HÖKUMƏT  XARİCDƏ OXUMAQ İSTƏYƏN GƏNCLƏRLƏ BAĞLI QƏRAR VERDİ - Qaydalar təsdiqləndi (DETALLAR/CƏDVƏL)

img

03-06-2022 [10:45]


“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda təsdiq edilib.

Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, Qaydada Dövlət Proqramı çərçivəsində xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları müəyyən edilib.

Həmçinin Nazirlər Kabinetinin digər qərarı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydası təsdiq edilib.

Bu Qərar da Prezidentin Sərəncamı ilə təsdiq olunmuş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən qəbul edilib.

Qərar ilə təsdiq edilmiş Qaydada Dövlət Proqramı çərçivəsində xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının təhsil, viza, qeydiyyat, aylıq yaşayış, tibbi sığorta, beynəlxalq nəqliyyat və digər xərclərinin qarşılanması nəzərdə tutulub.

Qaydaya əsasən, Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi təhsil aldıqları xarici ali təhsil müəssisələri tərəfindən müəyyən edilən minimum normativ təhsil müddətində həyata keçirilir. Proqram iştirakçısının minimum normativ təhsil müddətindən artıq müddətdə təhsilinin maliyyələşdirilməsi barədə qərar proqram iştirakçısının minimum normativ təhsil müddətinin bitməsinə azı 6 ay qalmış etdiyi və təhsil müddətinin uzadılmasının səbəbləri göstərilən müraciəti üzrə İdarəetmə Qrupunun təklifləri əsasında Təhsil Nazirliyi tərəfindən qəbul edilir. Təhsil müddəti uzadıldıqda, təhsilin maliyyələşdirilməsi bir semestrdən artıq olmayan müddətdə həyata keçirilir.

Akademik məzuniyyətdə olan dövrdə proqram iştirakçısının xərcləri maliyyələşdirilmir.

Proqram iştirakçılarının təhsil xərcləri təqdim olunan təsdiqedici sənədlər (hesab-faktura və ya digər sənədlər) əsasında xarici ali təhsil müəssisələrinin bank hesablarına köçürülür.

Aylıq yaşayış xərcləri proqram iştirakçısının təhsil aldığı xarici ali təhsil müəssisəsi tərəfindən təqdim edilmiş təhsilin başlanması və bitməsi tarixlərinin göstərildiyi sənədlər əsasında proqram iştirakçılarının bank hesablarına ödənilir. Proqram iştirakçılarının viza rüsumu və təhsil aldıqları ölkədə qeydiyyat xərcləri proqram iştirakçıları tərəfindən bu Qaydaya uyğun olaraq ödənilir. Tibbi sığorta xərcləri xarici ali təhsil müəssisəsi və ya tibbi sığortanın rəsmiləşdirildiyi sığorta şirkəti tərəfindən təqdim edilmiş hesab-faktura və ya digər sənədlər əsasında ödənilir.

Proqram iştirakçısı üçün təyyarə və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletləri proqram iştirakçısının özü tərəfindən əldə edilir, yaxud onun müraciəti əsasında İdarəetmə Qrupu tərəfindən biletlərin satışını həyata keçirən şirkətə sifariş olunur. Təyyarə və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletlərinin İdarəetmə Qrupu tərəfindən sifariş edilməsi üçün proqram iştirakçısı azı 1 ay əvvəldən İdarəetmə Qrupuna müraciət etməlidir. İdarəetmə Qrupu tərəfindən sifariş edilmiş təyyarə və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletlərinin dəyəri onların satışını həyata keçirən şirkətin təqdim etdiyi hesab-faktura əsasında ödənilir.

Proqram iştirakçısının xərcləri özü tərəfindən ödənildiyi halda, həmin xərclərin əvəzi onun təqdim etdiyi təsdiqedici sənədlər (hesab-faktura və ya digər sənədlər, ödənişi təsdiq edən sənəd, beynəlxalq reyslər üzrə ictimai nəqliyyat biletinin minik talonu, elektron bilet və s.) əsasında Nazirliyin maliyyələşdirən quruma təqdim etdiyi sifarişlərin rəsmiləşdirildiyi tarixə qüvvədə olan rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə proqram iştirakçısının bank hesabına ödənilir. Bank və plastik kartların xərcləri təqdim olunan hesab-faktura və digər sənədlər əsasında müvəkkil bankın hesabına köçürülür. Proqram iştirakçılarının təhsil aldıqları xarici ali təhsil müəssisələrinin dəyişdirilməsinə müqavilə ilə müəyyən edilmiş təhsil müddəti saxlanılmaqla və xarici ali təhsil müəssisələrinin seçim meyarlarına uyğunluğu gözlənilməklə, İdarəetmə Qrupunun təklifləri əsasında Nazirlik tərəfindən razılıq verilir.

Proqram iştirakçılarının ixtisas istiqamətlərinin dəyişdirilməsinə yol verilmir.

Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi illik (tədris ili) və ya semestrlər üzrə həyata keçirilir. Proqram iştirakçılarının xərcləri ödənilərkən, valyuta mübadiləsi məzənnələri arasında yaranan fərq bank xərci kimi tanınır. Bank xərcləri, eləcə də bu Qaydada göstərilən sifarişlərin rəsmiləşdirilməsi tarixi ilə faktiki köçürmə tarixinə olan

rəsmi məzənnələr arasında fərqlə bağlı yaranan müsbət və ya mənfi kənarlaşmalar barədə məlumat Dövlət Proqramını maliyyələşdirən quruma təqdim edilir və bu vəsait növbəti ödənişlərdə nəzərə alınır. Proqram iştirakçısı hər hansı səbəbə görə xarici ali təhsil müəssisəsinin olduğu ölkəyə xarici ali təhsil müəssisəsində tədrisin başlanması tarixindən daha gec daxil olduqda və ya həmin xarici ali təhsil müəssisəsində daha gec qeydiyyatdan keçdikdə, onun aylıq yaşayış xərcləri gecikmə müddətinə uyğun olaraq azaldılır.

Proqram iştirakçısı hər semestr və ya tədris ili başa çatdıqdan sonra 1 aydan gec olmayaraq tədris planında nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi barədə təhsil aldığı xarici ali təhsil müəssisəsinin arayışını və qiymət cədvəlini (transkript) İdarəetmə Qrupuna təqdim edir. Proqram iştirakçısının hər semestr və tədris ili başa çatdıqdan sonra tədris planında nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsi barədə müvafiq arayışa və qiymət cədvəlinə (transkript) əsasən akademik borcu olduğu müəyyən edildikdə, proqram iştirakçısının təhsilinin maliyyələşdirilməsi həmin hal aradan qaldırılanadək İdarəetmə Qrupu tərəfindən dayandırılır. Proqram iştirakçısının akademik borcları aradan qaldırıldığı tarixdən onun maliyyələşdirilməsi bərpa edilir.

Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsinə ayrılan vəsaitlərdən istifadənin monitorinqi aparılacaq.

Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsinə ayrılan vəsaitlərdən istifadənin monitorinqinin aparılması üçün İdarəetmə Qrupu başa çatmış hər təqvim ili üzrə 1 aydan gec olmayaraq maliyyələşdirən quruma həmin qurumun ayırdığı vəsaitdən istifadə haqqında hesabat təqdim edir. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsinə ayrılan vəsaitlərdən istifadə haqqında hesabatın forması maliyyələşdirən qurumla razılaşdırılmaqla Nazirlik tərəfindən müəyyən edilir.

****

Dövlət Proqramı iştirakçılarının bakalavriat səviyyəsi üzrə seçimi meyarları müəyyənləşib.

Qərara əsasən, Proqram iştirakçılarının bakalavriat səviyyəsi üzrə seçimi aşağıdakı meyarlar üzrə aparılır:

-namizədin cari tədris ilində ümumtəhsil müəssisələrinin buraxılış sinfində (XI sinif və ya xaricdə təhsil aldıqda müvafiq buraxılış sinfi) təhsil alması və ya tam orta təhsilə malik olması;

-namizədin xarici ali təhsil müəssisəsinə qəbul olunması;

-namizədin xarici ali təhsil müəssisəsində bakalavriat səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisasın Təhsil Nazirliyi tərəfindən müəyyən olunan prioritet ixtisas sahələri və nüfuzlu xarici
ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısında göstərilən ixtisasa uyğun olması;

-namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa çərçivə sənədinə (The Common European Framework of Reference for Languages – CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMER) malik olması;

-namizədin ölkənin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu üzrə aparılan qəbul imtahanları çərçivəsində müraciət etdiyi sahəyə uyğun olaraq texniki və texnoloji, təbiət, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət, əsas (baza ali) tibb təhsili və xüsusi təyinatlı ixtisas qrupları üzrə yekun olaraq ən azı 400, digər sahələr üzrə ən azı 550 bal toplaması;

-təhsil almaq istədiyi ixtisas sahəsi üzrə namizədin bilik və bacarıqları;

-namizədin məntiqi mühakimə yeritmək bacarıqları;

-namizədin kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti.
Proqram iştirakçılarının magistratura səviyyəsi üzrə seçimi isə aşağıdakı meyarlar üzrə aparılacaq:

-namizədin cari tədris ilində ali təhsil müəssisələrinin sonuncu tədris ilində təhsil alması və ya bakalavr ali peşə-ixtisas dərəcəsinə malik olması (xaricdə ali təhsil aldıqda kvalifikasiyasının tanınması);

-namizədin xarici ali təhsil müəssisəsinə qəbul olunması;

- namizədin xarici ali təhsil müəssisəsində magistratura səviyyəsi üzrə təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisasın Nazirlik tərəfindən müəyyən olunan prioritet ixtisas sahələri və nüfuzlu xarici
ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısında göstərilən ixtisasa uyğun olması;

-namizədin təhsil alacağı xarici ali təhsil müəssisəsinin tədris dilini dillər üzrə ümumavropa çərçivə sənədinə (The Common European Framework of Reference for Languages - CEFR) uyğun olaraq ən azı C1 səviyyəsində bilməsinə dair beynəlxalq səviyyəli dil sertifikatına (ALPT, DUOLINGO, CILS, DELE, DELF, HSK, IELTS, JLPT, TestDAF, TOEFL, TOPIK, TÖMER) malik olması;

-namizədin bakalavriat təhsil səviyyəsi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixl 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən müəyyən edilmiş Ümumi Orta Müvəffəqiyyət Göstəricisinin (ÜOMG) 81 bal və ya ondan yuxarı olması (və ya xaricdə ali təhsil aldıqda digər qiymətləndirmə şkalaları üzrə ekvivalentliyin təmin olunması);

-təhsil almaq istədiyi ixtisas üzrə namizədin bilik və bacarıqları;

-namizədin məntiqi mühakimə yeritmək bacarıqları;

-namizədin kommunikasiya bacarıqları, özünəinam və inandırma qabiliyyəti.

Proqram iştirakçılarının seçimi prosedurları məlum olub.

-Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 noyabr tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023- cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsasən Nazirliyin nəzdində yaradılmış Dövlət Proqramının idarəetmə qrupu (bundan sonra – İdarəetmə Qrupu) tərəfindən namizədlərin bu Qaydada göstərilən şəkildə təqdim etdiyi sənədlər əsasında onların bu Qaydada göstərilən meyarlara uyğunluğu qiymətləndirilir.

-Namizəd Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqə- dənkənar qəbulu Şərtləri”nin 5-ci hissəsinə uyğun olaraq beynəlxalq təhsil proqramları üzrə müəyyən edilmiş keçid ballarının minimum və maksimum hədləri aralığında nəticəyə malikdirsə, namizədə bu

Qaydanın tələbləri tətbiq edilməyərək meyarların uyğunluğu qiymətləndirilir.

-Namizədin akademik göstəricisi beynəlxalq səviyyədə tanınan imtahan (SAT və ya ACT) üzrə ən yüksək göstəricinin 75 faizi miqdarında və ya ondan yuxarıdırsa, namizədə bu Qaydanın 2.1.5-ci yarımbəndinin tələbi tətbiq edilməyərək meyarların uyğunluğu qiymətləndirilir.

Bu Qaydanın 3.2-ci bəndində göstərilən qaydada təqdim etdiyi sənədlər əsasında meyarların uyğunluğu müəyyən olunan namizədlərin bu Qaydanın 2.2.7-ci, 2.2.8-ci yarımbəndlərində göstərilən meyarlara uyğunluğu bu Qaydanın 4-cü hissəsinə əsasən aşkarlıq şəraitində şəffaf üsullarla keçirilən müsahibə vasitəsilə qiymətləndirilir.

2.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın əlavəsində göstərilən beynəl- xalq fənn olimpiadalarının ən azı birindən qızıl, gümüş və ya bürünc medal ilə təltif olunmuş namizədlərin bu Qaydada göstərilən meyarlar üzrə qiymətləndirilməsi aparılmır və onlar bu Qaydada göstərilən meyarlara uyğunluğun qiymətləndirilməsinin nəticələrinə görə proqram iştirakçısı seçilirlər.

-Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyun tarixli 1354 nömrəli Fərmanı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin qalibi olmuş namizədlərin bu Qaydada göstərilən meyar üzrə qiymətləndirilməsi aparılmır və onlar bu Qaydada göstərilən meyarlara uyğunluğun qiymətləndirilməsinin nəticələrinə görə proqram iştirakçısı seçilirlər.

-Dövlət sifarişi və ya dövlət hesabına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və ya magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyələri üzrə təhsilin normativ müddətinin yarısından artıq müddətdə təhsil alan, habelə Azərbaycan Respublikasının dövlət proqramları və beynəlxalq müqavilələri (hökumətlərarası təqaüd proqramları) çərçivəsində xarici ali təhsil müəssisələrində bakalavriat və ya magistratura səviyyəsi üzrə təhsilini başa vurmuş şəxslər eyni təhsil səviyyəsi üzrə proqram iştirakçılarının seçilməsində namizəd qismində iştirak edə bilməzlər.

-Namizədin təhsil almaq istədiyi və ya təhsil aldığı ixtisasın tədrisi iki və ya daha artıq sayda xarici ali təhsil müəssisəsində aparıldığı halda, həmin müəssisələr Nazirlik tərəfindən müəyyən olunan prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısında göstərilən ali təhsil müəssisələrinə uyğun olmalıdır.

img
Digər xəbərlər
SON XƏBƏRLƏR