“Dedi ki, həmin foto çox yayılıb və bizim idarənin adı hallanır" - Bakıda fotousu ilə məşhurlaşan süpürgəçi niyə işdən çıxarılıb?

img

08-07-2021 [14:16]


Bir müddət öncə azyaşlı qızı ilə işlədiyi ərazini süpürərkən şəkli çəkilən və həmin foto ilə ictimaiyyətin diqqətini çəkərək sosial şəbəkələrdə və mediada müzakirə mövzusu olan Şövkət Əliyeva işdən çıxarılıb.

Mia.az-ın məlumatına görə, Ş.Əliyeva “Qafqazinfo”ya müraciət edərək bildirib ki, mayın 14-də həmin foto geniş yayıldıqdan sonra işlədiyi Səbail rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi Paşa Məmmədov onu çağıraraq, bu günlərdə işə gəlməməyi, ümumiyyətlə ortalıqda çox görünməməyi tapşırıb:

“Dedi ki, həmin foto çox yayılıb və bizim idarənin adı hallanır. Ona görə tapşırdı ki, evdə olum, işə gəlməyim. Sonra da məni sığınacağa yerləşdirdilər. Bir neçə gün sonra isə Paşa müəllim məni çağırıb dedi ki, Birliyin rəhbəri Elçin Həsənov mənim işdən çıxarılmağımı istəyir. Onların tələbi ilə işdən çıxmaq haqda ərizə yazdım, məni zorla işdən çıxartdılar”.

Şövkət Əliyeva bildirib ki, fotosu yayılandan bir müddət sonra biznes mərkəzlərinin birindən ona xadimə işləmək təklif olunub: “Mənə dedilər ki, tualetlərin təmizliyinə baxacaqsan, 350 manat maaş alacaqsan. Amma süpürgəçi işləyəndə maaşım 470 manat idi. Mən də dedim ki, tualet təmizləyə bilmərəm, iyrənirəm. Onlar da dedilər ki, işləmək istəyənə oxşamırsız”.

Səbail rayon MKİS rəisi Paşa Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Şövkət Əliyeva həmin foto yayılandan sonra uzun müddət işə gəlməyib: “O xanıma işə gəlməməsi, ortalıqda görünməməsi haqda heç bir tapşırıq verilməyib. Özü işə gəlmədi, ondan sonra başqa yerdə iş tapdığını bildirib bizdəki işindən çıxmaq istədiyini dedi. İyunun 14-də ərizə yazaraq işdən çıxdı, amma bir müddət sonra isə həmin işi alınmadığı üçün geri qayıtdı. Onda isə biz artıq həmin yerə başqa işçi götürdüyümüz üçün Şövkət xanımı işə qaytarmaq alınmadı”.

Paşa Məmmədov əlavə edib ki, Şövkət Əliyevanın azyaşlı övladı ilə ərazidə işləməsi düzgün deyil: “Bir neçə gün uşağı harasa qoymağa yer tapması üçün ona güzəşt edilib. Amma fotoya görə narazılıq olmayıb”.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA