02-11-2010 [06:09]
[b]Elşən Rüstəmov: "Nə qədər ki, bu sənət biznesmenlərin, iş adamlarının maraq dairəsində olmayacaq Azərbaycan kinosundan gəlir əldə etmək haqqında düşünməyə dəyməz"
[/b]
"Həzrəti-Yusif" teleserialının yayımlanmasından xeyli vaxt keçsə də, filmlə bağlı aparılan müzakirələr davam etməkdədir. Filmin rejissoru mətbuata açıqlamasında baş rolun ifaçısı Mustafa Zamanini 7 ilə tapdığını deyib. Azərbaycanın "Cine-Salam" dublyaj studiyası isə İran rejissorundan fərqli olaraq, Yusif rolunu səsləndirən Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Rüstəmovu asanlıqla tapa bilib.
- Yəqin ki, o, doğrudan da Yusif peyğəmbər rolunun ifaçısı Mustafa Zamanini 7 il axtarıb. Amma həmin rolun Azərbaycan versiyasını səsləndirən bəndəniz aktyor Elşən Rüstəmov çox qısa zamanda tapılıb. Emin, yəni "Cine-Salam" dubljay studiyasının direktoru məni bu rola gözləmədiyim bir vaxtda dəvət etdi.
[b]- Siz Həzrəti-Yusif rolunun səsləndirilməsinə dəvət alan yeganə aktyor idiniz, yoxsa başqaları da vardı? [/b]
- Bu barədə məlumatsızam. Ola bilsin ki, kimlərsə, hansısa aktyorlar dəvət ediliblər. Yaxud da səsləri rolla uyğunlaşmayıb. Sözün düzü, mən həmin aktyorların heç biri ilə maraqlanmadım. Əsas odur ki, son olaraq mənim üstümdə dayanılıb. "Həzrəti-Yusif"i səsləndirmək mənə həvalə olundu. Emin çox yaxşı, işini bilən və əlalxüsus da dinlə bağlı insandı. Biz onunla çoxdan iş birliyi qurmuşuq. Bir neçə sənədli filmdə işləmişik. Görünür, həmin layihələrdə öhdəmə düşən işlər onun ürəyincə olub.
[b]- Belə ağır və məsuliyyətli işin altına girməyiniz Sizdə narahatlıq yaratmadı ki? [/b]
- Açığı, işin öhdəsindən gələcəyimə şübhəm yox idi. Çünki mən, hər gün bu işlə məşğulam. Telekanalların çoxunda dublyaj studiyalarında iştirak etmişəm. Hazırda isə AzTV, ATV və "Xəzər" telekanallarının dublyaj işləri ilə məşğulam.
[b]- Uzun müddətdir dublyajla məşğulsunuz. Səsləndirdiyiniz obrazlardan fərqli olaraq "Həzrəti Yusif"in özəlliyi nədə idi? [/b]
- "Həzrəti Yusif" çox məsuliyyətli film idi. Dini və mənəviyyatı aşılayırdı. Filmin ərsəyə gəlməsində çox çətinliklər çəkdik. Daha başqa seriallar kimi başdansov, necə gəldi dublyaj edilməyib. Hər bir cümlənin üstündə daha ciddi işləyirdik. Bu film üzərində təxminən 3-4 aya qədər iş getdi. Həm də, biz, bu filmi tək-tək yazırdıq. Hamının bir otağa yığılması qeyri-mümkün idi.
[b]- Bəs, baş rolun ifaçısı Mustafa Zamani ilə Həzrəti Yusifi səsləndirən Elşən Rüstəmovu fərqləndirən hansı xüsusiyyətlərdir? [/b]
- Mustafa Zamani "Həzrəti Yusif"i necə oynayırdısa, mən də elə səsləndirdim. Aktyorun daxili hisslərini qabarıq vermək lazımdır. Şükürlər olsun Allaha ki, mən bunun öhdəsindən gələ bildim. Həzrəti Yusifin bütün hiss və həyacanlarını, keçirdiyi iztirabları mən səsimlə canlandırdım. Mustafa Zamaninin bütün varlığını və film boyu çəkdiyi iztirabları tamaşaçıya olduğu kimi çatdırdım.
[b]- Çətinlikləriniz oldumu? [/b]
- Onsuz mümkün deyil. Həzrəti Yusif peyğəmbərdir. Başdan-başa məsuliyyətdir. Ciddi çalışdım və bütün qüvvəmi bu rola qoydum.
Kitablardan Yusif peyğəmbərin həyatda üzləşdiyi çətinlikləri oxumuşdum, amma filmdə görməmişdim. Biz film boyu onun hansı əzablara qatlaşdığının şahidi olduq. Təbii ki, bizim əziyyətimiz Həzrəti Yusifin çəkdiklərinin yanında çox cüzidir.
O ki qaldı mənim əziyyətimə, filmdə elə cümlələr vardı ki, onu yüz dəfə ölçüb-biçirdik. Belə baxanda Azərbaycan tamaşaçısına hazır bir məhsul vermişik. Təəssüflər olsun ki, tamaşaçılar o məhsulun hansı ağır zəhmətin müqabilində başa gəldiyini bilmir. Hətta elə vaxtlar olub ki, evə gecə saat 4-də gedirdim. Bəzən gecəni studiyada yatırdıq.
Filmdə elə seriyalar olurdu ki, bütöv günü işləyirdik. Elə seriya da vardı ki, bir günə ikisini yazırdıq. Amma bütün əziyyətlərə baxmayaraq, nəticə yaxşı alındı.
[b]- Teleserial yayımlanan günlərdə tamaşaçı iradları ilə rastlaşdınızmı? [/b]
- Əksinə, filmlə bağlı böyük razılıqlar eşidilirdi. Filmin səsləndirilməsində iştirak edən bütün aktyorların ünvanına xoş sözlər gəlirdi. Təbii ki, nöqsansız film olmaz. Yəqin ki, bu nöqsanları tamaşaçılar ayrıd edə bilməsə də, kino mütəxəssislərinin gözündən yayınmaz.
[b]- Nümayiş vaxtı səsinizi xalq artisti Rasim Balayevin səsi ilə dəyişik salanlar da oldu... [/b]
- Açığı, mən də belə eşitmişdim. Xalq artisti Rasim Balayev böyük aktyordur. Onunla səs temprimizdə oxşarlığın olmasını eşitmişəm. Amma bu dərəcədə olmasını bilmirdim. Mən bununla fəxr edirəm. Bəziləri isə mənim səsimi mərhum sənətkar Şahmar Ələkbərovun səsi ilə dəyişik salırlar. Yəni, demək istəyirəm ki, mən, həm də yaxşı səslər arasında böyümüşəm. Mərhum sənətkar Səməndər Rzayev, Şahmar Ələkbərov kino sahəsində dərin iz qoyan insanlardı. Onlar öz səsləri ilə tamaşaçıları ovsunlaya biliblər. Əsas odur ki, "Həzrəti Yusif" filmi ilə tamaşaçıların qınaq hədəfinə çevrilmədik.
[b]- Filmin rejissoru mətbuata açıqlamasında Azərbaycan variantının səsləndirilməsindən məmnun olduğunu bildirib. [/b]
- Ola bilsin ki, filmin gözəl alınması məhz dilimizin şirinliyindən irəli gəlir. Açığını desəm, mən bu filmin türk variantına baxmamışam. Baş rejissorun filmin Azərbaycan dilində səsləndirilməsindən razı qaldığını eşitmişik. Hətta onu da bildiriblər ki, İranda filmin Azərbaycan dilində olan variantına daha çox üstünlük verirlər. İrandakı "Səhər" telekanalı filmin Azərbaycan versiyasından epizodlar nümayiş etdirib. Hazırda isə filmin yaradıcı qrupu Azərbaycana səfər edəcəyi barədə məlumat yayıb. Hətta onu da bildiriblər ki, filmin səsləndirilməsində əməyi olan bütün yaradıcı qrupla görüşmək istəyirlər. Açığı, bu bizim ürəyimizcədir.
[b]- Bu səfər zamanı iranlı həmkarlarınız tərəfindən işgüzar dəvətlər alsanız, qəbul edərsinizmi?[/b]
- Əgər belə bir dəvət olsa, gedərəm. Aktyorun işi səhnədir. Bəzən müqavilə ilə də olur. 1-5 aylıq müqavilə bağlayırsan, çəkilib, sonra də geri dönürsən. Bəzənsə bu müddətin ömrü çox uzun olur.
[b]- "Həzrəti Yusif" filmindən əldə olunan nədir? [/b]
- Mənəviyyat, insanlara inam və Allaha sevgi. Mən bu günə kimi saysız-hesabsız filmlərdə obrazlar səsləndirmişəm. Üst-üstə yığsan bəlkə də yüzlərlədir. Amma bu qədər filmin arasında səsimə qarşı sevgi hiss etməmişdim.
[b]
- Deməli, etiraf edirsiniz ki, Sizi məşhurlaşdıran "Həzrəti-Yusif" filmi oldu? [/b]
- Əlbəttə. Bu mənim ən populyar filmim və obrazım oldu. Yəqin ki, bu işdə Yusif peyğəmbərin də köməyi var. Bu, İlahidən gələn köməkdir. Eyni zamanda, biz, mənəviyyatdan bəhs edən belə bir filmi tamaşaçıların ixtiyarına verməklə çox udduq. Yatmışları ayıltdıq. Dindən-imandan üz döndərənləri müəyyən mənada yoluna qaytardıq. Harınlamış insanlar peyğəmbərlərin, Allahın varlığını bildilər. Məncə, bu film insanları çox maarifləndirdi.
[b]- Səsləndirməni layiqincə yerinə yetirdiniz. Bəs, Həzrəti Yusif rolunu Mustafa Zamani kimi oynaya bilərminizmi? [/b]
- Siz məni çox çətin sual qarşısında qoyursunuz. Onu deyə bilmərəm. ?ecə deyim ki, mən bu rolu Mustafa Zamani kimi oynaya bilərəm, yaxud da bacarmaram. Mən istərdim ki, müsəlman ölkəsi olan Azərbaycanda da belə filmlər çəkilsin və həmin filmlər heç olmasa, İran İslam Respublikasının telekanallarında yayımlansın. Bu saat İranda gözəl seriallar ekranlaşdırılır. Aktyorlar da həmin rollarda oynaya-oynaya bişirlər. Kim deyir ki, onlarda zəif film olmur? Olur. Amma 10 filmdən 8-i gözəl alınır.
[b]- Azərbaycan aktyorlarının səsi nəticəsində belə bir film təqdim olundu. Çəkilişə gəldikdə isə, filmlərimiz böyük uğurlar qazana bilmir... [/b]
- Biz, çox istedadlı xalqdır. Görünür, istedad kifayət deyil, film, səhnə kadrları nəsə başqa işlər tələb edir. İşləmək lazımdır, özü də çox. Amma bizdə tənbəllik var. Azərbaycan kinosu böyük bir bəla ilə üzləşib. Bilirsiniz o bəla nədir? Azərbaycan kinosunun bazarı yoxdur. Əvvəlcə biz bu bazarı qurmalıyıq. Rejissor film çəkir, amma bu film arxivlərdə itib-batır. Mütləq onu bazara çıxarmalıyıq.
[b]- Bunun üçün nə tələb olunur? [/b]
- Əlbəttə ki, filmi satmalıyıq. Tutaq ki, rejissor özüməm. Yaxşı, mən bu filmi hara, kimə satım? Yerli telekanallar almır, xarici ölkələrə, beynəlxalq festivallara da çıxarılmır. Bəs, mən nə etməliyəm? Tutaq ki, bu filmin ərsəyə gəlməsi üçün 50 min pul xərcləmişəm. Heç olmasa, bu 50 mini qazanmalıyam, ya yox? Azərbaycanda 50 min pulu mənə verə biləcək telekanal rəhbəri varmı? Dediyim kino bazarı bu mənada yoxdur. Amma xarici ölkələrdə 50 min xərcləyirlər, əvəzində 100 min qazanırlar. Bizdə də belə bir variant olsa, o zaman durmadan filmlər çəkilər. Düzdür, yəqin ki, bu filmlərin keyfiyyəti əvvəlcə aşağı olar. Amma sonra iş öz axarına düşər. Türkiyədə də belə olub. Amma bu gün onların teleserillara yüksək səviyyədədir.
[b]- Hansısa səbəbdən biznesmenlərin bu sənətə marağı azdır, imkanlı şəxslər kino çəkilişinə maliyyə ayırmaq istəmir. [/b]
- Bu göz qarşısındadır. Götürək elə siyasiləşmiş "Qurdlar vadisi"ni, yaxud da milli-mənəvi dəyərləri özündə birləşdirən və bir ailə dramı olan "Yarpaq tökümü" teleserialını. Görün, tamaşaçı bu filmləri necə dəhşətlə izləyir. Hələ film arasında gedən reklamları demirəm. Bu reklamlar telekanala çoxlu pul gətirir. Azərbaycanda isə heç bir məmur, yaxud biznesmen kinoya pul ayırmaq fikrində deyil. Çünki pulunun hədər gedəcəyini bilir.
[b]- Amma həmin biznesmenlər sənəti olmayan bəzi şou-biznes nümayəndələri üçün kifayət qədər pul xərcləyirlər. [/b]
- Bu başqa məsələdir. Çünki həmin biznesmenin pul xərclədiyi şou-biznes adamı üçün şəxsi maraqları var. Heç kəs ona deyə bilməz ki, sən pulunu o adam üçün niyə xərcləyirsən? ?ə qədər ki, bu sənət biznesmenlərin, iş adamlarının maraq dairəsində olmayacaq Azərbaycan kinosundan gəlir əldə etmək haqqında düşünməyə dəyməz.
[b]Bahar RÜSTƏMLİ [/b]