"Biz Azərbaycan çayını dünyada brend etdik”.
Bunu jurnalistlərlə görüşündə "Azərsun” holdinqin prezidenti Abdulbari Gözəl deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan çayı bütün dünyada tanınır: "Bu çayı Türkiyədə hədiyyə kimi aparırlar. Düzdür, ucuzdur, amma yuxarıda dayanır”.
A.Gözəl deyib ki, Azərbaycanın çox zəngin iqlim qurşağı var: "Kənardan gələn getmək istəmir. Havası da gözəldir. Mandalin, portağal yetişir. Aran torpaqları güclü deyil, amma onların üstündə işləsək gözəl məhsul yetişdirə bilərik. Şoran torpaqları belə istifadəyə vermək olar. Mən bunun üstündə canla-başla işlədim. Bəziləri deyir ki, Gözəlin pulu çoxdur, yeyir-içir kef edir. Mən yaratmaqdan bezmirəm. Bir dəfə də olsun vaxt tapıb tətilə gedə bilməmişəm. Dəniz kənarında oturmağa belə vaxtım olmayıb. Hər daim düşünmüşəm ki, nəsə edim”.
A.Gözəl vurğulayıb ki, prezidentin yerli istehsalla bağlı islahatlar aparması və onu öz nəzarətinə götürməsi iş adamlarına dəstəkdir: "Azərbaycanda istifadəsiz torpaqlar var. Bunlar əvvəl örüş yeri olub. İndi həmin ərazilər təzə-təzə paylanılır. Biz dövlətə çox ciddi təkliflər verdik ki, aqrar sahə iş adamlarının üzünə açılsın. Bizim verdiyimiz təkliflər böyük maliyyə tələb etmir”.
Abdulbari Gözəl media ilə əlaqələrdən də danışıb: "Elə bilirsiniz ki, holdinq qurmaq asandır? Holdinq qurmaq məsuliyyət deməkdir. Siz yerli sənayeni dəstəkləməlisiniz ki, onlar da sizə reklam versin. Yerli sənaye olmasa, siz ayaqda qala bilməzsiniz.
Mən əminəm ki, çətinlik çəkirsiniz, amma yerli sənaye güclü olarsa, rəqabət yaranacaq. Bu zaman rekam verəcək. Rekam isə sizin həyatınızdır. Bütün bisnesmenlərin sizin təbliğatınıza ehtiyacı var”.
AzNews.az