Azərbaycanlıların sıx yaşadığı Gürcüstanın Marneuli və Bolnisi rayonlarında parlament seçkilərinin ikinci turu keçiriləcək.

Mia.az xəbər verir ki, bu barədə "Azadlıq Radiosu"na müxalif Vahid Milli Hərəkat partiyasının Bolnisidən olan namizədi Samirə İsmayılova məlumat verib.

Samirə ismayılova deyib ki, o və hakimiyyətin namizədi 50 faizlik baryeri keçə bilməyib və ikinci turda əsas mübarizə onunla Bolnisinin keçmiş meri arasında gedəcək:

"Saxtakarlığa, qanunsuzluqlara yol verildi, "karusel” deyilən bir şey var, eyni adamlar məntəqə-məntəqə gəzib, bülleten salırlar. Neçə məntəqədən nümayəndələrimizi çıxardılar. 45 faiz hakim "Gürcü arzusu”nun namizədi Qoqo Mişveanili, 43 faiz biz toplamışıq”.

Xatırladaq ki, Marneulda olan dairələrin birində də ikinci tur keçiriləcək. Burda isə azərbaycanlı namizəd, müxalif Vahid Milli Hərəkatın dəstəklədiyi Əhməd İmanquliyev "Gürcü arzusu” nun namizədi ilə mübarizə aparacaq.

Seçki günü Marneuli rayonunun Qızılhacılı kəndində yerləşən məntəqədə İmanquliyevin tərəfdarları ilə hakim namizədin adamları arasında qarşıdurma yaranıb. Qarşıdurma zamanı polislərdən də yaralanan olub. Bu barədə sosial şəbəkələrdə video görüntülər yayılıb.

Marneul rayonunun digər dairəsindən isə hakim partiyanın azərbaycanlı namizədi Ruslan Hacıyev seçilib. Digər rəqib namizədlər bu dairədə də seçkinin saxtalaşdırıldığını iddia edirlər.

Onu da bildirək ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası bu vaxta qədər 3 702 seçki məntəqəsində səslərin nəticələrini açıqlayıb.

Bununla da səslərin 82,55 faizi sayılıb. 

Bu nəticələrə görə, "Gürcü arzusu” aprtiyası 49,26 faiz, "Milli Hərəkat” isə 26,46 faiz səs toplayıb.

Bu nəticələrə görə, "Patriotlar Alyansı” 5 faiz səsi toplayarq baryeri aşa bilib.

Mia.az