“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı

img

07-02-2026 [18:47]


Bir müddət əvvəl “Turan-Tovuz” Futbol Klubunun (FK) bir qrup azarkeşi bəyanat yayaraq komandanın məğlub olduğu oyunlarda izləyicilərin komandadan üz çevirməsi və ünvanına xoşagəlməz ifadələr səsləndirməsini qınamışdı.

Mia.az xəbər verir ki, söhbət ev oyunlarına azarkeşlərin rəqib komandanı dəstəkləyən çağırışlarından gedir.

Ümumiyyətlə, “Turan-Tovuz”un geniş izləyici və azarkeş auditoriyası, fan-klubu var və klubun ev oyunları böyük anşlaqla keçir.

Bu mövsümdə yenilənən Tovuz şəhər stadionu keçən ilin noyabr ayında oyunlar üçün açıq elan edilsə də, torpaq örtüyünün kifayət qədər bərkiməməsi səbəbindən yararsız hala düşdü. Qış fasiləsindən sonra “Turan-Tovuz” yenə öz evindən uzaq düşərək Bakıya yerləşdi və ev oyunlarını müvəqqəti olaraq “Azərsun Arena”da keçirməyə başladı.

Bu qərarın həm də komandasına xor baxan azarkeş üçün bir dərs olduğu şübhəsizdi.

Hələ noyabr ayında, stadionun açılışının ilk günündə oyundan sonra tribunaların hansı vəziyyətdə olduğunu, necə zibilləndiyini mia.az olaraq yazmış və görüntüləri həm də sosial şəbəkələrdə paylaşmışdıq. O zamanlarda azarkeşlərin hərəkətləri qınağa çəkilmiş və çoxsaylı narazılıqlar müxtəlif sosial platformalarda yer almışdı.

Daha sonra azarkeş öz evində uduzan komandasının ünvanına tribunalardan nalayiq ifadələr işlətməyə başladı. Daha sonra oyun meydançasına müxtəlif əşyalar atmağa başladı ki, klub buna görə Peşəkar Futbol Liqasında (PFL) cərimə ödəməyə məcbur oldu. Ev oyunlarından birində azarkeşlərə bununla bağlı xəbərdarlıq edildiyini də xatırlayıram: əgər yad əşyaların atılması davam etsəydi, ev oyunları azarkeşlərin iştirakı olmadan keçiriləcəkdi.

Axırda lap təhəmmülsüz hadisə baş verdi. Növbəti ev oyununda “Turan-Tovuz” azarkeşləri rəqib komandanın qələbəsini alqışlamağa başladılar ki, bu da deyəsən, klub rəhbərliyinin səbrini daşıdan sonuncu damla oldu. Onsuz da stadiona yad əşya atılması səbəbiylə izləyicilərə qadağa qoyula bilərdi, hələ üstəlik, azarkeş adına layiq olmayanlar da var, stadionun vəziyyəti də nöqsanlı, onda ev oyunları üçün Tovuzda əziyyət çəkməyə dəyərdimi?

Məncə də, qoy bir az darıxsın azarkeş doğma stadion və doğma komanda üçün.

Qoy, bir az əziyyət çəkib kilometrələrcə yol ölçüb Bakıya gəlsin. Onsuz da klubu səfər oyunlarında müşayiət etmirdilərmi? Bakıya da gəlsinlər.

O gün “Azərsun Arena”da qara, çovğuna baxmayaraq komandasını 90 dəqiqə ayaqüstə dəstəkləyən azarkeşi vardı “Turan-Tovuz”un. Bunlar o kəslərdi ki, komanda uduzanda rəqibi alqışlamır, o vaxt Tovuzda dedikləri kimi, "vur, Mikels" ("Sabah"ın oyunçusu " - Z.M.) qışqırmır. Onlar “Turan-Tovuz”un “enişli-yoxuşlu” günlərini təbii qarşılayaraq, kluba sevgisini dəyişməyən adamlardı.

Tovuz klubu hazırda 30 xalla premyer liqa turnirinin üçüncüsüdü. Hələ qarşıda oyunlar var və elə bu yerində komanda özünü bərkidə bilsə, avroliqa oyunlarına vəsiqə qazana bilər. Digər tərəfdən, Kubok oyunlarında da inamlı görünür qərb favoriti. O gün qarlı havada döyüşən komanda müsaj verdi ki, final üçün də eynilə bu cür döyüşməyə hazırdı.

Zülfiyyə Mustafayeva

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:17 06.02.2026

QHT sədri qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA