“Müsavat Partiyası heç vaxt hakimiyyətlə..." - İsa Qəmbər iqtidarla gizli mandat bazarlığına gedib?

img

08-05-2024 [17:34]


İsa Qəmbərin Müsavat başqanlığına dönüşü siyasi kluarlarda onsuz da müzakirə edilən erkən parlament seçkiləri mövzusunu daha da aktuallaşdırıb.

İndi həm sosial şəbəkələrdə, həm də müxalifət camiəsində İsa Qəmbərin qayıdışını Müsavat Partiyasının erkən seçkilərə hazırlığı kimi dəyərləndirən müzakirələrə tez-tez rast gəlinir.

Hətta bəziləri daha irəli gedərək iddia edir ki, Müsavat hakimiyyətlə anlaşıb və anlaşmaya görə növbəti parlamentdə adıçəkilən partiya bir neçə mandatla təmsil olunacaq.

Maraqlıdır, bu iddialarda həqiqət payı varmı? Yoxsa, bu sadəcə Müsavatın müxalifət düşərgəsindəki rəqiblərinin tirajlamağa çalışdığı tezisdir?

Mövzuyla bağlı KONKRET.az-a açıqlama verən Müsavat başqanın müavini Razim Əmiraslanlı bunları deyib:

“Müsavat Partiyasının bu yaxınlarda çox möhtəşəm qurultayı oldu. Partiya azad, ədalətli və şəffaf seçkilər keçirməklə Azərbaycanın siyasi sisteminə öz demokratik töhfəsini verdi. Görünən isə odur ki, bu müəyyən qüvvələri narahat edir və nəticədə ünvanımıza heç bir əsası olmayan şər-böhtanlar yağdırırlar”.

Başqan müavini oxşar iddiaların əvvəllər də dövriyyəyə buraxıldığını xatırladıb: “Müsavat Partiyası 2020-ci ilin fevralında keçirilən növbədənkənar parlament seçkilərində iştirak edəndə də belə böhtanlar eşidirdik. O zaman 60 dairədə namizədlərimiz qeydə alındı, amma bir nəfəri belə parlamentə buraxmadılar. Müsavat Partiyası seçkilərdə iştirak etməyə meyilli partiyadır. Hesab edirik ki, ölkədə hakimiyyət dəyişikliyinin yeganə yolu seçkilərdən keçir. Bu da xalqımızın və dövlətimizin maraqlarına uyğundur. Seçkilərdə iştirak edib-etməməklə bağlı qərarı isə Partiyanın Məclisi verəcək. Ölkədə azad, ədalətli, şəffaf seçkilər keçirərsə, namizədlərimizin əksəriyyəti parlamentə düşə bilər”.

Hər seçkiöncəsi Müsavat partiyasının bu cür qaralama kampaniyası ilə üzləşdiyini deyən partiya üzvü, siyasətçi Fərəc Kərimli isə bildirib ki, məqsəd Müsavatı gözdən salmaqdır:

“Müsavat Partiyası heç vaxt hakimiyyətlə hansısa gizli danışıqlara, anlaşmaya getməyib. Partiyamız bundan sonra da özünün doğru bildiklərini edəcək, doğru bildiyi yolla yürüyəcək. O ki qaldı, növbəti parlamentdə guya Müsavata yer veriləcəyinə, ölkədə seçki institutlarının iflic edilməsi demokratik mübarizə imkanlarını minimuma endirir. Belə olan halda Müsavat Partiyasının növbəti parlamentdə ciddi təmsilçilik şansları minimum həddədir”


Digər xəbərlər
SON XƏBƏRLƏR