Psixiatriya Xəstəxanasında yoxlama olub

img

22-09-2020 [15:46]


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən Səhiyyə Nazirliyinin 2 saylı  Kliniki Psixiatriya Xəstəxanasına əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmə həyata keçirilib.

Bu barədə Ombudsman Aparatından Mia.az-a bildirilib ki, başçəkmədə məqsəd müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin qiymətləndirilməsi, habelə pasiyentlərin hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması olub.

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu və “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri əsasında keçirilən başçəkmə zamanı ümumi əraziyə, şöbələrə, palatalara baxış keçirilib.

Müəssisədə saxlanma şəraitinin yaxşılaşdırılmasına və palatalarda təmir işlərinin aparılmasına ehtiyac olduğu müşahidə edilib.

MPQ-nin həkim üzvü və psixoloqun da iştirak etdiyi başçəkmə çərçivəsində bir sıra pasiyentlərlə konfidensial söhbət aparılıb. Eyni zamanda, bəzi pasiyentlərin xəstəxanaya yerləşdirilməsi əsasları və müvafiq sənədləşdirmə araşdırılıb.

Başçəkmənin sonunda milli qanunvericilik və beynəlxalq standartlar, o cümlədən BMT-nin “Psixi xəstələrin müdafiəsi və psixiatriya yardımının yaxşılaşdırılması prinsipləri” əsasında müəssisənin rəhbərliyi ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, pasiyentlərin hüquqlarının təmininə diqqətin artırılması, bu sahədə fəaliyyətin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR