TÜRKİYƏ SEVGİSİ... - FOTOLAR

img

09-08-2021 [00:36]


Türkiyənin Bursa şəhərində keçirilən Nizami Gəncəvi ilinə həsr olunan Beynəlxalq Konqresdə iştirakım yaddaşımda silinməz izlər buraxdı. Bu möhtəşəm konqreslə bağlı düşüncələrimi bölüşmək qərarına gəldim. 

Fikirlərimə qardaş Türkiyədə törədilən ekoloji terror hadisəsinə münasibət bildirməklə başlamaq istəyirəm.  

İyulun 28-dən Türkiyədə meşə yanğınları başladı və hələ də davam edir. Bu faciəvi hadisə nəticəsində insanlar həyatını itirib, çoxlu heyvanlar ölüb, minlərlə insan evindən didərgin düşüb, on minlərlə ağac, çiçək və başqa bitki örtüyü məhv olub. Yaşıl örtüklərin məhvi insanların, həyatın məhvidir. Yer kürəsinin istənilən yerində ağac, meşə yanğını insanlığa qarşı cinayətdir. Türkiyədə, yaxud dünyanın istənilən bölgəsində meşələri yandıranlar, Yer kürəsinin yaşıl örtüyünü bilərəkdən məhv edənlər beynəlxalq ekoloji terror törədirlər. Bu terroru törədənləri lənətləyir və hər zaman Türk xalqının yanında olduğumuzu bir daha bildirirəm. Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir. Anadolu təbiətini külə döndərən alovlar dünyadakı bütün türklərin qəlbini yandırsa da, qarşılıqlı məhəbbətini də birlik, yardım istəyi ilə alovlandırır. Türkün hər kədəri, hər uğuru bizi daha da səfərbər edir, yaxınlaşdırır, qovuşdurur. Tanrı Türkü qorusun!  

Bir millətik, iki dövlət, 
Eyni arzu, eyni niyyət.
Hər ikisi Cümhuriyyət,
Azərbaycan-Türkiyə.
 
Birdir bizim hər halımız, 
Diləyimiz, amalımız, 
Bayraqlarda hilalımız, 
Azərbaycan-Türkiyə. 

Bəli, biz qardaş Türkiyə ilə bir ananın övladlarıyıq. Bir çox ortaq cəhətlərimiz var ki, bunlardan biri də ədəbiyyatımızdır. Azərbaycan və Türkiyə ədəbiyyatını bir-birindən ayırmaq çətindir. Xüsusilə, qədim dövrlərdən 20-ci əsrə qədər, həmçinin bu günə qədər də davam edən uzun dövrdə hər iki türk xalqının ortaq ədəbiyyatı mövcud olub. Nizami, Füzuli, Nəsimi nə qədər bizimdirsə, bir o qədər də Türkiyə ədəbiyyatının dahiləri sayılır, orta məktəblərində tədris olunur, universitetlərində tədqiq edilirlər. 

Bilirik ki, 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ili Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan etdi. 

Nizami Gəncəvi dünya şeiriyyatının günəştək nur saçan müdrik siması, şərq poeziyasının ecazkar qüvvəsi, Azərbaycanın bəşəriyyət tarixinə bəxş etdiyi dahi şəxsiyyətdir. Humanist şair kimi şöhrət qazanan görkəmli ədibin əsərləri doqquz yüz ilə yaxındır ki, bədii söz xəzinəsinin incisi kimi bütün nəsillərin mənəvi dünyasına işıq saçıb, böyük tərbiyəvi əhəmiyyət kəsb edərək bəşəriyyətin yoluna mayak olub. Nizami Gəncəvi bir ədib kimi bütün dövrlərin fövqündə dayanmağı bacarıb. Nizami təkcə keçmişin yox, bu günün və sabahın şairidir. Müdrik şairin yaratdığı obrazlar, ideyalar bəşəriyyətin hansı ölkəyə, hansı irqə və hansı millətə mənsub olmasından asılı olmayaraq, insanın ruhuna, təfəkkürünə hakim olur. Böyük şairin bəşəriyyətə təlqin etdiyi mənəvi dəyərlər ən çətin zamanlarda da insanlar üçün bir ümid işığına, gələcəyə, inkişafa yol göstərən mənəvi bələdçiyə çevrilib. Nizami yaradıcılığı bəşəriyyətin müxtəlifliyini, bilik və kamillik yolu ilə zamanın axarını dəyişməyə çalışmasını təbliğ edir, ləyaqətli, ədalətli və ahəngdar bir cəmiyyətə səsləyir.

Nizami Gəncəvi ilinə həsr olunan bir çox tədbirlər keçirilir. Bunlardan biri də Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan-Kipr Dostluq Cəmiyyəti Türkiyənin Bursa şəhərində 25-29 iyul 2021-ci il tarixlərində Böyük Azərbaycan şairi Nizami Gəncəvi Beynəlxalq Konqresi keçirdi. Bu beynəlxalq konqresdə iştirak etmək qürurverici idi. Çox dəyərli alimlərlə, professorlarla, sevdiyim müəllimlərimlə Nizami işığına toplaşmaq, o işıqdan nəsib almaq sözlə ifadə oluna bilməz. 

Türk xalqlarının nümayəndələrinin Nizami sevgisi, Nizamini dərindən bilmələri, həqiqətən də, qürurvericidir. Xüsusən də, Nizaminin ən son poeması olan “İsgəndərnamə”də bəhs etdiyi “Xoşbəxtlər ölkəsi” hər kəsin diqqət mərkəzində idi. Nizami ”İsgəndərnamə” əsərində utopik cəmiyyət haqqında danışıb və bununla o, 15-16-cı əsr Avropa utopik sosialistlərindən Tomas Moru və Kampanellanı əsrlər öncə qabaqlayıb. Tomas Morun yazdığı “Utopiya” və Kampanellanın yazdığı dünya şöhrətli “Günəş şəhəri” əsərləri ideal cəmiyyəti təsvir edərək onun quruluşunu izah edir. Lakin Nizami dühası bu fikirləri qabaqlamışdır və hələ 12-ci əsrdə, bəzi qadağaların mövcud olduğu dönəmdə ideal cəmiyyətdən danışmışdır. Daşın qızıla bərabər olduğu, hər kəsin bərabər və firavan yaşadığı, qapılara qıfıl vurulmayan bu cür utopik cəmiyyət, əlbəttə ki, sosializmi təsvir edərək, hətta Marksın arzuladığı dövlətsiz kommunizm cəmiyyətini obrazlı şəkildə bizlərə göstərir. Bu mövzu 5-ci sinifdə oxuyarkən məni də öz təsiri altına almış, hətta bu mövzuda bir yazı da yazmışdım. Xəyallarımda yaratdığım dünyanın adı Xoşbəxtlər dünyası idi. Buranın öz paytaxtı, bayrağı, gerbi (bunların hamısının şəklini də çəkmişdim) himni, xüsusi dövlət quruluşu vardı. Mənim yaratdığım dünyada da hər kəs o qədər xoşbəxt, mehriban idi ki... Varlı, kasıb təbəqəsi yox idi. Nifrət, kin, yalan, xəyanət, riyakarlıq, ədalətsizlik yox idi... Bir gün nə vaxtsa belə bir dünyanın yaranacağına ümid edirəm. İndi isə keçək konqresə...

Konqres bir neçə paneldən ibarət oldu. Dünyanın 6 ölkəsini təmsil edən 70-dən çox nümayəndənin, görkəmli ədəbiyyatçıların və Nizamişünas tədqiqatçıların, o cümlədən respublikamızın qabaqcıl gənc müəllimlərinin bir qrupunun iştirakı ilə keçirilən tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Sonra isə Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirildi. 

Konfransın açılışında Bursa Uludağ Universitetin rektoru Saim Kılavuz, Bursa Böyükşəhər bələdiyyəsinin sədri Alinur Aktaş, Azərbaycan Milli Məclisinin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın həqiqi üzvü, akademik Rəfael Hüseynov, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri, professor Aygün Attar, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş icraçı direktoru Elnur Əliyev, Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlunun çıxışları dinlənildi. 

Tədbirdə Azərbaycan Respublikasının Təhsil İnstitutu, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Təlimin nəzəriyyəsi və metodikası şöbəsinin müdiri Bibixanım İbadova, Filologiya üzrə elmlər doktoru, dosent, Azərbaycan Yazıçılar Birliyinin üzvü Həcər Hüseynova, ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, “Türk odası” və “Türk araşdırmaları” elmi-tədqiqat mərkəzinin rəhbəri, filologiya elmləri doktoru Elman Quliyev, AMEA – Gəncə Bölməsinin böyük elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əfqanıstanın üç dövlət medalı və SSRİ-nin fəxri fərmanları ilə təltif olunmuş, tarix elmləri üzrə elmlər doktoru, professor Şahin Fazil, memar, ssenarist, kino məsləhətçisi, filmlərdə iştirak edən, memarlıq üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü, professor, Şərq Ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü Cəfər Qiyasi və başqa dəyərli alimlər Nizami Gəncəvi ədəbi məktəbi və poetik ənənələri XIII – XX əsrlərdə Şərq və Qərb mədəniyyətlərində; şairin qəzəllərinə yanaşmalar, Nizaminin memarlıq düşüncələri kontekstində Azərbaycanın Səlcuqlar dövründəki memarlıq mövzularında fikir və düşüncələrini bölüşdülər.

Konqres yekunlaşdıqdan sonra təşkilatçılar bizi 130 il Osmanlıya paytaxtlıq edən qədim Bursa şəhərinin tarixi yerləri ilə tanış etdilər. Şəhər altı sultanın məzarını qoruyur. Şəhərin düz mərkəzində imperiyanın qurucusu Osman Qazinin at üstündə əzəmətli heykəli ucalır. Şəhərdə, həmçinin onun adını daşıyan mavzoley də var. 

Əzəmətli İldırım minarəsi İldırım Bəyazid tərəfindən 1390-cı illərdə tikilib və Bursanın ən görkəmli abidələrindən sayılır. Cami, mədrəsə, imarət, xəstəxana, saray, məktəb, mətbəx, hamam və sonradan əlavə edilən türbədən ibarət olan İldırım qülləsi bəylikdən dövlətə keçidin ən mühüm nümunələrindən sayılır. Ulu Cami isə 1396–1399-cu illər arasında inşa edilib. Ulu Caminin minbəri haqqında maraqlı bir faktı demək istəyirəm. Minbər kainatı təmsil edir. Üzərinə günəş sistemi qabarıq bir forma ilə işlənmişdir. Planetlərin günəşə məsafələri və ölçülərinin nisbətləri doğru olaraq yerləşdirilmişdir.

Ulu Cami haqqında bir çox rəvayətlər vardır. Amma onu deyə bilərəm ki, oranın cazibəsi insana elə təsir bağışlayır ki, sidq ürəkdən, böyük inamla, ümidlə etdiyiniz duaların qəbul olacağını hiss edirsiniz. 

Erkən Osmanlı memarlığının Bursada yaşayan ən görkəmli abidələrindən biri Yaşıl Məsciddir. 1422-ci ildə Sultan II Murad zamanında tamamlanıb. Əmir Sultan minarəsi də ən məşhur dini ziyarət yeridir. 

 Məni öz əzəməti ilə heyran edən Osman Qazi türbəsi səkkizbucaqlı bir sxem ilə tikilmiş, üzərindən bir qübbə ilə örtülmüşdür. Osman Qazi türbəsində şimaldakı taxta bir koridordan girərək qonaq salonlarına xas dekorasiyalarla hazırlanan türbəni gördük. Pəncərələrində parça pərdələr var.

Osman Qazi Türbəsi cəmi 15 sarkofaqa malikdir. Sultan Əbdüləzizin Bursa ziyarətində isə Osman Qazinin məzarlarının üstünə məxmər üzərinə gümüş və sim ilə işlənmiş, Osman Qazinin doğum, səltənət ili və ölüm ili kimi tarixi məlumatlarının yer aldığı bir örtük örtülmüşdür. Türbənin içində iştirak edən digər məzarlar isə Osman Qazinin oğlu Ələddin bəy, həyat yoldaşı Aspurça Hatun və Osman Qazinin yaxınlarına aiddir. Burada maraqlı məqamlardan biri də Osman Qazi türbəsini qoruyan Osmanlı qiyafəsində əsgərlərin bir saatdan bir növbə dəyişməsi və həmin növbə dəyişimi zamanı andiçmə mərasimi idi.

Sözün əsl mənasında məni təəccübləndirən möhtəşəm Panorama 1326 Bursa Fatih Muzeyindən danışmasam olmaz. Türkiyədə və Avropada birinci, dünyada üçüncü olan bu ecazkar muzey məni heyran qoydu. Eskalatorla qalxdıqda sanki başqa bir dövrə - XIV əsrə düşürsən. O təəccübü, heyranlığı sözlə ifadə edə bilmərəm, bunu ancaq yaşamaq lazımdır. Osmanlı dövlətinin ilk yarandığı günlər, Bizans əsgərlərinin çıxarılması, məskunlaşan əhalinin güzəranı, quşların səsi, çayın şırıltısı insanı öz sehirli ağuşuna alır. Bursaya gedəcək hər kəsə o muzeyi görməyi mütləq tövsiyə edirəm.

Konqresin son günündə iştirakçılara sertifikatlar təqdim olundu. Dəyərli alimlərdən, ömrünü elmə fəda etmiş professorlardan sertifikat almaq, onların məsləhətini eşitmək, inamını duymaq hər şeydən daha üstündür mənim üçün.

İstanbul... Sehrli və möhtəşəm, səs-küylü və inanılmaz gözəl İstanbul... Avropa və Asiya - ənənəvi Şərq və müasir Qərb arasında körpü... Zəngin tarixi boyunca o, adını bir neçə dəfə dəyişdirməyə və dörd imperiyanın - Roma və Bizans, Osmanlı və Latın imperiyalarının paytaxtı olmağı bacarmışdır. 

 Bursadan sonra İstanbul bizi qonaq elədi. Burada yaşayan türklər nitqimizdən bizim azərbaycanlı olduğumuzu anlayır və çox böyük hörmət edirdilər. Hətta, ən maraqlısı çoxu “Nə oldu, Paşinyan?” deyərək gülür, bir çoxu 44 günlük müharibədə qazandığımız qələbədən fəxrlə danışır, bizi təbrik edir, qardaşlığımızın əbədi olacağını bildirirdilər.

Çox sevdiyim şəhəri ikinci dəfə kəşf etmək imkanı əldə etmiş oldum. Doğru deyirlər, İstanbul, həqiqətən, hər şeyi ilə bambaşqadır. Coğrafi mövqeyi, iki qitədə yerləşməsi, şəhərin ortasından keçən və Avropanı Asiyadan ayıran Boğaziçi deyilən Bosfor boğazı, yeddi təpə üzərinə yayılması ilə İstanbula valeh olmamaq imkansızdır. 

Böyüklüyünə görə dünyanın beşinci şəhəri olan, 8500 illik tarixə malik İstanbul həm də Türkiyənin mədəni, iqtisadi və maliyyə mərkəzidir. Mərmərə dənizi, dənizdə görünən adalar, məşhur Xəlic limanı, İstanbulu Avropa və Asiya ilə birləşdirən körpü, Bosfor boğazı bu şəhərə xüsusi gözəllik verir və bu gözəlliyin fonunda o, dünyanın tayı-bərabəri olmayan şəhərinə çevrilir. Hər addımında insana tarixi xatırladan, qədimliklə müasirliyi, şərqlə qərbi özündə yaşadan İstanbulda ən böyük tarixi abidələr Sultan Əhməd meydanındadır. Roma, Bizans və Osmanlı imperatorluqlarının izlərini özündə yaşadan meydanda məşhur Sultan Əhməd camesi, Topqapı sarayı və Ayasofya məbədi yerləşir. 

Türk və islam dünyasının ən möhtəşəm abidələrindən biri olan Sultan Əhməd məscidi həm də muzey kimi fəaliyyət göstərir. 1609-1616-cı illərdə inşa edilən və klassik türk sənətinin örnəyi olan bu abidə 6 minarəyə malik yeganə camedir. Böyük dəhlizdən içəriyə daxil olduqda sanki əsrarəngiz məkana düşürsən və zəngin rəngarəng bəzəklərlə qarşılaşırsan. Məscidi üç tərəfdən əhatəyə alan dəhlizlərin divarlarının sayı 20 mini ötən şahanə İznik çiniləri ilə bəzədilib. Bunların yuxarısı və qübbənin içəriləri boya işidir. Bütün camelərdə olduğu kimi, burada da yer xalılarla döşənib. Baş girişin qarşısında qərar tutan mehrabın yanında əsrarəngiz oymalı mərmər minbər olduqca cəlbedicidir. Cameni beş sıra ilə əhatəyə alan 260 pəncərənin rəngli şüşələrindən süzülən işıq əsrarəngiz effekt yaradır. Sultan Əhməd camesinin əsl özəlliklərindən biri bol işıqlı olmasıdır. Bu gözəlliyi saatlarla dayanıb müşahidə etmək olar.

Bitib tükənməyən təəssüratlar məkanı – Ayasofya... Türkiyənin İstanbul şəhərində yerləşən, əvvəl provoslav kilsəsi, daha sonra məscid, muzey, hal-hazırda yenə məscid olan Ayasofya Bizansın “qızıl əsrinin” simvoludur. Gündə min usta və on min işçinin çalışması ilə 5 il 11 ay 10 günə inşaat başa çatıb. 15 əsrlik tarixi olan Ayasofya hazırda dünyanın ən qədim abidə və tikililəri sırasında yer alıb. Ayasofyanın memarlıq üslubu ilə yanaşı, mozaikaları da mühüm rol oynayır. Geometrik, bitki formalarına uyğun olan müxtəlif motivləri özündə birləşdirən mozaikalar IX-XII yüzilliklərdə hazırlanıb. Bunlara imperator qapısı üzərində, absis hesab olunan hissədə, çıxış qapısı üzərində və üst mərtəbədəki qalereyada rast gəlmək mümkündür. Ayasofyadakı bu zəngin mozaika və detallar, üstəlik islam və xristianlığa aid elementlər insanda bitib-tükənməyən təəssürat yaradır. 

İstanbula gələn hər kəs mütəq şəhərin bazarlarına üz tutur. İstanbulun ən qədim bazarlarından olan təbii dərmanların, ədviyyatların, çiçək toxumlarının, nadir bitki köklərinin satıldığı Misir bazarı 1660-cı ildə Turhan Sultan tərəfindən tikdirilib. İstanbulda əsl böyük bazar isə Sultan Süleyman Qanuni tərəfindən inşa etdirilən Qapalıçarşıdır. Bura gələn hər kəs öz sevdiklərinə, dəyər verdiklərinə kiçik də olsa, hədiyyə alır.

Boğazda gəmi gəzintisi... Bir az duyğusal və romantiksinizsə, dənizdən qalxan damlalar üzünüzə sığal çəkdikcə, dənizin üstündə uçan qağayıları seyr etdikcə, Kız Kulesini izləyib, onun əfsanəsini düşündükcə şeir yazmamaq, duyğularını qələmə almamaq mümkünsüzdür... Bu bir neçə saatlıq səyahət zamanı düşünürsən ki, heç bir təyyarə, heç bir gəmi insanın özünü özündən uzaqlaşdıra bilməz...

Boğazda gəmi gəzintisi unudulmaz xatirələrim arasına daxil oldu. Boğazın iki arasında sıralanan, hər birindən ayrı bir sevda nağılının sulara əks olunduğu asudə və bənzərsiz sahillər, 20-ci əsrdə tikilən lüks villalar, Dolmabahçe, Göksu və Beylerbeyi Sarayları, Rumeli və Anadolu Hisarları, balıqçı kəndlərindən qalma izlər, restoranlar, çay bağçaları, parklar məni ovsunlamışdı. 

İstanbuldakı son günümüzdə adalara gəzintiyə yollandıq. İki qitənin toqquşduğu zaman bu, qaçılmaz olaraq bəzi xaosa səbəb olur. Ayrıca, İstanbul - Avropa ilə Asiyanın qovuşduğu yer, küçə üzərində yüksələn, avtomobillər, tacirlər və turistlərlə dolu qübbələr və minarələr olan bir üfüqdür. Buradan çox uzaqda sakit bir oazis tapa bilərsiniz - bunlar Şahzadə adalarıdır. Əbədi tıxaclardan bezənlər səs-küylü şəhərdən layiqli şəkildə qaça və istirahət edə bilərlər. Şahzadə adalarında avtomobillər qadağandır. Burada ya elektriklə işləyən avtomobillərdən, ya da velosipedlərdən istifadə edə bilərsiniz. Adalarda ən sevdiyim cəhət özünlə baş-başa qala bilməyindir. Eşitdiyin səs yalnız dənizin quşlarla ahəstə pıçıltısıdır. Burada yaşayan insanların qonaqpərvərliyi, xalqımıza olan sevgisi isə, həqiqətən də, ən yüksək zirvədədir. 

Çox xoş, doğma duyğularla Türkiyə ilə sağollaşdım. Artıq təyyarədəydim. Yeddi günlük ayrılıqdan sonra Vətənə dönürdüm. Pəncərədən qaranlıqda ləl-cəvahirat kimi işıq saçan İstanbulun getdikcə uzaqlaşdığını görürdüm. Cazibəsi isə hələ də mənimlə idi... 

Beynəlxalq konqresdə iştirak etmək, Nizami yaradıcılığına daha yaxından bələd olmaq, əsərlərinin müqayisəli təhlilini aparmaq, Nizamisevərlərlə müzakirələr etmək mənim üçün böyük təcrübə, Bursanın, İstanbulun ən gözəl, maraqlı məkanlarını gəzmək isə möhtəşəm xatirə oldu.

Bir həqiqəti bir daha tamlığı ilə təsdiq edirəm ki, sevmək üçün daha yaxından tanımaq lazımdır. Türkiyəni öyrəndikcə, yaxından tanıdıqca bu doğma ölkəyə, onun tarixinə, əzəmətinə və varlığına heyran qaldım.  

Ulu Yaradan Türkiyəni, Azərbaycanı, dostluğumuzu və bizi sevənləri qorusun! 

Gülgün Rzayeva, 

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının İmişli rayonu üzrə koordinatoru.

img img img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA