Nəsimi rayonunda “2 fevral – Gənclər günü” münasibəti ilə tədbir keçirilib - FOTOLAR

img

01-02-2020 [13:05]


Bu gün “Romance Palace”da Nəsimi rayon gənclərinin 2 Fevral – Gənclər gününə həsr olunmuş möhtəşəm bayram tədbiri keçirilib.

Mia.az xəbər verir ki, gənclər tədbirinə  rayonun elm, mədəniyyət, təhsil, ictimai,  elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələri, çoxsaylı qonaqlar dəvət olunublar.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov  dəvət olunanları salamlayaraq qeyd edib ki, dahi Heydər Əliyev Azərbaycan gəncliyini hər mənada güclü görmək istəyirdi: "Odur ki, Ümummilli liderimiz Heydər Əliyev 1994-cü ilin iyulunda Azərbaycanda Gənclər və İdman Nazirliyini yaratdı və gəncləri bir araya topladı. 1996-cı il fevralın 2-də isə ilk dəfə müstəqil dövlətimizin Gənclər Forumu keçirildi və daha sonra Ulu öndər Heydər Əliyevin  imzaladığı sərəncamla fevralın 2-si Azərbaycan gəncləri günü elan edildi. Gənclərə, gələcək nəslə çox böyük fikir verən, onların problemlərini hər zaman diqqət  mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atılır. 2007-ci ilin «Gənclər ili» elan edilməsi, «Azərbaycan Gəncliyi Dövlət Proqramı»nın təsdiqi, Gənclər Fondunun yaradılması, gənclər, onların sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların verilməsi  həmin işlərin bir hissəsidir.

Nəsimi rayonunda  keçən müddət ərzində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi və bütövlükdə Dövlət Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində çox böyük işlər görülmüşdür".

Asif Əsgərov bildirdi ki,  hər zaman gənclərə dəstək olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır: "Heydər Əliyev Fondunun  Azərbaycanın mədəniyyətinin, tarixinin və ölkədəki nailiyyətlərin dünya miqyasında təbliği və tanınmasında böyük rolu vardır".

Tədbirdə çıxış edən digər çıxışçılar ölkədə və Nəsimi rayonunda gənclərlə bağlı görülən işlərdən danışmış, gəncləri bayram münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıblar.

Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət sahələrində fərqlənən gənclərə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və hədiyyələri təqdim olunublar.

Bayram tədbirində gənclər “2 fevral- Gənclər günü” münasibətilə hazırlanmış  tortu kəsmiş, daha sonra Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin istedadlı tələbələrinin, 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin rəqs kollektivinin  və incəsənət ustalarının  iştirak etdiyi böyük konsert proqramı və gənclər diskotekası ilə  başa çatıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA