Azərbaycanda 47 vəzifəli şəxs məsuliyyətinə cəlb edilib - Korrupsiyaya görə

img

15-01-2020 [10:23]


2019-cu ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 8447 müraciətinə baxılıb, həmçinin 317 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 231-i (72.90 %) üzrə cinayət işi başlanıb, 86 (27.10 %) material üzrə digər prokuror təsir aktları tətbiq edilib.

Bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev mətbuat konfransında deyib. 

O bildirib ki, korrupsiya hüquqpozmaları barədə müraciətlərin fasiləsiz rejimdə qəbulu məqsədi ilə yaradılmaqla Baş İdarə ilə vətəndaşlar arasında mühüm əhəmiyyətli dialoq vasitəsi rolunu oynayan “161-Qaynar xətt” əlaqə mərkəzinə hesabat dövründə daxil olmuş əsasən, yerli icra hakimiyyətləri, səhiyyə, sosial müdafiə, təhsil, bələdiyyə və digər sahələri əhatə edən 3849 müraciət üzrə əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib, 19 halda müraciət üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, habelə aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün müvafiq təşkilatlara təqdimatlar göndərilib, görülmüş tədbirlər nəticəsində 47 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib.

 Kamran Əliyevin sözlərinə görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları öz vəzifələrini uğurla icra edərək keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il 19 şəxs cinayət başında yaxalanıb, 17 nəfər axtarışda olan şəxs saxlanılıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilən məlumatlar əsasında 49 cinayət işi başlanıb.

Bildirib ki, 2019-ci il ərzində Baş İdarədə 497 şəxs barəsində 310 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib:

“Həmin cinayət işlərindən 101 şəxs barəsində 59 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 69 şəxs barəsində 55 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 36 şəxs barəsində 18 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 52 şəxs barəsində 20 iş rüşvət alma (passiv rüşvətxorluq), 68 şəxs barəsində 43 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA