Gürcüstanda şok əməliyyat

img

13-02-2017 [21:13]


"Gürcüstanda çox ağır bir cinayətin qarşısı alınıb. Düşünürəm ki, bu, bizim ölkəmizin nüfuzuna ciddi zərbə vuracaq bir cinayət olacaqdı".

Bu sözləri yüksək rütbəli din xadimini öldürməyə hazırlıqda ittiham olunan Gürcüstan Patriarxlığının əmlakın idarəedilməsi üzrə xidmətin rəhbəri və müqəddəs Anna və İoakim adına tibb mərkəzinin direktoru Mamaladze Georgi Atanın həbsi ilə bağlı faktı şərh edərkən Baş nazirin müavini, energetika naziri Kaxa Kaladze söyləyib.

K.Kaladze deyib ki, hazırlanmış planın həyata keçirilməsi təkcə kilsəyə və ya pravoslav icmaya deyil, bütövlükdə Gürcüstanın nüfuzuna, ölkədə sülhə və sabitliyə zərbə olardı:

"İstintaqın nəticələrini gözləmək lazımdır. Yaxın günlərdə hər şey tam açıqlanacaq, cinayətin bütün iştirakçıları bəlli olacaq və onlar öz cəzalarını alacaqlar".

Gürcüstanın Baş prokuroru İrakli Şotadze bildirib ki, fevralın 2-də ölkə vətəndaşı Gürcüstan Baş Prokurorluğuna müraciət edərək Georgi Mamaladzenin ondan insan həyatı üçün təhlükəli olan sianid maddəsi tapmasını istəyib:

"Bundan sonra prokurorluq faktı araşdırmağa başlayıb. İstintaqın gedişi zamanı müəyyən edilib ki, Georgi Mamaladze həqiqətən həmin şəxsdən qısa müddətdə zəhərli maddəni tapmasını istəyib, qarşılığında ona pul ödəməyə hazır olub. Baş prokurorun sözlərinə görə, G.Mamaladze sianidi əldə etdikdən sonra hazırda patriarxın müalicə aldığı Almaniyaya getməyi planlaşdırıb".

Məlumat üçün bildirək ki, bütün Gürcüstanın katolikos-patriarxı II İlya fevralın 13-də Almaniyada cərrahiyyə əməliyyatı olunub. Əməliyyat uğurlu keçib. Ona mədəaltı vəzinin iltihabı diaqnozu qoyulub.

Azərtac


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA