Rektor və prorektorun məhkəməsində 270 min manatlıq qərar açıqlandı

img

06-08-2013 [17:15]



Təhsil Nazirliyi tərəfindən fəaliyyəti dayandırılan Moskva Dövlət Açıq Universitetinin Bakı filialının rektoru Muğan Salahov, prorektor Ramazan Hüseynov və xəzinədar Nemət Həsənovun işi Ali Məhkəmədən geri qaytarılan işi üzrə Bakı Apellyasiya məhkəməsində keçirilən proseslə bağlı yeni hökm verilib. 

 Bu barədə mia.az-a daxil olan məlumata görə, Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımov keçmiş rektor, prorektor və xəzinədar işi ilə bağlı bir neçə gün əvvəl qərarını açıqlayıb: «Hakim Bakı Ağır cinayətlər Məhkəməsinin Ali Məhkəmə tərəfindən bir neçə ay əvvəl yenidən baxılması üçün geri qaytarılan işi üzrə yeni hökmünü elan edib. Yeni hökmdən bəlli olub ki, rektor, prorektor və xəzinədarın Ağır Cinayətlər Məhkəməsinin hökmündən əsas narazılıqları, əslində, barələrində verilən cəzalar deyil, 270 min manatlıq pul vəsaiti də olub. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən məhkəmədə o da aydın olub ki, Muğan Salahov keçmiş prorektoru Ramazan Hüseynovdan nə az, nə çox – düz 270 min manat geri tələb edirmiş və bunu da əvvəlki məhkəmə hökmləri ilə qanuniləşdiribmiş. Lakin bir neçə gün əvvəl hakim Əflatun Qasımov hökmdə dəyişiklik edib. O, hökmün Ramazan Hüseynovdan 270.000 manat pul alınıb, M.Salahova ödənilməsi hissəsini ləğv edib. Yəni, yeni hökmlə  rektorun prorektordan bu pulu almaq cəhdi tam aradan qalxdı».

 Xatırladaq ki, 2010-cu ildə hər üç şəxsi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi həbs edib. Onların barəsində Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda özgə əmlakını ələ keçirməklə törədilən dələduzluq, mənimsəmə və israf etmə maddələri ilə aparılmış cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

 Məlumata görə, Cinayət Məcəlləsinin 29, 178.3.2, 178.3.2, 179.3.2, 193-1.3.2, 213.2.2, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə ittiham olunan Muğan Salahov, Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 193-1.3.2, 213.2.2 və 313-cü maddələri ilə itiham edilən Nemət Həsənov və Cinayət Məcəlləsinin 29, 178.3.2, 178.3.2, 179.3.2, 193-1.3.2, 311.3.1, 311.3.2, 313-cü maddələri ilə ittiham olunan Ramazan Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazı qalıblar: «Məsələnin ən maraqlı tərəfi budur ki, 61 şikayətçinin pulunu mənimsəməkdə və yuxarıda göstərilən digər əməlləri törətməklə 9-10 maddə ilə ittiham olunan bu şəxslərə Bakı Ağır cinayətlər Məhkəməsi Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə şərti iş verib. Belə ki, məhkəmənin hökmü ilə Muğan Salahov 4 il, Ramazan Hüseynov 3 il, Nemət Həsənov isə 2 il şərti azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar. Nə qədər qəribə görünsə də, həbs edilən «üçlük» təkcə hökmün bu hissəsindən deyil, həm də öz aralarında olan pul söhbətlərindən narazı qalıblarmış».

 Əldə etdiyimiz məlumata görə, Muğan Salahov məhkəmənin 270 min manatlıq hökmündən narazı qalıb və böyük ehtimala o, Ali Məhkəməyə şikayət edəcək. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA