Şeyxin qızı Kərəm Həsənova qarşı mülk davasına qalxdı - Məhkəmə - ÖZƏL

img

09-06-2014 [13:38]



Mia.az-a Qafqaz Müsəlmanları Ruhani İdarəçinin rəhbəri Şeyx Hacı Allahşükür Paşazadənin qızı, deputat Qalib Salahzadənin isə gəlini olan Xatirə Salahzadənin mülk davası haqda ciddi məhkəmə sənədləri daxil olub.

Mia.az xəbər verir ki, Xatirə Allahşükür qızı Salahzadə Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə rəsmi iddiaçı qismində çıxış edərək, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsini məhkəməyə verib. Maraqlı burasıdır ki, Şeyxin qızı və deputatın gəlini Hacıbala Abutalıbovun başçısı olduğu şəhər icra hakimiyyəti ilə birgə başda Kərəm Həsənovun sədri olduğu Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla, iddia etdiyi mübahisəli torpaq sahəsində fərdi yaşayış evləri tikmiş Seymur İsrafil oğlu Quliyev, Məcid Əliyev, həmçinin tanınmış nüfuzlu şəxslərdən birinə bağlı olan  "İnşaat Servisez” MMC-yə qarşı da iddia qaldırıb.

Mia.az-ın məlumatına görə, Şeyxin qızı Xatirə Salahzadə komitənin müvafiq idarəsi tərəfindən üçüncü şəxs qismində adları çəkilən fiziki və hüquqi şəxslərin adına verilmiş torpaq sahəsi və yaşayış evlərinə dair mülkiyyət hüquqlarının qeydiyyatı sənədlərinin ləğv edilməsini tələb edir: «Artıq Şeyxin qızının iddia ərizəsinə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb. Lakin burada iddia mübahisəsinə son qoyulmayıb. Ona görə də 2-1(103)-933/2014 saylı iş üzər apellyasiya şikayəti verilib».

Məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsində icraata qəbul olunub: «Şeyxin qızı Xatirə Salahzadə ilə Bakı Şəhər İcra Hakimiyyətinin şikayətçi olduğu iş sözügedən məhkəmədə hakim Mirzə Tağızadənin sədrliyi ilə icraata qəbul edilib və araşdırılır».

Müsahibimizin sözlərinə görə, hakim iş üzrə iyunun 11-nə iclas saatı müəyyən edib. 

Mülk davasının məğzinə gəldikdə isə, Mia.az xəbər verir ki, xeyli müddətdir Qalib Salahzadəylə adıçəkilənlər arasında belə bir problem yaşanır: «Doğrudur, rəsmi iddiaçı qismində Şeyxin qızı Xatirə Salahzadə çıxış edir. Amma, əslində, bu işin arxasında şəxsən deputat Hacı Qalib Salahzadənin özü durur. Sadəcə Qalib Salahzadə deputat olduğundan gəlininin adıyla nail olmaq istəyir. Məsələnin ən maraqlı tərəflərindən biri də odur ki, o, Bakı Şəhər İcra Hakimiyyətini də öz iradəsinə uyğun hərəkət etdirməyə nail olub. Görünür, Qalib Salahzadə nəyin bahasına olursa olsun, həmin torpaq sahəsini ələ keçirməkdə qərarlıdır».

Məlumatlı şəxs deyir ki, mübahisəli ərazi Bilgəh qəsəbəsində, A.Salahzadə küçəsi, döngə 21-də yerləşir: «Məsələn, həmin ünvanda cavabdehlərdən Seymur Quliyev ikimərtəbəli şəxsi ev tikib. Amma hələ ötən il deputat Qalib Salahzadə yaxın ətrafı ilə həmin evə hücum edərək, evi sökdürüb. Halbuki, Seymur Quliyevin mülki tam qanuni olub. Onun əlində bütün sənədlər, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsini İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi də var. Lakin bütün bunlar millət vəkili Qalib Salahzadə üçün elə də əhəmiyyət kəsb etmir. O bu ərazinin ətrafında yerləşən digər torpaq sahələrini də alıb. Lakin nə Seymur Quliyev, nə də mərhum Məcid Əliyev (məhkəmədə oglu Nuru təmsil edilir) deputatın istəyinə baş əyməyiblər. Buna görə də ötən ildən Qalib Salahzadə hər iki şəxsin mülklərinə sahib çıxmaq üçün onlara verilmiş sənədləri ləğv etdirmək istəyir. Ki, öz məqsədinə rahatlıqla çatsın».

 

Müsahibimiz deyir ki, Qalib Salahzadənin gözünü var-dövlət hirsi elə qapayıb ki, o, "Paşa Hilding”ə bağlı olan şirkətə qarşı da iddia qaldırmaqdan çəkinməyib: «Məhkəmədə adı fiziki şəxslərlə birgə adı üçüncü şəxs qismində cavabdeh göstərilən "İnşaat Servisez” MMC-nin "PAŞA Holding” MMC-nin törəmə şirkəti olan "PAŞA İnşaat” MMC-yə bağlı olan podratçı şirkətlərindən biridir. Məsələ təkcə bununla da bitmir. Qalib Salahzadə torpaq iddiasını rəsmiləşdirmək üçün bir neçə tanınmış adamın nüfuzuna da xələl gətirməkdən çəkinməyib».

 

Bu məlumatları dəqiqləşdirmək imkanlarımız məhdud olduğundan deyilənlərdən yalnız müvafiq sənədlərdə olan faktları oxucularımızın diqqətinə çatdırdıq. Təəssüf ki, mülk davası ilə bağlı Qalib Salahzadə, fiziki şəxslər, Bakı Şəhər İcra Hakimiyyəti və adıçəkilən komitədən də münasibət öyrənə bilmədik. 


Mövzu ilə bağlı araşdırmalarımız davam etdiriləcək. Yazıda adları çəkilənlərin hər birinin mövqeyini də dinləməyə hazırıq.

 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR