Qısa qeydlərim və ya bir dəqiqəlik söz...

img

29-07-2020 [17:19]


Emil Rasimoğlu

***

Klassik ədəbiyyatımızdan üzü bəri özü də bilmədən müəlliflər tərəfindən sənətə və ya kütləyə hesablanan şeirlər yaranıb və bu gün də yaranmaqdadır. Təbii ki, o hesablama anlayışı müəllifin məqsədindən yox, mətn üzərində müəllifdəki dünyagörüşün, baxış tərzinin qənaətindən irəli gəlir. Öncə burada ayaq saxlayıb onu deyim ki, gəlin görək, kütlə təfəkkürlü şeirlər dərin mətni ehtiva edirmi? Qətiyyətlə deyərdim ki, yox! (Təbii ki, mənə görə)

Yola davam edim...Mən şeirin ənənəviliyindən danışmıram. Sən ənənəvi üslubda şeir yaza bilərsən ki, içində böyük novatorluq ola bilər. Bununla bağlı az sonra söz açacağam. 

Mən əsas mövzuya kütlə baxışıyla, təfəkkürüylə yanaşan, çağdaş dövrümüzdə biri-birini təkrarlayan yaradıcılıqları vurğulamaq istəyərdim.
Məsələn, bu gün Sabir Rüstəmxanlının, İbrahim İlyaslının, İlham Qəhrəmanın, Ayaz Arabaçının, Elşən Əzimin, Kəmaləddin Qədimin və.s...yazdıqlarının ən dolğun variantını bir zamanlar Xəlil Rza Ulutürk, Akif Səməd, Məmməd İlqar, Zəlimxan Yaqub, Məmməd İsmayıl, Ağamalı Sadiq Əfəndi yazdı, bitirdi. Artıq ədəbiyyat o mərhələni çoxdan adlayıb. Zamanında o səpkili şeirlər müəyiyən qədər də olsa sənəti əks etdirirdisə bu gün tamamilə əks etdirə bilmir. Əslində modern düşüncə qarşısnda gücü çatmır əks etdirməyə. Sadəcə təkrarçılıq, yoruculuq...Deyə bilərsiniz ki, folklordan gəlir. Folklordan gəlsə də artıq necə deyərlər ədəbiyyat da yarada bilmir.

Şeirdə bir müəllif kimi sən hamı oldunsa orada istedad yoxdu, sadəcə yazmaq vərdişi var. Az öncə dediyim kimi burada söhbət ənənəvi üslubdan getmir. Məsələn, Ramiz Rövşən, Salam Sarvan, Əlizadə Nuri, Narıngül Nadir, Səhər Əhməd, Mətləb Ağa və.s...də ənənəvi üslubda yazdı. Amma onlar bu ənənəviliyin içində qismən də olsa öz yenilikçiliyini edə bildi. Sonrakı nəsillərdən daha bunların da yazdığını yazmaq tələb olunmur. Çünki artıq bu mərhələ də ömrünü başa vurmaqdadır.

Bu məqamda yeri gəlmişkən bir nüansı da qeyd edim ki, ənənəvi üslubda novatorluq edən adlarını çəkdiyim (eləcə də çəkmədiyim bir sıralarının) bu müəlliflərin ən böyük bəlası isə müxtəlif zamanlarda biri-birindən yaranmağı oldu. Məsələn, Ramiz Rövşənin çox hissəsində Mirzə Ələkbər Sabir, Salam Sarvanın çox hissəsində Ramiz Rövşən, Mətləb Ağanın, Səhər Əhmədin, Aqşin Yeniseyin, Narıngül Nadirin və.s...çox hissəsində Salam Sarvan göründü. Buna təsirlənmək də deyə bilərik. Əslində ədəbiyyatda bu və ya bu kimi amillər kifayət qədərdir. 

Adlarını çəkdiyim və ya çəkmədiyim bütün müəlliflərin yaradıcılığına sayğı duyuram. Sadəcə mən bir qələm adamı kimi (tənqidçi kimi yox) öz müşahidələrimin bir hissəsini yazdım. Təbii ki, barışmayan da ola bilər. Bütün hallarda fikirlərə hörmətlə yanaşmağı unutmayaq!..

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı