Qardaş Türkiyədə 3 gün matəm elan olundu - Fotolar (yenilənib)

img

14-05-2014 [21:09]


Türkiyənin baş naziri R.T. Ərdoğan Soma faciəsi ilə bağlı televiziya ilə xalqa müraciət edib və mətbuat nümayəndələrinin suallarını cavablandırıb. 

Ərdoğan öz çıxışında vurğulayıb ki, Türkiyə dövlətinin bütün imkanları xilasetmə işlərinə yönləndirilib. Eyni zamanda o, xilasetmə prosesində iştirak edənlərə, dərhal istintaqa başlayan hüquq-mühafizə orqanlarına və Türkiyə ictimaiyyətini baş verən faciə ilə bağlı obyektiv şəkildə məlumatlandıran mətbuat işçilərinə öz təşəkkürünü bildirib.

O, faciə ilə bağlı yanlış məlumatlar və şayiələr yayanlara etibar edilməməsinin vacibliyini də bildirib.

Türkiyənin baş naziri onu da vurğulayıb ki, dövlət faciədən zərərçəkən bütün insanlara və onların ailələrinə lazımi yardımlarını göstərəcək.

Son məlumata görə, mədən faciəsində ölənlərin sayı 238 nəfərə çatıb. Şaxtada daha 120 nəfərin olduğu iddia edilir. Xilasetmə işlərinin bütün gecə ərzində də davam etdiriləcəyi bildirilir(Musavat.com).

*****
17.38

Türkiyənin ana müxalifət partiyası olan CXP-nin lideri Kamal Qılıcdaroğlu mədən faciəsinin baş verdiyi bölgəyə səfər edib. O, faciə ilə bağlı yaranmış vəziyyətlə və xilasetmə işləri ilə maraqlanıb. Türkiyənin enerji naziri Taner Yıldız CXP lideri Kamal Qılıcdaroğluna mövcud vəziyyətlə bağlı geniş məlumat verib.

Xatırladaq ki, Türkiyədəki mədən faciəsi nəticəsində ölənlərin sayı hazırda 232 nəfərə çatıb.


*****
16:48

Türkiyədəki mədən faciəsi nəticəsində ölənlərin sayı 232 nəfərə çatıb. 

Musavat.com-un Türkiyənin Habertürk telekanalına istinadən verdiyi məlumata görə, bir müddət öncə baş nazir Rəcəb Tayyib Ərdoğan da faciənin baş verdiyi mədənin ərazisinə gəlib. Türkiyənin baş naziri orada yetkili şəxslərdən baş vermiş hadisə ilə bağlı son məlumatları alıb.

Habertürk telekanalının xəbərinə görə, hazırda xilasetmə işləri üçün Türkiyə dövlətinin bütün imkanları tam şəkildə səfərbər edilib. Ancaq bununla belə, ölü sayının yenə də arta biləcəyindən narahatlıq davam edir.

Son məlumatlara görə, Türkiyənin ana müxalifət partiyasının - CXP-nin lideri Kamal Qılıcdaroğlunun da faciə bölgəsinə gəlməsi gözlənilir.


*****
12:57

Türkiyədəki mədən faciəsi nəticəsində ölənlərin sayı 205-ə çatıb. Musavat.com-un NTV-yə istinadən verdiyi məlumata görə, bu rəqəmi enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Bakı vaxtı ilə saat 12.30-da səsləndirib. Onun sözlərinə görə, 57 işçi xəstəxanalarda müalicə olunur. Nazir ölənlərin sayının arta biləcəyini istisna etməyib.

***

09.25


Manisada kömür mədənində baş verən partlayış nəticəsində ölənlərin sayı 201-ə çatıb.

APA-nın məlumatına görə, Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Manisada kömür mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayının 201-ə çatdığını bildirib. 
 
Ölən və yaralıların sayının artacağı istisna olunmur.
 
 Partlayış baş verən an şaxtada 787 insan olub. 
 
Trend-in məlumatına görə, nazir Taner Yıldız qeyd edib ki, qəza vaxtı şaxtada 787 nəfər olub. Hələlik yalnız 363 şaxtaçı xilas edilib.

Daha əvvəl 166 nəfərin öldüyü bildirilirdi. Onların dəqiq sayını müəyyənləşdirmək çətindir, çünki partlayış növbə dəyişikliyi zamanı baş verib.

Faciə İstanbuldan 250 km cənubda, Manisa vilayətinin Soma şəhərində özəl şaxtalardan birində, yerin təxminən 2 km dərinliyində baş verib.

İlkin ehtimala görə, hadisəyə qısaqapanma səbəb olub, bu da yanğına və partlayışa gətirib çıxarıb. Partlayış yerində xilasetmə işləri aparılır.

Ölənlərin əksəriyyətinin dəm qazından zəhərləndiyi bildirilir. Hazırda xilasedicilər şaxtanı oksigenlə təmin edirlər.









Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA