Qarışan İran və ya yolu kəsilən Türkiyə... - ELXAN ŞÜKÜRLÜ YAZIR

img

07-01-2026 [22:38]


Elxan ŞÜKÜRLÜ

***

Hər dəfə Türkiyə ilə İran arasında yaxınlaşma meylləri, Suriyada, İraqda, Livanda və Fələstində birgə hərəkət, əməkdaşlıq imkanları yaranan kimi, ya İranı qarışdırırlar, ya da Türkiyədə hansısa fövqəladə hadisə baş verir.

Diqqət yetirin: İranın mərhum prezidenti İbrahim Rəisinin 2023-cü ildə iki dəfə təxirə salınan Türkiyə səfəri 2024-cü ilin yanvarın 4-ə razılaşdırılmışdı, hər iki tərəfdə də ciddi hazırlıqlar aparılırdı.

Ancaq 2024-cü ilin yanvarın 3-də Kirmanda İŞİD-in əliylə böyük bir terror hadisəsi təşkil edildi və səfər 20 gün sonraya ertələndi, həmin aralıqda isə qəfildən ABŞ dövlət katibi Blinken Türkiyəyə gəldi...

Nəticədə, Türkiyə və İranın ABŞ-ın və İsrailin nəzarətindəki kürd qruplaşmalarının silahsızlaşdırılmasına qarşı birgə əməliyyat planları baş tutmadı!

Təxminən, bir ay əvvəl – 2025-ci ilin noyabrın 30-da isə Türkiyənin xarici işlər naziri Hakan Fidanın İrana səfərini və Tehranda keçirdiyi görüşləri də Qərb mediası və analitikləri məhz Türkiyə ilə İran arasında yaxınlaşmada “yeni səhifənin açılması” kimi qiymətləndirirdi.

Gerçəkdən də, Fidanın İran səfəri çox məhsuldar, uğurlu keçmişdi və iki ölkə arasında əməkdaşlığın genişləndiriləcəyinə dair hər iki cinahdan xoş ovqatla qarşılanacaq ciddi bəyanatlar səsləndirilmişdi.

Məsələn, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin Hakan Fidana türkcə xitabən sosial şəbəkələrdə geniş yayılan belə bir paylaşımı olmuşdu: “Öz evinizə xoş gəlmisiniz! Türkiyə və İran arasında daha çox əməkdaşlığın baş tutacağına ümid edirəm”.

Hakan Fidan isə həmkarı Abbas Ərakçi ilə birgə keçirdiyi mətbuat konfransında açıq şəkildə bəyan etmişdi ki, İsrailin genişlənmə siyasəti bölgə ölkələrinin təhlükəsizliyinə əsas təhdid mənbəyidir və bu təhlükəyə qarşı da Türkiyə və İran birgə hərəkət etməlidir.

Bu, İranın çoxdan gözlədiyi bəyanat idi.

Eyni zamanda, Hakan Fidan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfərinin hazırlandığını və geniş əməkdaşlıq üçün bu səfərin çox önəmli olacağının anonsunu vermişdi...

Ən önəmlisi, Fidanın səfərindən sonra belə bir gözlənti var idi ki, PKK-nın Suriya və İraqdakı bölmələrinin, həmçinin elə İranın öz daxilindəki əsas qolu olan PJAK-ın silahsızlaşdırılması üçün Türkiyə və İranın müvafiq qurumları birgə əməliyyatlara başlayacaqlar.

Birgə əməliyyatlar isə Suriyanı, İraqı, İranı və Türkiyəni “Böyük Kürdüstan” ideyasıyla zəhərləyən ABŞ və İsrailin maraqlarına ziddir.

Hazırda İranda sosial-iqtisadi zəmində başlamış etirazların kütləvi iğtişaşlara və hakimiyyət dəyişikliyi prosesinə çevrilməsində də məhz ABŞ və İsrailin dəstəklədiyi kürd silahlıları ciddi rol oynayır. ABŞ və İsrail məhz onların əliylə Türkiyə və İranın yaxınlaşmasının qarşısını daha bir müddət almağa çalışırlar.

İrandakı soydaşlarımızın bu iğtişaşlarda iştirak etməməsi də hadisələrin arxasında duran gerçəkləri, xüsusən də iğtişaşların genişlənməsinin təkcə İranın yox, elə Türkiyə və Azərbaycanın da zərərinə olacağını bilmələriylə bağlıdır.

Necə deyərlər, qonşunun evinə od düşübsə, sən də təhlükədəsən! Üstəlik, o ev həm də sənin qardaşınındırsa, deməli, sən o odun körüklənməsində yox, söndürülməsində hamıdan daha çox maraqlı olmalısan!

P.S. Yazı müəllifin Feysbuk-dakı səhifəsindən götürülüb!

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA