Dünya çempionu tələbə-rektor seçildi - Texniki Universitetdə + FOTO

img

20-12-2019 [15:07]


Azərbaycan Texniki Universitetinin (AzTU) tarixində ilk dəfə tələbə-rektor seçkisi keçirilib.

Universitetdən Mia.az-a verilən məlumata görə, noyabrın 27-dən universitetin ayrı-ayrı fakültələrində start götürən seçkidə tələbələr açıq səsvermə yolu ilə, bərabər və demokratik əsaslarla öz seçimlərini ediblər.

AzTU-nun 7 fakültəsinin hər birindən bir namizəd seçilib və onlar son mərhələdə universitetin əməkdaşlarından ibarət Seçki komissiyasının üzvləri qarşısında platformalarını təqdim ediblər. Çıxışlardan sonra 7 tələbə-rektor namizəd arasında gizli səsvermə keçirilib. Qaydalara əsasən, hər namizəd şəxsən özünə və digər bir nəfər namizədə səs verib.

Səsvermənin nəticəsinə görə, Azərbaycan Texniki Universitetinin ilk tələbə-rektor seçkisinin qalibi “İnformasiya və kommunikasiya texnologiyaları” fakültəsinin 2-ci kurs tələbəsi Əli Abdullazadə olub.

AzTU-nun rektoru Vilayət Vəliyev tələbə-rektor Əli Abdullazadəni qəbul edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Bir il müddətinə seçilən tələbə-rektor ona verilən səlahiyyətlər daxilində AzTU-da təhsil alan tələbələrin maraqlarını təmsil edəcək.

Əli Abdullazadə 2001-ci il iyunun 15-də Bakıda anadan olub. Yasamal rayonu 52 nömrəli məktəbin məzunudur. Karatenin Kempo növü üzrə Avropa və dünya çempionudur.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA