Deputat övladlarının qətl haqda istintaqa verdiyi ifadələr yayıldı - Şok

img

07-05-2013 [11:22]


Bakı Ağır Cinayətlər Məhkəməsində deputat Hüseynbala Mirələmova məxsus ?1001 gecə? istirahət mərkəzində törədilən qanlı cinayət olayının araşdırılması davam edir. Məhkəmə qarşısına deputatın qardaşı oğlu Rəşad Mirələmov çıxarılıb. Artıq iş üzrə bir neçə proses keçirilib. Amma zərərçəkən tərəf prosesdə iştirak etmir. Zərərçəkən Nənəş İsmayılova bunu cinayət işinin düzgün araşdırılmaması ilə əsaslandırır. Oğlu Ramal Bayramovun öldürülməsi ilə bağlı prezidentə yazdığı, surətini redaksiyamıza göndərdiyi növbəti məktubda N.İsmayılova yazır: ?Cənab prezident! Hər dəfə oğlum Bayramov Ramal Abdulla oğlunun Milli Məclisin deputatı Hüseynbala Mirələmovun oğlanları və qardaşı oğlanları tərəfindən öldürüldüyünü yazsam da əvəzində heç bir cavab almıram. Əksinə, mənim və o biri oğlumun da öldürülə biləcəyi hədəsini eşidirəm?. Qeyd edək ki, ?Yeni Müsavat?ın ötən saylarında iş üzrə tərtib olunan ittiham aktında yer alan bir neçə ifadəni dərc etmişdik. İttiham aktında deputat H.Mirələmovun övladlarının ifadələrinin əks olunmadığını da yazmışdıq. Deputatın övladlarının qanlı cinayətdən 2 gün sonra şahid qismində verdikləri ifadələri əldə etmişik. Deputatın övladları cinayət baş verərkən hadisə yerində olmalarını təkzib ediblər. Baxmayaraq ki, Rəşad Mirələmov (deputatın cinayət törədən qardaşı oğlu) hadisə zamanı əmisi övladlarının onun yanında olmaları haqda ifadə verib. Deputatın polis rəisi olan oğlu istintaqa nə deyib? Hadisə baş verərkən Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinin rəisi vəzifəsini daşıyan Mirələmov Fərid Hüseynbala oğlu istintaqa verdiyi ifadəsində deyib: ?Lənkərandan Bakı şəhərinə ailəm ilə birlikdə 1986-cı ildə köçmüşük. 1999-cu ildən daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləmişəm. Hazırda isə Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsinin rəisi vəzifəsində işləyirəm. 15 iyul 2012-ci il tarixdə növbəti əmək məzuniyyətinə çıxmışam və həmin tarixdən də artıq işə çıxmıram. Bakı şəhəri, Şıx çimərliyində yerləşən ?Mir bir gecə? istirahət mərkəzi atama məxsus olduğundan arabir mən, qardaşım və əmim uşaqları həmin istirahət mərkəzinə gəlirik. 2012-ci ilin iyul ayının 16-da məzuniyyətdə olduğum gün saat 18 radələrində ?Min bir gecə? istirahət mərkəzinə getdim. Orada olduğum müddətdə saat 21 radələrində gördüm ki, Bakı şəhər sakinləri Gülarə və Aytən adlı tanışlarım da həmin istirahət mərkəzinə gəliblər. Onlarla görüşüb birgə mərkəzin səhnə adlanan hissəsində masa arxasında oturub musiqiyə qulaq asırdıq. Həmin vaxtı gördüm ki, əmim oğlu Cavid də ora gəlibdir. Cavidi görüb, tanışlarım Gülarə və Aytəndən ayrılıb Cavidlə görüşərək bir yerdə ?besetka" adlanan otaq kimi düzəldilmiş dəniz kənarında olan yerdə oturub çay içdik. Cavid Lənkəran şəhərində yaşayan qardaşı Rəşadın da bir azdan istirahət mərkəzinə gələcəyini dedi. Rəşadı 5-6 ay olardı ki, görmədiyim üçün ondan ötrü darıxmışdım. Gecə saat 23 radələrində əmim oğlu Rəşad istirahət mərkəzinə gəlib bizim masaya yaxınlaşaraq bir yerdə oturub çay içdik, hal-əhval tutduq. Təqribən yarım saat bir yerdə oturduq, Rəşaddan nə yaxşı Bakı şəhərinə gəldiyini soruşduqda, o, hansısa müəssisədə cəza çəkən qardaşı Fazilə baş çəkməyə gəldiyini bildirdi. Rəşad və Cavidlə bir yerdə təqribən yarım saat oturub ümumi ailə, məişət barədə söhbət etdikdən sonra qardaşım Rauf da gəlib bizimlə görüşərək masa arxasında əyləşdi. Tanışlarım Gülarə və Aytən başqa masa arxasında əyləşdiklərindən onları tək buraxmamaq üçün mən əmim oğlanlarından üzr istəyib onlarla sağollaşaraq ayrılıb tanışlarımın yanına getdim. Gecə təqribən 1 radələrində mən və tanışlarım Gülarə və Aytənlə sonuncunun idarə etdiyi ağ rəngli, ?Hunday Sonata? markalı 90-??-906 dövlət qeydiyyat nişanlı avtomaşınla istirahət mərkəzini tərk etdik. Həmin gecə 3 radələrində istirahət mərkəzinin administratoru Elşən mənim mobil telefonuma zəng edib istirahət mərkəzində atışma düşdüyünü bildirdi. Mən də atamı yuxudan oyadıb ona bu barədə məlumat verdim və atamla bir yerdə istirahət mərkəzinə gəlib gördük ki, artıq hamı dağılışıbdır və yalnız administrator Elşən oradadır, polis əməkdaşları isə hadisə baş verən ?besetka?ya baxırdılar. Elşəndən soruşanda ki, mərkəzdə nə hadisə baş verib, o bildirdi ki, əmim oğlu Rəşad kimlərləsə mübahisə edib və tapança ilə atəş açaraq kimlərisə vurub, həmin adamları da götürüb aparıblar. Həmin vaxtı konkret olaraq nəyin üstündə mübahisə baş verdiyini və nə səbəbə görə Rəşadın silahdan atəş açmasını bilmədim. Bundan sonra F.Mirələmov müstəntiq Pərviz İbayevin suallarını cavablandırıb: Müstəntiq P.İbayev: - 2012-ci ilin iyul ayının 16-dan 17-nə keçən gecə əminiz oğlu Rəşad Mirələmovun mübahisə edib silahdan atəş açdığı şəxsləri tanıyırsınızmı və ümumiyyətlə, bunun səbəbini bilirsinizmi? F.Mirələmov: - Xeyr, 2012-ci ilin iyul ayının 16-dan 17-nə keçən gecə əmim oğlu Rəşad Mirələmovun mübahisə edib silahdan atəş açdığı şəxsləri tanımıram və bunun səbəbini də bilmirəm. - Siz Bayramov Ramal Abdulla oğlu, Süleymanov Elmar Şahmur oğlu, Qasımov Elnur Əşrəf oğlu, Mənsimov Səməd İbadət oğlunu tanıyırsınızmı, musbət halda haradan tanıyırsınız və aranızda olan münasibət barədə nə göstərə bilərsiniz? - Mən Bayramov Ramal Abdulla oğlu, Süleymanov Elmar Şahmur oğlu, Qasımov Elnur Əşrəf oğlu, Mənsimov Səməd İbadət oğlu adlı şəxsləri ümumiyyətlə tanımıram və onlarla heç bir münasibətim yoxdur. - Cinayət işinin materiallarından görünür ki, 2012-ci ilin iyul ayının 16-dan 17-nə keçən gecə əminiz oğlu Rəşad Mirələmov ilə Bayramov Ramal və qeyriləri arasında mübahisə baş vermiş və Rəşad Mirələmov onlara tapança silahdan atəşlər açmışdır. Həmin hadisə vaxtı Sız harada və nə işlə məşğul olmusunuz? - Hadisə baş verən vaxtı mən artıq ?Mir bir gecə? istirahət mərkəzi ilə üzbəüz, yolun əks tərəfində, mərkəzdən təqribən 3-4 kilometr aralıda yerləşən evimdə olmuşam, həmin vaxtı artıq yatmışdım. Evdə atamla birlikdə olmuşam. - Cinayət işinin materiallarından görünür ki, 2012-ci ilin iyul ayının 16-dan 17-nə keçən gecə əminiz oğlu Rəşad Mirələmov ?Mir bir gecə? istirahət mərkəzində masa arxasında oturub onunla görüşə gəlmiş şəxslərlə aralarında baş vermiş münaqişə zamanı onlara atəş açarkən Siz də onunla bir yerdə həmin masa arxasında əyləşmiş olmusunuz. Bu barədə nə göstərə bilərsiniz? - Xeyr, mən hadisə baş verən vaxtı ümumiyyətlə istirahət mərkəzində olmamışam. Həmin gecə 1 radələrində mən tanışlarım Gülarə və Aytənlə artıq istirahət mərkəzini bir yerdə sonuncunun idarə etdiyi avtomaşında tərk etmişəm. - Hadisə vaxtı əminiz oğlu Rəşad Mirələmovla bir masa arxasında kimlərin oturması barədə nə göstərə bilərsiniz? - Hadisə vaxtı əmim oğlu Rəşad Mirələmov ilə bir masa arxasında kimlərin oturmasını bilmirəm. F.Mirələmovun şahid qismində verdiyi ifadə burada bitir. Növbəti sayımızda H.Mirələmovun digər övladının qanlı cinayətlə bağlı verdiyi ifadəni dərc edəcəyik. musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA