"Məni işdən qanunsuz azad edənlər..." - Nəsimi Mühafizə İdarəsinin sabiq əməkdaşı Vilayət Eyvazovdan kömək istəyir

img

29-12-2019 [13:49]


Bakı şəhəri, Səbail rayonu, Y. Mürsəlov küçəsi, ev 26-da yaşayan Hüseynov Taleh İlham oğlu tərəfindən Mia.az saytına şikayət məktubu daxil olub.

Şikayətçi yazır ki, onu işlədiyi Nəsimi Rayon Mühafizə İdarəsindən qanunsuz formada işdən azad ediblər:

"Yazaraq bildirmək istərdim ki, mən, Hüseynov Taleh İlham oğlu 2007-ci ildən DİN-in Baş Mühafizə İdarəsinin (BMİ) Nəsimi Rayon Mühafizə İdarəsində polis nəfəri vəzifəsində xidmət etmişəm. 2012-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına sənədlərimi vermişəm, lakin qəbul ola bilməmiəm. 2014-cu ildə imtahan verərək, Ukraynada Kiyev Dövlət Universitetinin hüquq fakultəsinə daxil olmuşam.

 20.11.2019-cu il tarix də Baş Mühafizə İdarəsinin əmrinə əsasən, Daxili İşlər Orqanlarında xidmətdən xaric olunmuşam".

Şikayətçi bildirir ki, işdən azad olunması yaxın qohumu ilə yaşadığı miras problemilə əlaqələndirilsə də, haqqında aparılan araşdırmalar tamamilə əsassız və qərəzli olub: "Səbail rayon Məhkəməsindəki miras bölgüsünə dair qohumum tərəfindən BMİ-nə şikayət daxil olmuşdur. Guya onu təhqir etmişəm. Daxil olan şikayətin araşdırılması zamanı BMİ-nin polis mayoru Ziya Ağayev  araşdırmanın hududlarını aşmışdır. Bunlardan birini nəzərinizə çatdırmaq istəyirəm.

Belə ki, Ziya Ağayev şikayətçinin ünvanıma söylədiyi böhtanların təsdiqini tapmadığını gördükdən sonra virtual şəbəkələrdən birindəki (facebook) profilimə daxil olaraq ordan şəxsi şəkillərimi və məlumatlarımı götürmüşdür. Daha sonra isə  Nəsimi RMI-nin komandir heyəti ilə əlaqə yaradaraq virtual şəbəkələrdən birində şəkillər paylaşdığımı, təşkilati-inspektor şöbəsinin rəis müavini İlqar Malışovla ancaq onun bildiyini, rəhbərliyin qulağına çatacağı təqdirdə, Daxili İşlər Orqanlarından xaric olacağımı deyərək, mənə söz göndərməklə, hədə-qorxu gəlirdi...".


Şikayətçi sabiq polis əməkdaşı bu yerdə noyabrın 13-də BMİ-də izahat alınarkən onunla aparılan "danışıqlar"dan, təhqiretmədən bəhs edib, iddialar irəli sürüb. Lakin qarşı tərəflə bunları dəqiqləşdirə bilmədiyimiz üçün detallarına varmadıq. 

Taleh Hüseynov daha sonra iddia edir ki, əgər izahatın alındığı otaqda kameralar səsi qeydə alırsa, bütün bunlara müəyyən edərək qulaq asmaq olar: "Beləliklə, sonda işin materiallarında olan faktları təhrif edildi. Baş Mühafizə idarəsinin rəhbərliyində barəmdə mənfi təəsurat yaradaraq, Daxili Işlər Orqanlarında xidmətdən xaric olunmağıma səbəb oldu...

Barəmdə daxil olmuş şikayət üzrə işin halları, həqiqətin aşkarlanması isə BMI-nin zabit heyyətini heç maraqlandırmırdı".

Şikayətçi yazır ki, o, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə də müraciət edib: "Onlar da işin DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə yönləndirildiyini və ordan gələn nəticəyə əsasən, araşdırmanı davam etdirib-etdirməyəcəklərinə dair qərar verəcəklərini dedilər.  

Baş İstintaq və Təhqiqat İdarəsində izahat yazdıqdan 3 gün sonra zəng edib əlavə ifadələrimin olduğunu bildirsəm də, təəssüf ki, işin materiallarının artıq göndərildiyini və əlavə ifadə verə bilməyəcəyimi dedilər. Ümid edirəm ki, həmin idarənin məsul əməkdaşları işin materiallarını hərtərəfli araşdırıb obyektiv, ədalətli nəticəyə gələcəklər".

Taleh Hüseynov onu da bildirir ki, işdən qanunsuz azadolunması ilə bağlı əmrin surətini də ona vaxtında verilməsini idarə rəhbərliyi qəsdən yubadıb: 

"Təsəvvür edin ki, Baş Mühafizə İdarəsi İnzibati Prossesual Məcəllənin 38-ci maddəsi ilə nəzərdə tutulan inzibati aktın məhkəmədə mübahisələndirilməsinə dair nəzərdə tutulmuş 1 aylıq iddia müddətini buraxmağım üçün, əmrimin sürətini mənə 20 dekabr saat 16:53-də email poçtuma göndərmişlər. Yəni 20 noyabr tarixində DİO-dan xaric olunduqdan sonra məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulan axırıncı gün.  Axıcrıncı saatı və axırıncı dəqiqələri. Yəni düşünüblər ki, mənə 7 dəqiqə kifayətdir ki, bundan sonra məhkəməyə iddia ərizəsi yazıb və onu poçtla göndərə bilim. Bildiyiniz kimi, poçt şöbələrində göndərişlər saat 17-00-a qədər mümkün olur. Baş Mühafizə İdarəsinin bu cür cılız, ucuz hərəkəti heç bir etik dəyərlərə sığmır.  Hüquqlarımı pozduqları bəs deyilmiş kimi, bu hüquqlarımın müdafiəsi üçün zəruri addımları atmağıma maneçilik törətməyə çalışırlar. Fikirləşiblər ki, birdən mən müddəti buraxdığımı düşünüb məhkəməyə müraciət etmərəm. Amma həmin müddətə qədər də mən artıq əmrimin mübahisələndiriməsi üçün məhkəməyə iddia ərizəsi göndərdim. Bax, Baş Mühafizə İdarəsinin rəhbərliyi keçmiş işçilərinin hüquqlarına bu cür yanaşır. 12 il yayın istisində, qışın soyuğunda dayanmadan xidmət edən birinə qarşı bu cür münasibət göstərir.  Adam deməyə də söz tapmır, ayıbdır sadəcə.

Üstəlik, Nəsimi Rayon Mühafizə İdarəsihaqqımda tərtib etdiyi xidməti xasiyyətnaməmdə ancaq inzibati tənbehə cəlb olunmağımla bağlı neqativ halları göstərib.  Elə mənfi yöndə tərtib ediblər ki, heç, bir iş yerinə təqdim ediləsi vəziyyət də deyil. 2011-ci ildə xidmətdə əldə etdiyim yüksək nəticələrə görə nəzərdə tutulan pul mükafatı və polis əməkdaşı vəzifələrinin nümunəvi yerinə yetirilməsinə görə nəzərdə tutulan təşəkkürlər heç biri göstərilməyib. İndi yəqin aramızda baş tutacaq məhkəmədə bunu haqqımda mənfi yönümlü xarakteristika kimi təqdim edib, hakimin başını aldacaqlar. İnzibati Prossesual Məcəllənin 14.1-ci maddəsinə görə inzibati aktı (digər sənədi) qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Mənim şəxsi işim kadr şöbəsindən çıxarılaraq yoxlanılsa məlum olacaq ki, bir sıra məlumatlar ora salınmayıb. Yəni əgər mən bu xidməti xasiyyətnaməni inzibati-iqtisadi məhkəmədə mübahisələndirsəm və arxivdən xidməti xasiyyətnamdə qeyd olunmayan məlumatlar aşkarlansa, onda onu imzası ilə təsdiq edən Nəsimi Rayon Mühafizə İdarəsinin rəisi Elçin Bəşirov, kadr və karguzarlıq şöbəsinin işçiləri, bu xasiyyətnamənin hazırlanmasında rolu olan hər bir şəxs nəinki işdən kənarlaşdırılmalı, həmçinin qanunla müəyyən olunmuş şəkildə məsuliyyətə cəlb olunmalıdırlar...".

Taleh Hüseynov daha sonra  Nəsimi Rayon Mühafizə İdarəsindəki qanunazidd əməllərdən söz açıb və DİN rəhbərliyindən bu faktların da araşdırlmasını xahiş edib: "İnanıram ki, hazırda DİN sistemində böyük və müsbət dəyişikliklərə imza atan cənab nazir Vilayət Eyvazov məktubumda göstərdiyim xüsusatların aradan qaldırılması və müvafiq tədbirlərin görülməsinə dair göstəriş verəcək...".

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini də yaymağa hazırıq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA