“Karvan-L” şirkəti cərimələndi

img

28-02-2020 [16:49]


Bakı Apellyasiya Məhkəməsində “Karvan-L" MMC-nin inzibati qaydada cərimə edilməsi barədə məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

“Report”un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə apellyasiya şikayəti təmin edilməyib və qərar dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, ötən ilin sentyabr ayında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Bakı şəhəri ərazisində sanitariya-gigyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə paytaxtın Qaradağ rayonu ərazisində reyd keçirib.

Reyd zamanı Puta qəsəbəsi ərazisində yerləşən “Karvan-L” MMC-nin nəzdində təkrar emal və utilizasiya sexinə aid olan zəhərli maddələrin yandırılması və qalaqlanması faktı aşkar edilib.

Qaradağ Rayon Məhkəməsi oktyabr ayında İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə inzibati cərimə qərarı çıxarıb.

Bu inzibati xətaya görə, fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

“Karvan-L” şirkəti dizayn və layihələndirmə, tikinti materiallarının istehsalı, metal emalı və xüsusi avadanlıqlar, kimyəvi məhsullar, tullantıların təmizlənməsi və emalı, kənd təsərrüfatı məhsulları sahələri üzrə fəaliyyət göstərir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR