Ailəsinin ticarətçi kimi görmək istədiyi "inqilabçı" Sidqi Ruhulla: "...görəsən, mən də elə artist olarammı?" - FOTOLAR
10-04-2021 [15:59]
Görkəmli aktyor və rejissor, Xalq artisti, Dövlət mükafatı laureatı Sidqi Ruhullanın doğum günüdür.
Əsl adı Ruhulla, soyadı Axundov olsa da, gəncliyində "Vətən" dramında Sidqi rolunu məharətlə ifa etdiyi üçün yoldaşlarının məsləhəti ilə Sidqi ləqəbini qəbul etmişdir...
Anadan olmasının 135-ci ildönümü tamam olan Sidqi Ruhulla Azərbaycan teatrının inkişafına öz töhfəsini vermiş müqtədir sənətkarlardandır.
İpə-sapa yatmayan şagird
Sidqi Ruhulla 1886-cı ildə Bakının Buzovna kəndində müəllim ailəsində anadan olub, ibtidai təhsilini bir kənd müəllimindən almışdır.
Əsl adı Ruhulla, soyadı Axundov olsa da, gəncliyində "Vətən" dramında Sidqi rolunu məharətlə ifa etdiyi üçün yoldaşlarının məsləhəti ilə Sidqi ləqəbini qəbul edib.
Sidqi Ruhullanın mənəvi inkişafında atası Molla Fətulla Axundovun da təsiri olub. Qışda Bakıda, yayda isə Buzovnada müəllimlik edən Molla Fətullah özü də elmə, şeir və sənətə çox həvəskar idi. Füzuli və Nəsimi kimi şairləri xüsusilə çox sevər və uzun qış gecələrində bu şairlərin əsərlərini oxuyub, oğluna izah edərdi. Sidqi uşaqlıq və gənclik illərini Buzovnada keçirib.
1903-cü ildə 17 yaşındaikən atası onu Bakıda varlı bir tacirin dükanına şagird verir. Qoca müəllimin məqsədi oğlunu ticarətə alışdırmaq idi. Lakin atanın xəbəri yox idi ki, onun öz oğluna təlim etdiyi kitablar, elm, şeir və sənət onun mənəviyyatını tamamilə başqa bir istiqamətə yönəldib. Onun fikri-zikri təhsilini davam etdirmək idi. Buna görə də, onu sözə qulaq asmayan, "ipə-sapa yatmayan şagird" adlandırırdılar. Sidqi vaxtında dükana gəlməz, günlərinin çoxunu elm sahəsində özündən qüvvətli olan gənc ziyalı yoldaşları ilə birlikdə keçirərdi. Sidqi Ruhullanın gənclik yoldaşlarının çoxu maarifpərvər və inqilab ruhlu insanlar idi.
1904-cü ildə Sidqi Ruhullanın atası vəfat edir. O, dostlarının və yoldaşlarının təşviqi ilə atasından qalan ev şeylərini satıb Moskvaya oxumağa gedir. Moskvada Sidqi Ruhullanın qohumlarının köməyi ilə təhsilini davam etdirə biləcəyinə ümid edirdi. Lakin bu ümidi boşa çıxır. Sidqi Ruhulla Moskvada qala bilməyib Bakıya qayıdır.
Qohumları Ruhullanı başa salmaq istəyirdilər ki, yaxşı yaşamaq ancaq ticarətdədir. O isə bu boş təşəbbüsü heç cür qəbul etmirdi. Ruhulla inadkar xarakterə malik cavan idi. Kiminsə əsarətində olmaq onun xarakterinə yad idi. Onda azad yaşamaq arzusu üstün idi. Bu arzunun ilk rüşeymlərini onun qəlbində Bakının coşqun inqilabi mühiti yaratmışdır.
"Görəsən mən də elə artist olarammı?"
Yaradıcılıq fəaliyyəti: 1905–1906-cı illərdə 20 yaşlı Ruhulla bir neçə tətillərdə iştirak edir. Bakının tanınmış inqilabçıları ilə dostluq edir. O, hər hansı bir vasitə ilə xalqına xidmət etməyi qarşısına məqsəd qoyur. İlk növbədə oxumaq, təhsil almaq haqqında düşünür. Təhsil almaq arzusu baş tutmayan Ruhulla 1906-cı ildə Azərbaycan səhnəsinin böyük faciə aktyoru Hüseyn Ərəblinski ilə tanış olur. O, Ərəblinskini ilk dəfə Mirzə Fətəli Axundovun "Vəziri xani Lənkəran" komediyasında Teymur ağa rolunda görür. Bu ifadan vəcdə gələn Ruhullanın gələcək taleyi həll olur.
Sidqi Ruhulla yazır ki: "Mən hələ teatr nədir, aktyor nəyə deyərlər bilməzdim. Birinci dəfə məni yoldaşlarımdan biri "Tağıyev teatrı"na apardı. Həmin axşam Mirzə Fətəli Axundovun "Vəziri xani-Sərab" əsəri oynanılacaq idi. Teatrın balkonunda oturub, tamaşanın başlanmasını gözləyirdik. Zəng vuruldu. İşıqlar söndü. Birdən divarın bir tərəfi yuxarı qalxış məni təəccübə saldı. Aktyorlardan bir neçəsi oynadıqdan sonra yenə divar aşağı endi. İkinci pərdə başlandı. Bir nəfər oğlan səhnəyə gəldi. Həmin oğlanın oynamağı başqalarından ayrılırdı. Bu oğlan Teymur Ağanın rolunu oynayırdı. Onun cəld hərəkətləri, çevikliyi, danışığı məni özünə cəlb etdi. Pərdə endikdən sonra mən yanımdakı yoldaşımdan həmin oğlanın niyə o birilərindən yaxşı oynadığını soruşdum. Yoldaşım: "o oğlan əsl artistdir" deyə məni başa saldı, "artist" sözü məndə bir maraq oyatdı. Çünki mən hələ kiçik vaxtımda Buzovna kəndində olarkən şəbih çıxaran şair Saqib mənə: "Sən artistsən" demişdi və mənim də xəyalımdan keçdi ki, "Görəsən, mən də elə artist olarammı?"
Hələ kiçik yaşlarından aktyor sənətinə həvəs göstərən Ruhulla Buzovnada yaşadığı illərdə "Kos-kosa" və şəbih tamaşalarında Arus Qasım və Əli Əkbər rollarında çıxış etdiyi üçün onu artist deyə çağırardılar. Bakıda Ağa Kərbəlayi Məlikovun mağazasında çalışan Ruhulla həqiqi sənəti və böyük aktyor Ərəblinskini görəndən sonra qəlbindəki həvəs baş qaldırdı, gələcək taleyini səhnəyə bağladı. Daha sonra Ruhulla Ərəblinski ilə dostluq etdi. Səhnəyə olan böyük sevgisini ona bildirdi. Ərəblinski onun məğrur qamətində, uça boyunda, heç kəsə bənzəməyən gözəl səsində, mimikasında gələcəyin böyük aktyorunu görüb, səhnəyə cəlb etdi.
XX əsrin əvvəllərində Azərbaycan səhnəsində qadın rollarını kişi aktyorları ifa edirdi. Ruhullanın da ilk rolu Balaxanı dram dərnəyində H. Ərəblinskinin quruluş verdiyi və 1908-ci il dekabr ayının 21-də (Bəzi mənbələrdə 1906-cı il qeyd olunur) tamaşaya qoyulan Nəcəf bəy Vəzirovun "Adı var, özü yox" komediyasında Telli rolu olub.
O vaxt milli teatr səhnəsində Azərbaycan qızları olmadığından qadın rollarını kişilər ifa edirdilər.
Sidqi Ruhulla Bakının müxtəlif fəhlə rayonlarında çıxış edir, arabir şəhərdə də tamaşa verirdi. Sidqi Ruhullanın hələ ilk kiçik rolları onun fövqəladə bir istedada malik olduğunu aydın göstərirdi. Xüsusilə, H.Ərəblinski Sidqinin istedadına çox böyük qiymət verirdi.
H.Ərəblinski Ə.Haqverdiyevin "Dağılan tifaq" faciəsinin bir əlyazmasını Sidqiyə bağışlayıb üzərində yazmışdır: "Şagirdim Sidqi Ruhullaya".
1908-ci ildə Bakıda "Morskoe Sobranie" zalında Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin" faciəsi tamaşaya qoyulur. Burada Rüstəm bəy rolu Sidqi Ruhullaya tapşırılır. Bu rolda Sidqi Ruhulla öz ifasının təbiiliyi, rolu dərindən hiss edib yaşaması ilə diqqəti cəlb edir. Bu tamaşadan sonra Sidqi Ruhulla hər şeyi buraxıb peşəkar aktyor olmağı qərara alır. H.Ərəblinski ilə birlikdə bir neçə ay İrəvan, Naxçıvan, Tiflis, Batumi və Vladiqafqazı gəzib tamaşalar verir. Bir neçə il sonra Sidqi Ruhulla yenə səyyar aktyor kimi İrana gedir. Sidqi Ruhullanı bu qastrola göndərən və həvəsləndirən H.Ərəblinski idi.
Sidqi Ruhulla 1908-ci ildə müstəqil teatr fəaliyyətində fəallaşmağa başladı.
O, səhnəyə gəldiyi ilk iki ildə "Sidqi Axundov", "S. Axundov", "A. Sidqi" imzası ilə çıxış edib. Bir müddət sonra "Sidqi Ərəbli", "Ərəbli", "Ruhulla Ərəbli", "Ərəbski" olub. Çünki həmin vaxtlar gənc aktyorların əksəriyyəti əda, danışıq tərzi, ləqəb ilə Hüseyn Ərəblinskiyə oxşamağa çalışırdılar. Sidqi aktyor kimi Azərbaycanda və Tiflisdə, Volqaboyu şəhərlərində tanınandan sonra "Sidqi Ruhulla" kimi çıxış etdi.
S. Ruhulla 1909-cu il aprel ayının 3-də yenə də Ərəblinskinin quruluşunda Bakıda "Dənizçilər kulubu"nda ("Morskoy sobranıe") N. Vəzirovun "Müsibəti Fəxrəddin" faciəsində Rüstəm bəy rolunda çıxış etdi. H. Ərəblinski "Müsibəti Fəxrəddin" faciəsində Rüstəm bəy kimi mürəkkəb xarakterə malik olan obrazı Sidqiyə tapşırmışdı. Rüstəm bəyi ifa etməyə tərəddüd edən Sidqini Ərəblinski ürəkləndirib, rolun öhdəsindən gəldiyinə inandırdı. Öz müəlliminə diqqətlə qulaq asan Sidqi Rüstəm bəy obazı üzərində məsuliyyətlə işləməyə başladı. Rolu hazırlayarkən Sidqi bəzi çətinliklərlə üzləşdi. Lakin inadından dönmədi. Mütəmmadi olaraq Ərəblinskiyə müraciət edib, ondan bəzi məsləhətləti alırdı. Sidqi ona tapşırılan işi yüksək səviyyədə yerinə yetitməli, böyük sənət sınağından şərəflə çıxmalı idi. Tamaşadan sonra Əbdürrəhim bəy Haqverdiyev, N. Vəzirov, Həsən bəy Zərdabi və başqaları Sidqini təbrik etdilər.
1909-cu il dekabr ayının 8-də "Ərəbli" təxəllüsü ilə Nadir şah rolunda çıxış edən S. Ruhulla öz oyununda müəyyən nöqsanlara yol vermiş, əsasən H. Ərəblinskini təqlid etmişdir.
"İqbal" qəzetində artistin oyununda "yeni heç nə görülmədiyi", "hərəkət və davranışlarının H. Ərəblinskinin təqlidindən ibarət" olduğu qeyd edilir. "Yeni həqiqət" qəzetində isə yazılırdı ki, "onun hərəkətləri qəhrəmanın daxili məzmunu ilə uyuşmur". Lakin sonralar S. Ruhulla Nadir şah obrazının ifasına daha ciddi yanaşmış və müvəffəqiyyətli nəticələr əldə etmişdir. Qəzetlərdə xəbər verilirdi ki, "bu ilki mövsüm N. Nərimanovun "Nadir şah" tarixi faciəsi ilə açıldı. Baş rolda çıxış edən artist S. Ruhulla öz vəzifəsini yaxşı yerinə yetirdi".
S.Ruhulla bir-birinin ardınca Ə.Haqverdiyevin "Bəxtsiz cavan" faciəsində Musa (rej. H. Ərəblinski, 04.05.1909, İrəvan), Nəriman Nərimanovun "Nadir şah" faciəsində Təhmas (rej. H. Ərəblinski, 10.05.1909, İrəvan), E. Çirikovun "Yəhudilər" əsərində Berezin (rej. H. Ərəblinski, 15.05.1909, İrəvan), Molyerin "Zorən təbib" komediyasında Qətran bəy (rej. H. Ərəblinski, 20.05.1909, İrəvan), N. Nərimanovun "Nadir şah" faciəsində Nadir şah (rej. M. M. Kazımovski, 08.12.1909, Bakı), N. Vəzirovun "Müsibəti Fəxrəddin" faciəsində Fəxrəddin (rej. M. M. Kazımovski, 11.12.1909, Bakı) rollarını ifa edib.
1906–1920-ci illərdə S. Ruhulla təxminən 250-dən artıq şəhər və rayonlar gəzmiş, tamaşaçılar qarşısında çıxışlar etmişdir. O, Moskva, Sankt-Peterburq, Təbriz, Tehran, Rəşt, Qəzvin, İsfahan, Şiraz, Səmərqənd, Buxara, Mərv, Aşqabad, Xarkov, Kiev, Tula, Tiflis, İrəvan, Krasnovodsk, Dərbənd, Maxaçqala, Vladiqafqaz, Qroznı, Əndican, Ufa, Sərab, Ərdəbil, Ənzəli, Kazan, Batumi, Odessa, Rostov, Suxumi, Yalta, Sevastopol, Simferopol, Tuapse, Soçi və başqa şəhərlərdə olmuşdur.
1912-ci ilin yaz mövsümünün sonunda Siqdi Ruhulla İrəvan şəhərinə qastrola getmişdir. Onun rejissorluğu və yerli həvəskarların yaxından iştirakı ilə burada "Müsibəti-Fəxrəddin" faciəsi göstərilmişdir. Sidqi Ruhulla İrəvanda həm Fəxrəddin, həm də Rüstəm bəy rollarında səhnəyə çıxmışdır.
İyun ayında Sidqi Ruhulla İrəvanda qastrol səfərini başa vuraraq Lənkəran-Astara bölgəsinə gəlmişdir. Astaradakı Cəmiyyət evində Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" və Nəcəf bəy Vəzirovun "Ev tərbiyəsinin bir şəkli" dramlarını tamaşaya hazırlamışdır.
Yerli səhnə həvəskarları Cahangir Daşdəmirov, Xankişi Şahvələdov, Ramazan Mirzəbəyov, Məmmədəli Fətullayev, Ələkbər Haşımbəyov və başqaları tamaşanın hazırlanıb göstərilməsində Sidqi Ruhullaya yaxından yardımçı olmuşlar.
Aktyorun kino fəaliyyəti
Sidqi Ruhulla Azərbaycan kinosunda çox çəkilməmişdir. O, cəmi bir neçə filmdə kiçik və ikinci dərəcəli obrazlar yaratmışdır. Onun əsas fəaliyyəti kinonun ilk dövrlərinə düşdüyü üçün texnika məhdud idi. O, ilk olaraq 1928-ci ildə yaranmış, Cənubi Azərbaycandakı milli azadlıq hərakatının iştirakçılarından bəhs edən "Gilan qızı" filmində Hacı Zəkidər rolunda çəkilmişdir.
Sidqi Ruhulla çəkildiyi filmlərin ümumi işində, xüsusilə kütləvi səhnələrin qurmalarında əlbəsələrin seçilib hazırlanmasında öz xidmətini əsirgəməz, "bu tarixdir" — deyə şövqlə çalışardı. Sənətkar kinoda kiçik rollarda çəkilməkdən də imtina etməmişdir.
50 illik səhnə fəaliyyəti dövründə Sidqi Ruhulla həmişə zəngin həyat təcrübəsi, müşahidə, bilik, məharət və bacarıq, gərgin əmək tələb edən 300-ə yaxın müxtəlif surətlər silsiləsi yaradıb. O, Azərbaycan yazıçılarından Cəfər Cabbarlı, Səməd Vurğun, Abdulla Şaiq, Mirzə İbrahimov, Məmməd Səid Ordubadi, Sabit Rəhman, Süleyman Rüstəm, Rəsul Rza, İlyas Əfəndiyevlə yanaşı rus klassiklərinin, qərb dramaturqlarının da əsərlərində müxtəlif rollar ifa edib.
Sidqi Ruhullanın səhnə fəaliyyəti ilə yanaşı, öz sənəti ilə əlaqədar olan ictimai fəaliyyətini də qeyd etmək lazımdır. Aktyor və aktrisaların yeni nəslinin tərbiyəsində, başqa görkəmli səhnə ustaları kimi Sidqi Ruhullanın da müəyyən xidməti olmuşdur. Onun arxivində əksəriyyəti gənclər tərəfindən yazılmış minnətdarlıqla dolu yüzlərlə məktub var.
1931-ci ildə Sidqi Ruhulla Azərbaycan SSR-nin Əməkdar artisti, 1938-ci ildə Azərbaycan SSR Xalq artisti, 1949-cu ildə SSRİ Xalq artisti adını alıb.
Sidqi Ruhulla 5 may 1959-cu ildə 73 yaşında Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
MİA.AZ
Ağalı kəndinə növbəti köç olub
Rusiyanın döyüş təyyarəsi Finlandiya sərhədində qəzaya uğradı - Pilotlar həlak olublar
Portuqaliyada fırtına: 2 nəfər ölüb - Minlərlə insan işıqsız qalıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Sevinc Osmanqızı Baş Prokurorluğa çağırıldı - Səbəb
DÇ-2026: millimiz İslandiyaya uduzdu (Yenilənib)
Türkiyənin Xorvatiyada yoxa çıxan təyyarəsi tapıldı - Qəzaya uğrayıb, pilot həlak olub (Yenilənib)
Bəzi rayonlarda leysan yağacaq - Xəbərdarlıq
İsrail Livanda hərəkətdə olan maşını dronla vurub
Xətai rayonunda bəzi ərazilərdə qaz olmayacaq
Keçmiş komitə sədrinin qardaşının AA seriyalı köhnə maşını... - Hərraca çıxarılıb (FOTO)
"Qalatasaray"ın sabiq baş məşqçisi ərəblərlə anlaşdı - İlə 2.5 milyon avro maaş alacaq
İcra başçılarından şok addım: Qohumlarını işdən çıxarırlar
Türkiyədə mərc oyunları: 102 futbolçu cəzalandırıldı - Siyahıda "Qalatasaray"lı oyunçular da var (SİYAHI)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Fənərbağça" heyətdən kənarlaşdırdı, "Beşiktaş" "qarmaq" atdı
Ümidsiz bir ədəbiyyat - Selcan Ədalətin romanı
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Qərbi Azərbaycan İcmasında xüsusi komissiya yaradılıb
Türkiyənin valyuta ehtiyatı rekord yeniləyib, qızıl ehtiyatı isə... - Həftəlik hesabat
Brüsseldə yenə naməlum dronlar təhlükə saçıb - Uçuşlar dayandırılıb
Prezident İlham Əliyev Özbəkistan mediasına müsahbə verdi: "Ölkələrimizi təkcə coğrafiya deyil, həm də..."
Polis əməliyyatı: "telegram"da azyaşlılara aid porno videolar satan şəxslər saxlanıldı
"Bir canım var, o da bu vətənə qurban olsun" - Fuad Nəcəfli haqqındakı iddialara maraqlı reaksiya verdi
"Difai" komandası yarışlardan kənarlaşdırılıb
Zaqatala sakini “Nar”dan avtomobil qazandı
Bakıda bu şadlıq evində görün nə əti verilirmiş - FOTOLAR
"Premium Bank"da nə baş verir? - Sədr vəzifədən getdi
Tələbə mərkəz direktorunu məhkəməyə verib
Ağdərə rayonuna növbəti köç olub
PA-nın şöbə müdiri yeni və köhnə icra başçısı ilə bir arada - FOTO
QARABAĞA NÖVBƏTİ KÖÇ OLUB
PA rəhbəri Naxçıvanda - Samir Nuriyev yeni nümayəndəni kollektivə təqdim etdi + FOTOLAR
AFFA bəzi klubları cərimələyib
Hindistan Çinlı müharibəyə hazırlaşır? - Mübahisəli ərazidə hərbi hava limanı açıldı, Pekin etiraz edir
Qəzetlərə dövlət dəstəyi azaldıldı - Həftə bir nömrəsi maliyələşəcək
3837 manatdan 7650 manatadək... - İcra başçılarının rəsmi maaşı və artan obyektləri...
“Yüksək əməkhaqqı və 18 saat dərs yükü olacaq” - Nazir müəllimlər üçün yeniliyi açıqladı
Bu bankların əmlakları satışa çıxdı - SİYAHI
İsrail Livanı yenidən bombalayıb