Yasamal rayon İcra Hakimiyyəti Başçısının I müavini, Köçürmə üzrə işçi komissiyanın sədri Səməd İslamov Mia.az-a məktub göndərib.

O, rəsmi məktubla dünən saytımızda vətəndaşın etdiyi şikayətə ətraflı cavab verib.

Səməd İslamovun Mia.az-a göndərdiyi məktubunu cavab haqqı olaraq, olduğu kimi  təqdim edirik:

"Sizin 10.10.2016-cı il tarixdə "Mia.az” saytında "İcra başçısı məni təhdid edir" başlıqlı məqalənizə Yasamal rayon İcra Hakimiyyəti tərəfindən cavab olaraq bildiririk ki, Yasamal rayon İcra Hakimiyyəti ölkəmizdə fəaliyyət göstərən mətbuat orqanlarının nümayəndələri ilə hər zaman açıq şəkildə əməkdaşlıq etmiş və hazırda da bu əməkdaşlıq uğurla davam etməkdədir.

İcra Hakimiyyətinə "Mia.az”saytı da daxil olmaqla, bu günə qədər müraciət edən hər bir kütləvi informasiya vasitələri nümayəndələrinin sualları vaxtında və ətraflı şəkildə cavablandırılıb. Biz ölkədə vicdanla, obyektiv şəkildə fəaliyyət göstərən bütün media nümayəndələrinə hər zaman açıq olmuşuq və onların qələminə böyük hörmətlə yanaşırıq. Lakin, "Mia.az” saytında yayımlanan məqalədə bizimlə dəqiqləşdirilməyən məlumatın dərc edilməsindən təəssüfləndiyimizi bildiririk.

2014-cü ilin əvvəlindən başlayaraq Bakı şəhərinin Baş planına uyğun olaraq rayonumuzda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, eləcə də yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə "Sovetski” adlandırılan ərazidən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi tədbirləri davam etdirilir. Söküntüyə məruz qalan mənzillərin satın alınması əsasən könüllü alqı satqı yolu ilə həyata keçirilmişdir.

Lakin, köçürülməsi məqsədilə nəzərdə tutulan ərazidə dövlət əhəmiyyətli yolların və kommunikasiya xəttlərinin çəkilməsi nəzərdə tutulsa da, paytaxtımız üçün son dərəcə əhəmiyyətli olan bu layihənin yerinə yetirilməsi zamanı 2015-ci ilin ortalarında köçürülmə tədbirlərinin başa çatdırılmasında bir sıra çətinliklər yarandı.

Belə ki, boşalmış ərazidə köçməmiş çox az sayda mənzil sahibləri tərəfindən mənzillərin qiymətləndirilməsində qeyri-real tələblərin irəli sürülməsi nəticəsində başa çatdırılması nəzərdə tutulan layihənin gecikdirilməsilə yanaşı, ətraf sakinlərin mənzillərinə təhlükəsiz gediş-gəlişində, kommunikasiya xəttlərindən istifadə və ərazinin sanitar normalarının təmin edilməsində həlli mümkün olmayan problemlər yaratdı.

Məhz bununla əlaqədar 2015-ci ilin noyabrın 11-dən etibarən qeyd edilən ərazidən mənzillərin köçürülməsi artıq AR Nazirlər Kabinetinin müvafiq qərarı ilə dövlət ehtiyacları üçün torpağın və daşınmaz əmlakın alınması haqqında qanuna uyğun olaraq müvafiq qaydada həyata keçirilməyə başladı.

Məqalədə qeyd etdiyiniz Ə.Hüseynzadə küçəsi 2 ünvanda yaşayan Vüqar Şükürovun rayon İcra Hakimiyyətinin ünvanına öz maddi maraqları naminə irəli sürdüyü ittihamlar tam əsassızdır. Biz dəfələrlə qeyd etmişik ki, çox təəssüflər olsun ki, köçürmə zamanı sakinlər arasında elələrinə rast gəlirik ki, artıq vəsait əldə etmək naminə hər bir qanunsuzluğa, yalana, iftiraya əl atırlar. Əfsuslar olsun ki, Şükürov Vüqar da özünü belələrinin siyahısına daxil etdi.

Belə ki, 2014-cü ilin may ayında ərazidə ölçü işləri aparılarkən, komissiyaya məlumat daxil oldu ki, Ə.Hüseynzadə küçəsi mənzil 2 ünvanında ölçü işlərinin aparılmasına imkan verilmir. Araşdırma zamanı məlum oldu ki, köçürmə ərazisində hər hansı tikinti işlərinə qadağa qoyulduğu halda , Vüqar Şükürov gizli şəkildə qarajda yenidənqurma işləri apararaq, onu yaşayış sahəsinə çevirmək niyyətindədir. Bununla əlaqədar 2014-cü ilin mayın 17-də qanunsuz tikinti işlərinin foto şəkilləri çəkildi və rəsmi sənədləşdirildi. Qarajın darvazasının çıxarılıb tikinti işləri aparılan zaman çəkilmiş fotosunu əlavə edirik:

Bununla əlaqədar ev sahibi xəbərdar edildi ki, qanunsuz gördüyü işlərin əhəmiyyəti yoxdur və onun qarajı yaşayış sahəsi kimi qiymətləndirilməyəcək.

Məlumat üçün bildiririk ki, V.Şükürovun sizə göndərdiyi bildiriş forması sakinlərə göndərilən ekspertlərin hazırladığı ilkin qiymətləndirmə formasıdır və qeyd edilən qiymətə komissiyanın yekun araşdırmalarının nəticələrinə uyğun dəyişiklik edilə bilər.

Vüqar Şükürovun tez-tez sadaladığı 15 nəfərlik komissiya da ondan ötrü yaradılıb ki, qiymətləndirmə şəffaf şəkildə hamının iştirakı ilə tam sənədlər toplusu baxıldıqdan sonra həyata keçirilsin.

13 may 2015-ci ildə komissiyanın növbəti iclasında Vüqar Şükürovun qardaşı qeyd edilən mənzilin pay sahibi və rəsmi etibarnamə ilə çıxış edən Mehti Şükürova faktlarla sübut olundu ki, 1m.90 sm. hündürlüyü olan qarajın yaşayış sahəsi kimi təqdim etmələri əbəsdir. Deyilənlərlə razılaşaraq Mehti Şükürov mənzilə hesablanmış 397370 manat vəsaitlə razılaşmış və razılaşma protokoluna imza atmışdır. Protokolun surətini əlavə edirik:

Lakin, bir müddətdən sonra , qardaşı Vüqar Şükürov komissiyaya gəlmiş və qarajın mənzil sahəsi kimi qiymətləndirilməsini yenidən tələb etmişdir. Dəfələrlə komissiya tam tərkibdə , o cümlədən, rayon İH Başçısı İbrahim Mehdiyev ünvanda olmuş, Vüqar Şükürova qanunsuz tələblərinin əsassız və əhəmiyyətsiz olduğu bildirilmişdir. Lakin, o, inadından əl çəkməmişdir.

Ətrafdakı qonşularının hamısının paytaxtımız üçün çox əhəmiyyətli bir layihənin vacibliyini nəzərə alaraq mənzillərinə hesablanmış vəsaitləri alıb köçmələrinə baxmayaraq, Vüqar Şükürov mənzilinə hesablanmış 397370 manatın müqabilində əsassız tələblər irəli sürür.

Bildiririk ki, bu günə qədər razılaşma əsasında 4000-ə yaxın mənzilin köçürülməsini təmin edən işçi kommissiya , gələcəkdə də ədalət və şəffaflıq prinsiplərini əsas götürəcək, Vüqar Şükürov kimilərinin şantaj və iftira yolu ilə dövlətdən əlavə vəsait qoparmaq niyyətlərinə qarşı barışmaz mövqedə olacaq.

Artıq Ə.Hüseynzadə küçəsi 2 saylı mənzilə müvafiq kompensasiya ödənilməklə boşaldılması barədə məhkəmə qarşısında tərəfimizdən faktlara əsaslanmış iddia qaldırılmış və qəbul edilmiş qərara müvafiq olaraq növbəti addımlar atılacaq".