Prezident və Mehriban Əliyeva Qarabağ zonasında: İlham Əliyev şirkət rəhbərini sorğu-suala tutdu - Yeni açılışlar oldu (Yenilənib)

img

14-06-2021 [19:30]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonuna səfərə gəliblər.

Mia.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.

Prezident İlham Əliyevə hava limanında görülən işlər barədə məlumat verildi.

“AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev: Cənab Prezident, Füzuli Beynəlxalq Hava Limanının tikintisinə yanvar ayında başlanmışdır. Bu plakatda 3 min metr uzunluğunda, 60 metr enində uçuş-enmə zolağı əks olunub. Təyyarələrin enişi iki tərəfdən də təmin olunur. Bu günə biz uçuş-enmə zolağının və perronun tikintisində torpaq işlərini bitirmişik. İndi biz yol geyiminin tikintisi ilə məşğuluq.

Prezident İlham Əliyev: Görürəm yola artıq asfalt vurursunuz.

Kamil Əliyev: Bizim proqramımıza əsasən, sentyabrın 5-də burada birinci sınaq uçuşu yerinə yetiriləcək. Biz bu tikintini aparmaq üçün burada - Quruçayda iki asfalt zavodu quraşdırmışıq, üç daşqıran qurğu da var.

Prezident İlham Əliyev: Burada olan materiallardan istifadə edirsiniz?

Kamil Əliyev: Həm burada, həm də Zəfər yolunun tikintisində, 17 kilometr yolda istifadə edirik. Perronun ölçüləri 60 min kvadratmetrdir, təxminən 8 ədəd A-320 tipli təyyarə yerləşə bilər. Bir də avtomobil dayanacağı olacaq, 170 avtomobillik.

Prezident İlham Əliyev: Bu, Füzuliyə gedən yolla əlaqələndirilib.

Kamil Əliyev: Füzuliyə gedən yolla birləşməsi bu hissədədir. Həm Zəfər yolu ilə birləşəcək, həm də əsas o dördzolaqlı magistral yolla.

Binanın tikintisində beton işləri demək olar, 80 faiz yekunlaşıb.

Prezident İlham Əliyev: Buradadır?

Kamil Əliyev: Bəli, buradadır. Dam örtüyü İtaliyadan gətirilib və artıq Bakıdadır. Türkiyədən fasad materialları gətirilib.

Prezident İlham Əliyev: Bu aeorovağzal kompleksi təxminən nə vaxt hazır olacaq?

Kamil Əliyev: Aerovağzal kompleksi bu ilin sonuna kimi tam istifadəyə verilə bilər. İşlər bu sürətlə getsə.

Prezident İlham Əliyev: Qüllə də tikilir?

Kamil Əliyev: Bəli, qüllə tikilir, aeronaviqasiya, tikinti işləri aparılır. İşıq-siqnal sistemini türk şirkəti işləyir. Yarımstansiya tikilib, işlər hər istiqamətdə aparılır.

Sonra Prezident İlham Əliyev uçuş enmə zolağında görülmüş işlərlə tanış oldu.

Prezident İlham Əliyev: Böyük hissəsi artıq hazırdır?

Kamil Əliyev: 800 metr. Zəngilanda da artıq torpaq işlərinə başlamışıq.

Prezident İlham Əliyev: Orada da başlamısınız?

Kamil Əliyev: Bəli. Bir də Laçın rayonunda aeroportun tikiləcəyi yerə də getdik, layihədə harada yerləşir, onu da müəyyən etdik. Torpaq işi böyük həcmdədir.

Prezident İlham Əliyev: Bilirəm, orada dağlar kəsilməlidir. Bu iş də nəzərdə tutulur. Nə vaxt başlayacaqsınız?

Kamil Əliyev: Biz artıq mobilizasiya olunuruq. Orada ofisimiz var, artıq texnika aparmışıq.

Prezident İlham Əliyev: Çox yaxşı. Avtomobil yolunda işlər necə gedir?

Kamil Əliyev: Cənab Prezident, Füzuli-Şuşa yolunun 17 kilometrlik hissəsidir, bir də bizdə Füzuli-Hadrut yolunun 10 kilometridir. Biz bu yaxınlarda Ağbənd yolunun tikintisi ilə bağlı müqavilə də imzaladıq.

Prezident İlham Əliyev: Bəli, onu demişəm. Horadiz-Ağbənd yolunun yarısını siz inşa edirsiniz.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olublar.

Mia.az xəbər verir ki, dövlət başçısına su anbarının texniki göstəriciləri barədə məlumat verilib.

***

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanış olub.

Mia.az xəbər verir ki, dövlət başçısına avtomobil yollarında tikinti işlərinin gedişi barədə məlumat verilib.

***

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də yeni tikilən “Füzuli” yarımstansiyasının açılışında iştirak ediblər.

Mia.az xəbər verir ki, dövlət başçısına 110/35/10 kilovoltluq yarımstansiyada görülən işlər barədə məlumat verilib.

Qeyd edək ki, Füzuli şəhərində yeni 110/35/10 kilovoltluq yarımstansiya Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib. İnşa edilən yeni aeroportun və Şuşa yolunun yaxınlığında yerləşən bu yarımstansiya hava limanı da daxil olmaqla Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.

Bildirilib ki, yarımstansiya, o cümlədən yeni İdarəetmə Mərkəzi ən müasir tələblərə cavab verən avadanlıqla təchiz olunub və komplektləşdirilib. İdarəetmə Mərkəzində texniki imkanlarla yanaşı, əməkdaşların səmərəli çalışmaları və istirahəti üçün hərtərəfli şərait yaradılıb.

Dövlət başçısı “Füzuli” yarımstansiyasını işə salıb.

Yarımstansiyanın işinə real vaxt rejimində nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub.

Sonra Prezident İlham Əliyev yenidən qurulan 110/35/10 kilovoltluq “Şükürbəyli” yarımstansiyasının da məsafədən idarə olunan SCADA dispetçer sistemi vasitəsilə açılışını etdi.

Bildirilib ki, işğaldan azad edilən ərazilərin böyük hissəsinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub. Bu məqsədlə yarımstansiyanın gücü artırılmaqla yanaşı, 110 kilovoltluq açıq paylayıcı qurğu sökülərək daha müasir formada yenidən tikilib. Burada yeni avadanlıqla komplektləşdirilmiş mühafizə və avtomatika sistemləri ilə təchiz edilən İdarəetmə Mərkəzi yaradılıb və lokal mikro-SCADA sistemi qurularaq yarımstansiyanın idarə olunması tam rəqəmsallaşdırılıb.

Diqqətə çatdırılıb ki, işğaldan azad edilən digər rayonlarda tikiləcək yarımstansiyaların Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün yenidən qurularaq genişləndirilən “Şükürbəyli” yarımstansiyasına İmişli yarımstansiyasından 51 kilometr məsafədə 110 kilovoltluq xətt çəkilib. Eyni zamanda, “Şükürbəyli” yarımstansiyasından Şuşaya 75 kilometrlik ikidövrəli 110 kilovoltluq xətt çəkilib və həmin xətt Füzuli şəhərində yeni tikilən 110 kilovoltluq yarımstansiya ilə əlaqələndirilib. Paralel olaraq hazırda “Şükürbəyli” yarımstansiyasından Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında yeni tikilən 110/35/10 kilovoltluq yarımstansiyalara ikidövrəli 110 kilovoltluq yüksək gərginlikli elektrik veriliş xətti çəkilir.

img
Digər xəbərlər
SON XƏBƏRLƏR