«Binə» və «Sədərək» yaxınlığında bağlanmış Bakı dairəvi yolunda milyonlar necə mənimsənilir ? - Reportaj

img

11-07-2014 [13:07]


Müstəqilliyin ilk illərində «Aeroport» yarmarkası adı ilə fəaliyyət göstərən ticarət mərkəzi hələ də yaddaşlardan silinməyib. Əslində həmin bazarın təyyarələrin enib qalxdığı aeroporta heç bir aidiyyəti yox idi. Sadəcə, bazar «Binə» aeroportuna yaxın ərazidə yerləşdiyi üçün bu adı daşıyırdı. Həmin ticarət mərkəzi iki böyük bazarı-»Sədərək» və «Binə»ni özündə birləşdirirdi. Azərbaycana neft gəlirlərinin sürətli axınından sonra ölkədə və xüsusilə də paytaxtda böyük quruculuq işləri aparılmağa başladı.
Ölkənin dünyaya çıxışlarından biri sayılan aeroportda da böyük yenidənqurma işləri aparıldı. Təbii ki, bütün bunlar «Aeroport» yarmarkasının taleyinə aydınlıq gətirilməsini zəruri edirdi. Xatırladaq ki, Bakı şəhərinin Baş Planı «Sədərək» və «Binə» yarmarkalarının köçürülməsin vacib və labüd edirdi. Bu işlərə məsul olan şəxslər bildirirdi ki, Baş Plan tərtib olunarkən təyyarə zolağında belə bir ticarət mərkəzinin salınması nəzərdə tutulmayıb və təyyarə zolağında ticarət mərkəzinin olması qətiyyən düzgün deyil.
Nəhayət, 2009-cu ildə bu iki bazar eyni adlarla şəhərdənkənar başqa bir əraziyə köçürüldü. Qaradağ rayonunun ərazisində yeni «Sədərək» və «Binə» tikildi.
Bu komplekslər Bakının ən böyük ticarət mərkəzi hesab edilir. Qeyri-rəsmi məlumatlara görə, «Binə» və «Sədərək» bazarlarında 30 mindən çox adam çalışır. Hər gün yarmarkadan yük dolu yüzlərlə maşın ölkənin müxtəlif rayon və şəhərlərinə yola düşür. Buradan hətta qonşu ölkələrə — İran, Türkiyə, Gürcüstan və Rusiyaya da mal gedir. Yarmarkada Çin, Pakistan və Türkiyədən gəlib burada işləyən yüzlərlə əcnəbiyə də rast gəlmək mümkündür.
Bazarların köçürülməsindən sonra sahibkarlar üçün proseslər heç də rəvan getmədi. Bu müddət ərzində xüsusilə də Kəbirə Məmmədovanın rəhbərlik etdiyi «Binə» bazarında bir neçə dəfə kütləvi etirazlar baş qaldırdı. Hazırda «Binə» adlanan cinayət işi üzrə 10-larla adam həbsdə yatır. Bəllidir ki, ticarət olan yerdə rəqabət də olur. Bu baxımdan da «Binə» ilə «Sədərək» arasında yaşanan rəqabət o qədər də təəccüblü görünməməlidir.
Ancaq əksər hallarda, aparılan bu rəqabətin sağlam olmaması səbəbindən zərər sadə vətəndaşlara, həmin bazarlarda alver edənlərə dəyir. Xüsusilə də «Binə»də…
Bazarda vəziyyət o qədər də ürəkaçan deyil və sahibkarlar kütləvi şəkildə oranı tərk edir. Rəhbərliyin icarə haqqını qaldırmasından sonra artıq yüzlərlə ticarətçi bazarı tərk edib. Halbuki, əvvəllər sahibkarlar ticarət mərkəzində icarəyə götürmək üçün yer tapa bilmirdi. İndi isə vəziyyət 180 dərəcə dəyişib. Bazarda olduğumuz vaxt hər addımbaşı ticarət obyektlərinin üstünə «arendaya verilir» sözü qeyd olunduğu lövhələrə rast gəldik.
Bazarda tacirlər bunu əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə izah edir. Bundan başqa, məsələnin kökündə duran amillərdən biri də şəhərdə geyim dükanlarının sayının artmasıdır. Çünki haradasa 10 il əvvəl paytaxtda geyim dükanları bu qədər çox deyildi. Amma indi hər 5 metrdən bir pal-paltar mağazalarına rast gəlmək olur. Yəni ticarət mərkəzləri əhalinin paltar alması üçün getdiyi yer idisə, artıq buna ehtiyac yoxdur. Bakı sakini yaşadığı evin 2 metrliyindən «Binə» və «Sədərək» bazarında olan qiymətlə fərqlənməyəcək paltarı ala bilir. Üstəlik, bura insanların daha Çin istehsalından qaçmasını da əlavə etsək, adlarını çəkdiyimiz ticarət mərkəzlərinin vəziyyətini təsəvvür etmək çətin olmaz.
Başqa bir məqam isə ondan ibarətdir ki, bundan əvvəl qonşu Gürcüstan və Rusiya bazarları «Binə» və «Sədərək» ticarət mərkəzlərindən aparılan geyim məhsullarının hesabına fəaliyyət göstərirdi. İndi isə, demək olar ki, həmin ölkələrdən bu bazarlara gələnləri barmaqla saymaq olar.
Göründüyü kimi, indi hər iki ticarət mərkəzində vəziyyət tamam başqa cürdür. Yəni sahibkarın satışdan əldə etdiyi gəlir günlük lazım olan xərci ödəməyə yetmir. Belə ki, ticarət mərkəzinin rəhbərliyi tərəfindən yer haqqının artırılması, əlavə vergilərin tətbiqi sahibkarları bazardan qaçırır.
Ancaq sahibkarlara verilən əziyyət yalnız bununla bitmir. Redaksiyamıza həmin bazarlarda işləyən bir qrup şəxs tərəfindən edilən şikayətdən məlum oldu ki, bir aydan artıqdır onların gündəlik istifadə etdikləri yol da təmir bəhanəsi ilə bağlanıb. Vəziyyətin nə yerdə olmasını dəqiqləşdirmək üçün həmin əraziyə yollandıq. Bakı-Astara magistralında «Sədərək»lə «Binə» bazarına getmək üçün yolların kəsişdiyi yerdə yollardan birinin bağlandığını gördük. Yollardan birinə giriş qadağandır işarəsi vurulub. Bağlanan yola tikinti materialları tökülüb.
Guya işlədikləri ilə bağlı təsəvvür yaratmaq istəyən uniforma geymiş fəhlələr başlarını girləməklə məşğuldur. Onlara yaxınlaşıb salamlaşırıq. «Azəryolservis» ASC-nin tərkibində olan MMC-lərdən birinin rəhbəri kimi özünü təqdim edən şəxsdən yolun niyə bağlandığını soruşuruq. Həmin rəhbər işçi deyir ki, bu onun səlahiyyətinə aid deyil:
«Niyə bağlanmasını məndən soruşmayın. Mən bu yolun təmiri ilə məşğulam. Bizi bura göndəriblər ki, gəlmişik. Yol elə də pis vəziyyətdə deyil.
Bir-iki yerdən maşınlar vurub dəmir konstruksiyaları uçurmuşdu. Ancaq bizə tapşırıblar ki, buradan düz «Binə»nin girişinə kimi yolu təmir edək. Bu da bir neçə kilometrdir. Yəqin ki, təmir işləri bir neçə ay çəkəcək».
Qısa bir xatırlatma. Hazırda təmirə bağlanan bu yolun açılışında 2010-cu ildə dövlət başçısı İlham Əliyev şəxsən iştirak edib.O zaman nəqliyyat naziri Ziya Məmmədov məlumat vermişdi ki, paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması, ağır tonnajlı yük avtomobillərinin şəhərə daxil olmadan hərəkətinin təmin edilməsi baxımından bu yolun xüsusi əhəmiyyəti var. Birinci dərəcəli olan əsas yolun uzunluğu 21,5 kilometrdir. İki istiqamətli yerli yolun uzunluğu isə 4,8 kilometrdir. Dairəvi yol hər iki istiqamətdə 3 hərəkət zolağı olmaqla, altı hərəkət zolağından ibarətdir.
Z.Məmmədov əlavə etmişdi ki, bu yol gələcəkdə sayı sürətlə artacaq nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin edəcək.
Qeyd edək ki, Bakı dairəvi avtomobil yolu layihəsi üç hissədən ibarətdir. Birinci və ikinci hissələrdə tikinti işləri tamamlanıb və 2010-cu ilin noyabrında təhvil verilib. Üçüncü hissə isə Lökbatan dairəsindən Ələt-Astara yolunun 22-ci kilometrinə qədər olan sahəni əhatə edəcək. Yol tikintisini Küveyt Fondu, Abu-Dabi Fondu və Azərbaycan hökuməti birgə maliyyələşdirir.
Layihənin yekunlaşmış 21,5 km-lik birinci və ikinci hissəsində Azərbaycan tərəfinin payı 114 milyon manat olub. Azərbaycan hökuməti yolun hər km-nə təqribən 5,3 milyon manat xərcləyib. Lakin burada xarici fondlardan cəlb edilən vəsaitin həcmi göstərilmədiyinə görə layihənin ümumi smeta dəyərinin nə qədər olduğunu demək çətindir.
Bakı dairəvi-2 avtomobil yolunun (Xocəsən-Lökbatan hissəsi) tikintisi isə hələ də davam edir və 2013-cü ilin sonuna kimi 37,6 milyon manat xərclənib.
Yolun hələ ikincisi hissəsinin tikintisi başa çatmamış, birinci hissəsi təmirə dayandırılıb. Bunun üçün Bakı dairəvi avtomobil yolunun bir hissəsi tam bağlanıb.
Yeni təhvil verilmiş və milyonlarla xərc çəkilmiş yolun təmirə hansı zərurətdən dayanması sual doğurur. Təəssüf ki, Nəqliyyat Nazirliyindən və «Azəryolservis»dən bu suallara hər hansı cavab ala bilmədik.
Maraqlısı isə budur ki, bu yolkəsmə əməliyyatından bəzi işbazlar milyonlarla pul qazanır. Bu qazanc heç də yolun tikintisinə ayrılan vəsaitlərin mənimsənilməsindən ibarət deyil. Apardığımız kiçik araşdırmadan sonra bəlli oldu ki, yolkəsmə əməliyyatı mexanizmi elə-belə qurulmayıb və magistralın təmirinin də bu səbəbdən ləngidilməsi istisna deyil. Taksi fəaliyyəti ilə ailəsinə çörək pulu qazanan Mahir adlı sürücü bu prosesi çox əsəbi şəkildə izah etdi»:Qardaş,»Sədərək» bazarına girmək üçün 50 qəpik pul ödəyib girməlisən. Bu əvvəldən belə olub. Ancaq «Binə»nin yolu ayrı idi. Həmin bazara girmək üçün isə pul ödəmək tələb olunmurdu. İndi «Binə»yə gedən alıcılar və satıcılar 50 qəpik ödəməlidir ki, istədikləri yerə gedib çatsın. Cənub rayonlarına gedən vətəndaşlar da 50 qəpik ödəmək məcburiyyətində qalıb». Təmirin aparıldığı ərazidən ayrılıb «Binə» bazarına yollanmaq istəyirik. Yeganə yolun «Sədərək»dən keçdiyini deyirlər. Başqaları kimi biz də ədəb-ərkanla 50 qəpiyimizi ödəyib «Binə» bazarına yollanırıq. Yolüstü «Sədərək»də alver edənlərlə yolun bağlanmasının onlara olan təsiri ilə maraqlanırıq. «Sədərək»də işləyənlər o qədər də narazı deyil. Çünki onlar üçün heç nə dəyişməyib. Nihad adlı mühafizəçi deyir ki, giriş pulsuz olsa, daha yaxşı olar: «Təsəvvür edin ki, bir taksi sürücüsü dörd dəfə müştəri aparırsa, hər birində bazara giriş üçün pul ödəməlidir. Hər avtomobil bir dəfə ödəsə yaxşıdır».
«Binə» bazarında çalışanlar isə bu prosesdən çox narazıdır. Onlar açıq şəkildə bildirir ki, belə getsə, kütləvi etiraz aksiyasına əl atacaqlar. Bazarda xalça satan Elmurad adlı şəxsin sözlərinə görə, bunun məsuliyyətini kimsə daşımalıdır»:Görün, biz neçə dəfə xərcə düşürük? Ödədiyimiz vergilərdə dövlət yol tikintisi üçün vəsait ayırır. Alver etməyimə baxmayın. Mən ali təhsilli adamam. Belə şeylərlə maraqlanıram. Ən bahalı yol bizdə çəkilir. Demək keyfiyyət də ən super olmalıdır. İndi yol çöküb. Demək ziyana düşən biz olduq. Bu azmış kimi, bəziləri gündə 50 qəpikdən yığmaqla cibimizə girir. İnsanları bu dərəcədə incitmək olmaz axı».
Ödəniş məntəqəsində Astaraya gedən Samir adlı bir sürücü pulun ödənməsinə etiraz edirdi, ancaq yolun texniki vasitələrlə bağlanıb açıldığını nəzərə alsaq, məcburiyyətdən xərracı ödəyib keçməli oldu.
Bazarda apardığımız araşdırmadan bəlli oldu ki, bazara girişdən yığılan pullar nazirlərdən (?) birinin oğlunun rəhbərlik etdiyi firmanın nəzarətindədir. Demək Bakı-Astara yolunun yarmarkaya yaxın hissəsində bir güllə ilə iki dovşan vurulur. Çünki yol çəkənlə yol kəsənin büdcəsi eynidir.
Yaranmış vəziyyətlə bağlı Qaradağ Rayor İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışdıq. Baxmayaraq ki, ərazidə sadə adamların da fikirlərinə görə, belə problemin yaranmasında Qaradağ İcra Hakimiyyətindən asılı bir şey yoxdur və tikinti-təmir işinin sifarişçi və podratçısı başqa təşkilatlardır. Lakin gün ərzində etdiyimiz saysız cəhdlərə baxmayaraq, Qaradağ İcra Hakimiyyətindən hər hansı münasibət öyrənə bilmədik. Mövzuya yenə qayıdacağıq.

Məhəmmədəli Qəribli

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:56 23.06.2025

Unun qiyməti açıqlandı

12:36 23.06.2025

Sabah yağış yağacaq