FİRMA MAŞINLARI, "QARA BLOKNOT", GİZLİ KAMERALAR... - Bakının yol polisində yoxlama ilə bağlı sensasion iddialar və rəsmi reaksiya

img

08-01-2020 [20:41]


Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində ciddi yoxlamalar aparıldığı barədə xəbər vermişdik.

Mia.az xəbər verir ki, BakuPost yoxlama zamanı üzə çıxan qanunsuz əməllərin bir qismi haqqında sensasion məlumatlar əldə edib.

Aparılan kompleks yoxlamalar zamanı bir müddət əvvəl nazir Vilayət Eyvazovun ləğv etdiyi kabinetlərin - “rüşvət otaqları”nın bir hissəsinin hələ də fəaliyyət göstərdiyi məlum olub.

Bundan əlavə, idarə rəisi və alay komandirinin tapşırığı ilə bir nəfər mülki şəxsin kameralara nəzarət etməsi, əsasən, firma maşınları ilə bağlı “əməliyyatlar” keçirməsi, onların aylıq pul ödəməsi faktı da ortaya çıxıb.

Yoxlama aparan şəxslər müəyyən ediblər ki, Axundov Asim Nazim oğlu adlı həmin şəxs aylıq pul ödəyən avtomobillərin işinə nəzarət edirmiş. Və bununla bağlı özünün qeydlər, rəislər üçün hazırladığı hesabat kitabı varmış. Həmin “qara bloknot” yoxlama zamanı ələ keçirilərək, araşdırmaya təqdim olunub.

Bildirilir ki, A.Axundov mülki şəxs olsa da, hər hansı avtomobilin saxlanılması, cərimə meydançasına aparılması üçün polislərə əmr vermək səlahiyyətinə sahib olub. Onun verdiyi göstərişlər qanunsuz olsa belə, yol polisləri tərəfindən qeyd-şərtsiz həyata keçirilirmiş.

O, hətta kameralara nəzarət edən aparaturanı özünün şəxsi avtomobilində (90 EE 085 nömrə nişanlı) gəzdirmək, ödənişləri vaxtında verilməyən firma maşınlarının “ovlanmasında” da iştirak etmək kimi böyük səlahiyyətlərə malik olub.

Qeyd olunan bu faktlar toplanaraq Daxili Təhqiqat İdarəsinə təhvil verilib.

*****

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) İdarəsində ciddi yoxlamaların aparıldığı barədə yayılan məlumatlara münasibət bildirib.

Mia.az-ın məlumatına görə, BŞBPİ-in Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə bildirib ki, yayılan məlumatlar fərdi təxəyyüldən yaranan qənaətlərdir:

"Yazıda iddia olunan “hesabat kitabı”, yaxud hansısa “qara bloknot” haqqında bizdə rəsmi məlumat yoxdur".

Qeyd edək ki, bəzi xəbər saytlarında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində yoxlamaların başlandığı barədə məlumat yayılıb. Məlumata görə, yoxlamalar zamanı Daxili İşlər naziri Vilayət Eyvazovun ləğv etdiyi kabinetlərin - “rüşvət otaqları”nın bir hissəsinin hələ də fəaliyyət göstərdiyi qeyd edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA