Azərbaycan elminə yüksək vəzifələrdə çalışan məmurlar, deputatlar, yaxud böyük pullara sahib biznes təfəkkürlü onlarla insan "soxulub".

Bəli, bu, bir faktdır ki, onların hətta normal elmi fəaliyyəti və əsərləri olmasa da, adları universitetlərdə ya 0.5 ştatla müəllim, ya da kafedara müdiri kimi "həkk" olunub. Sirr deyil ki, bir çox maaşa işləyən kasıb alimlər belələri üçün kitab, monoqrafiya, hətta elmi işlər yazırlar. Bunlar isə həmin elmi işləri Ali Attestasiya Komissiyasına (AAK) təqdim edir və beləliklə, siyasi və maddi gücləri ilə elmi adlara sahiblənirlər. 

Mia.az-ın məlumatına görə, son illər pullu adamların özəl ali məktəblərə "ayaq açaraq" oradan "professor" adı almaq şakərinə yoluxma tendensiyası da artıb. Maraqlı məqamlardan biri də budur ki, elə böyük pulla sahib olan şəxslər var ki, hətta AAK-dan sdosent adını 2024-də alsa da, bundan bir il əvvəl özəl ali məktəblərin birindən "professor" elmi vəzifəsini də "qapazlayıb".

Bəs, bu, necə olur? Yəni, dosent adını almamış professor elmi adına yiyələnmək mümkündürmü?

Maraqlı mövzu olduğundan təhsil üzrə tanınmış ekspert, sabiq deputat Etibar Əliyevlə əlaqə saxladıq.

O, Mia.az-a açıqlamasında dosent adını almamış birinə özəl ali məktəblərdə "professor" elmi adının verilməsinin mümkün olduğunu deyir: "Özəl məktəblərdə professor adı Elmi Şuranın qərarı ilə verilir. Bunun dosentliklə əlaqəsi yoxdur. Məsələn, elmlər namizədi, yəni, fəlsəfə doktoru olan adam dosent almamış ona professor adı verilə bilər. Düzdür, burada əsaslar olmalıdır. Yəni, əsərlər, kitab, elmi metodik məqalələr və ya elmi konfrans materialları əsasında, bu, mümkündür. Ancaq sual oluna bilər ki, bu tip adamlar nə əsər yazır və ya yaza bilər ki?! Onların nə yazdığını hamı bilir də. Bax, belə bir uyğunsuzluq var. Bu tiplər də hər yerdə özünü professor kimi təqdim edirlər...".

F.ƏHMƏD

MİA.AZ