Parlamentdə Şəhərsalma və Tikinti Məcəlləsi yenidən müzakirəyə çıxarılıb

img

19-06-2012 [06:37]


Şəhərsalma və Tikinti Məcəlləsi bu gün Milli Məclisin iki komitəsinin birgə iclasında müzakirə olunub. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət komitələrinin birgə iclasında əlaqədar qurumların təmsilçilərinin, mütəxəssislərin iştirakı ilə ?Şəhərsalma və Tikinti Məcəlləs?i müzakirə olunub. Bildirilib ki, Məcəllə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin bu sahədə hüquq və vəzifələrini müəyyənləşdirəcək. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, layihənin ikinci oxunuşda müzakirəsi zamanı deputatların irəli sürdükləri rəy və təkliflər işçi qrup tərəfindən diqqətlə öyrənilib, böyük əksəriyyəti nəzərə alınıb. Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Məcəllənin ölkə iqtisadiyyatının inkişafı baxımından, sosial həyat üçün vacib sənədlərdən biri olacağını qeyd edib və bildirib ki, şəhərsalma və tikinti sahəsində bir sıra mövcud məsələlərin həllini təmin edəcək. Tikinti və şəhərsalma mədəniyyətinin inkişafına, sərbəst bazar münasibətlərinin mükəmməl formalaşmasına müsbət təsir göstərəcək. Qanun layihəsində qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanları və digər aidiyyəti qurumlar ümumi və baş planların layihəsinin onlara göndərildiyi gündən 30 gün müddətində həmin sənədlərə dair yazılı rəy bildirməlidi. Ümumi və baş planların layihələri tam hazır olduqdan sonra təsdiq olunmaq üçün 10 gün ərzində müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Ümumi və baş planlar təsdiq olunduqdan sonra normativ hüquqi aktların tələblərinə və qaydalarına uyğun dərc edilir və qüvvəyə minir. Məcəllə layihəsinin 79-cu maddəsində tikintisinə icazə tələb olmayan obyektlər göstərilir. Bu sıraya hündürlüyü ən çoxu 5 metr, sahəsi 50 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, hündürlüyü ən çoxu 5 metr, sahəsi ən çoxu 70 kvadratmetr olan kənd təsərrüfatı obyektlərinin, hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların tikintisi də daxildir. Layihədə tikintiyə dair ümumi tələblər, mühəndis-axtarış işləri, tikintidə təhlükəsizlik, icazənin verilməsi üçün icraat, icazənin qüvvədə olma müddəti, texniki şərtlər, layihələrin ekspertizası, tikinti obyektinin istismarına icazə verilməsi, dövlət reyestri və digər məsələlər əksini tapıb. İclasda Azərbaycan Respublikasının Cinayət, İnzibati Xətalar məcəllələrinə, ?Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı?, ?Daşınmaz əmlakın dövlət reyestri? haqqında qanunlara təklif olunan əlavələr və dəyişikliklər də müzakirə olunub. Bildirilib ki, Cinayət Məcəlləsinin kibercinayətlərlə bağlı fəslinə təklif olunan dəyişikliyə əsasən kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, yaxud burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək və ya başqa şəxsi niyyətlə qəsdən daxil olmaya görə iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə min manatdan iki min manatadək miqdarda cərimə və iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Layihədə bu cür hallarla bağlı daha bir neçə məsuliyyət müəyyənləşir. Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasında baxılmağa tövsiyə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR