"Milli Konservatoriyada illərlə dərs dediyim tələbələr bazqa müəllimlərə verilir"

img

17-10-2010 [06:15]


[b]Qəzənfər Abbasov: "Başa düşə bilmirəm ki, mənim tələbələrim hansı səbəbdən başqa xanəndələrin sinifinə verilməlidir?" [/b] Qəzənfər Abbasovu sənət adamları yaxşı tanıyır. Amma muğam sənətində onlarla tələbə yetişdirən, müəllim kimi böyük uğurlar qazanan ustad, nədənsə kölgədə qalıb, əməyi layiqincə qiymətləndirilmir. Özü isə bu barədə danışmağa çətinlik çəkdiyini deyir: - Çətindir. Nə deyim? Tələbələrim göz qarşısındadır. Yaşca məndən çox böyük olan tələbələrim də var. Amma onların adını deyə bilmirəm. [b]- Deyəsən, müəllimlik fəaliyyətiniz ifaçı kimi tanınmağınıza mane olur. Bununla razısınızmı? [/b] - Belə deməzdim. Mən özümü heç bir ifaçıdan, xalq artistindən əksik saymıram. Hətta çoxlarının hələ oxuya bilmədiklərini istədiyim kimi təqdim edirəm. [b]- Bəs, onda niyə layiq olduğunuz kimi geniş ictimaiyyətə təqdim edilmir, layiqli qiymətinizi almırsınız? [/b] - Sadəcə, reklamım yoxdur. Niyəsini isə bilmirəm. Bəlkə də fərasətim yoxdur... Bəyəm bu səviyyəyə çatana qədər kimlərsə məni reklam edib? Yoxsa, arxamda kimlərsə dayanıb? Hamı - bütün telekanalların musiqi rəhbərləri, keçirilən tədbirlərin təşkilatçıları məni tanıdıqları halda, heç bir yerə dəvət etməyiblər. Bir dəfə deməyiblər ki, gəl, səni qastrola göndəririk. Yaxud, filan yerdə konsert var, orada çıxış etməlisən. Bu işlər bir qrup insanların əlindədir. Onlar isə hər yerə öz adamlarını göndərirlər. [b]- Amma muğamın tədrisindən söz düşəndə adınız mərhum sənətkar ?əriman Əliyevdən sonra ikinci səslənir... [/b] - Xahiş edirəm, mənim yaxşı müəllim kimi fəaliyyət göstərdiyimi çox da reklam etməyin. Çünki həmin adamlar buna da bir "əmma" tapacaqlar. Yəni, çalışacaqlar ki, məni yaxşı müəllim kimi də sıradan çıxarsınlar. Bəziləri bunu da mənə qısqanır. Hətta onlar mənim illərlə dərs dediyim tələbələri özümə belə vermirlər. Milli Konservatoriyada illərlə dərs dediyim tələbələr başqa müəllimlərə verilir. Başa düşə bilmirəm ki, mənim tələbələrim hansı səbəbdən başqa xanəndələrin sinifinə verilməlidir? Tələbəm mənim övladımdır, onu mən böyütmüşəm. Amma biri kənardan çıxır ki, bu mənim övladımdır. Başqasının övladına necə sahib çıxmaq olar? Təzyiq, yaxud da təzyiqsiz bunlar göz qarşısındadır. Bunların nəyə görə baş verməsini isə hamı yaxşı bilir. [b]- Efirdə "kimin tələbəsisən",- sualının ənənəvi cavabı professor Arif Babayevlə bağlı olur. Bildiyimə görə, həmin tələbələrin arasında Sizin dərs dedikləriniz də olub. Zəhmətinizin hədər getməsinə səbəb nədir? [/b] - Bu, ucuz şöhrət arxasınca qaçmaqdır. Yəni, mən Arif Babayevin tələbəsiyəm, yaxud Canəli Əkbərov, Ağaxan Abdullayev, Şövkət Ələkbərovanın tələbəsi demək, guya bunlara şöhrət gətirəcək. Yaxud da titullu - xalq artisti, Prezident təqaüdçüsü olan müəllimlərin tələbələri var. Onlar bəzən mənim və Sabir Abdullayev kimi müəllimlərin sinifinə girəndə özlərini elə aparırlar ki, sanki dərsə girən tələbə deyil, elə Arif Babayevin özüdür. Arif Babayev uşaq kimi adamdır. Uşaqla uşaqdır, böyüklə böyük. Amma həmin şəxs Arif Babayevin tələbəsi olsa da, mənim qarşımda heç kimdir. Çünki Arif Babayevdən heç nə öyrənə bilmir. Arif Babayev Musiqi Akademiyasında mənim də müəllimim olub. Mən həmişə deyirəm, mərhum sənətkarımız ?əriman Əliyev və Arif Babayevdən dərs almışam. Amma heç vaxt ?əriman Əliyevi kölgədə qoymamışam, qoymaram da. Çünki ?əriman Əliyev kimi müəllim respublikada olmayıb, olmayacaq da. Seyid Şuşinski ilə Nəriman Əliyev həmişə seçiliblər. Bu boyda xanəndələr ordusunu yetişdirən ?əriman Əliyev olub. Əfsuslar olsun, indi heç kəs onun adını dilinə gətirmək istəmir. [b]- Həm də bu boyda xanəndələr ordusunu yetişdirən sənətkarın Muğam Mərkəzində büstü yoxdur. [/b] - Bəli, onun büstü həmin yerdə yoxdur. Bu qədər də ədalətsizlik olarmı? ?əriman Əliyevin əməyi sayəsində çox xanəndələr çörək yeyir. Amma heç kəs bu haqsızlığa səsini çıxarmır. ?əriman Əliyevin adı gələndə onların səsləri batır. Mən dəfələrlə bu haqsızlıq barədə danışıb, çıxışlarımda demişəm ki, Muğam Mərkəzinə Nəriman Əliyevin də büstü qoyulmalıdır. Amma mən kiməm ki? Görün, məndən əvvəl kimlər var? [b]- Kimləri nəzərdə tutursunuz? [/b] - Ağaxan Abdullayevi, Səkinə İsmayılovanı, Mələkxanım Əyyubovanı, Nəzakət Teymurovanı, Gülyaz və Gülyanaq Məmmədova bacılarını, Canəli Əkbərovu. Onlar da Nəriman Əliyevdən dərs alıblar. İndi bu şəxslər qabağa düşməli, tələb etməlidirlər. [b]- Adıçəkilən sənət adamlarının müəllimlərinin haqqını tələb etməməsinə səbəb nə ola bilər?[/b] - Tələb edirlər, amma çox zəif. Səkinə xanım, Ağaxan müəllim bir neçə dəfə belə müsahibələr veriblər. Bəziləri isə səsini belə çıxarmır. [b]- Deyəsən, Nəriman Əliyevə olan ögey münasibət Sizə qarşı da təkrarlanır? [/b] - Bu, qısqanclıqdır. Amma bilmirəm məni niyə qısqanırlar? İki otaqlı "Xruşovka" evdə yaşayıram, varım yox, dövlətim yox. ?ə yaxşı ki, maaş alırıq. O ki qaldı fəxri ada, nə vaxt yada düşsəm, yəqin ki, verərlər. [b]- Ölkəmizdə iki dəfə "Muğam-star" müsabiqəsi, bir dəfə isə muğam festivalı keçirildi. Müəllim gözü ilə baxanda orada nələrin çatmadığını müşahidə etdiniz? [/b] - Bu müsabiqədir. Bəzən müsabiqələrdə seçim etmək çox çətin olur. Mən də "Kainat" Gənclik Mərkəzinin uşaq-muğam festivalında münsif üzvü olmuşam. Amma nədənsə bu il dəvət etmədilər. Adi kiçik yaşlı uşaqlar arasında seçim etmək çox çətin olur. ?iyə? Ona görə ki, hamısı bir-birindən gözəl ifa edir. Bilmirsən hansına qiymət verəsən. Muğam müsabiqələrinin iştirakçılarına yer verilməsi nöqteyi-nəzərindən demirəm, amma muğam festivallarının keçirilməsi Azərbaycan üçün çox böyük hadisədir. Bu muğamın inkişafına böyük təkan verir. Yəni, muğamın xalq arasında geniş yayılması, ifaçılıq nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. [b]- Festivalda Siz də vardınız? [/b] - Münsif üzvü kimi yox. Amma bütün festival boyu orada oldum. İzlədim. Çıxışçıların nəyə qadir olduğunu bildim. Səslərin hamısı gözəldir. Mənə qalsa, birinci yeri Babəkə də verə bilərdim, İlkinə də. Bəyimxanım da, Vəfa da gözəl ifaçıdır. İlkinin səsi isə Təyyarın səsindən gözəldir. Babəkin səsi onların hamısından yüksəkdir. Bunların hamısına qiymət vermək lazımdır. Rəna Qafarova - mən deyərdim birinci yer ona verilməliydi. Amma birinci yer Güllü Muradovaya verildi. Burda nə var axı? Mənim üçün orada kimin yer alması bir o qədər də əhəmiyyət kəsb etmir. Təki layiqlilər yer alsınlar. Bunların arasında seçim etmək isə doğrudandan da çətindir. Məhz bu baxımdan münsiflərdə oturanlara heç bir iradım yoxdur. [b]- Heydər Əliyev Sarayında reallaşan festivalda 12-15 ölkə təmsil olunurdu. Sonda rəy açıqlandı ki, birinci yer gərək, misirli ifaçıya veriləydi... [/b] - Misirli ifaçı çox gözəl oxudu. Amma biz azərbaycanlılar hansı ölkəyə, müsabiqəyə getsək, bizə həmin anda birinci yeri vermirlər. Mən, 1999-cü ildə "Şərq təranələri" Beynəlxalq Festivalına getmişdim. Gözəl qarşılandım. Düzdür, yer almadım. Məndən əvvəl isə o festivala Simarə İmanova getmişdi. Özü də dövlət səviyyəsində. Simarə xanım Səmərqənddə birinci yeri tutdu. Həmin festivalın münsiflər heyətində təmsil olunan yapon mənşəli Kaşiba adlı münsif üzvü mənə yaxınlaşıb dedi: "Mən birinci yeri sənə verirdim. Amma Özbəkistanın mədəniyyət naziri dedi ki, Azərbaycana yer verilməyəcək". Səbəbini soruşduqda dedi ki, "Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu ilə Özbəkistanın mədəniyyət naziri bir-birinə düşmən kəsiliblər. Ona görə Azərbaycana yer yoxdur". Mən həmin tədbirdə "Mahur-hindi" oxudum. Oxuyanda hamı bütün alətlərini yerə qoyub başıma yığışdı. Dedim ki, vallah, bunlar məni öldürəcək. Məşq zamanı gəldilər ki, birinci yer sənindi. Təsəvvür edin, dünyanın 54 ölkəsindən gələn musiqiçilər öz alətlərini yerə qoyub, ifalarını dayandırıb, başıma yığışdı... [b]- Gələn ilin mart ayında yenə festival keçiriləcək? [/b] - Məndən asılı bir şey yoxdur. Sadəcə, bizim işimiz kimisə hazırlaşdırmaqdır. Kim gələcəksə, onu da hazarlaşdıracam. Kim getmək istəsə, gəlsin hazırlaşdırım. Digər tərəfdən, festival barədə açıqlama vermək olmaz. Hər şey gizli qalmalıdır. [b]- Bəzən yaşlı nəsil gəncləri savadsızlıqda ittiham edir. Deyirlər ki, gənc sənətçilər yeni layihələr üzərində işləmirlər. Bu iradlarla razılaşırsınızmı? [/b] - Bəzən ittiham yerinə düşür, bəzənsə əndazəni aşır. Çox çətindir bu ittihamlara cavab vermək. Amma onların ittihamında əsas olsa da, bu gün gənc nəsili qınamaq da lazım deyil. [b]- Nəyə görə? [/b] - Ona görə ki, yaşamaq çox çətinləşib. Hamı maddiyyat arxasınca qaçır. Yaşamaq üçün neyləmək lazımdır? Pul da qazanmaq lazımdır. İndi elm yaddan çıxıb. Muğam da bir elmdir. Özü də böyük elm. Əgər mən oxuyan zaman yüksək hissə qapanıb özümü itirirəmsə, deməli, burda İlahi bir rabitə var. Amma biz bunu görə bilmirik. Bəlkə başqaları bunu bilir, amma mən bu barədə məlumatsızam. Muğam sonsuzluqdur. Qurtarmır, hər bir ifaçının isə öz gedişi var. Ancaq şablon yerində qalmalıdır. Məktəbi dəyişmək olmaz. Hər ustad yetirən özündən metodika tətbiq edə bilməz. Bu metodika bizə uzaq keçmişimizdən gəlib. Yaxın keçmiş də onu uzaq keçmişdən bizə alıb verib. Biz bu məktəbi qoruyub saxlamalıyıq ki, gələcək nəsillərə ötürə bilək. Bəlkə daha savadlısı gəldi. Muğamı bilmək üçün bütün fənləri bilmək vacibdir. Muğam ondan sonra açıla bilər. Eyni zamanda, yaxşı dil bilməlisən. Tənqid də elə bunlardan başlayır. ?əticə tənqidlərin üstündə dayanır. Bu günkü gənclərdə eşq, həvəs yoxdur. Elm bir kəsin marağında deyil, hamı pul ardınca düşüb. Muğamın sirlərini öyrənmək istəmirlər. Muğamı yaxşı bilmək üçün həm də musiqi ələtlərində yaxşı çalmağı bacarmalısan. Xanəndə hər bir şeyi dərinliyi ilə bilməlidir. Düzdür, bu, təhsildə var. Hətta mən dərs dediyim tələbələrə tar çalmağı öyrənməyi də demişəm. Çünki tar bizim milli alətdir. Muğamın oxunmayan çoxlu şöbə və güşələri var. Onlar hələ bu gün tətbiq olunmur, hamısı sıradan çıxıb. Səfyəddin Urməvinin, Əbdülqadir Marağayinin vaxtında oxunan guşələrin çoxu indi itib-batıb. Çalışıb onları axtarıb tapmaq lazımdır. [b]Bahar RÜSTƏMLİ[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 17.07.2025

Sabah isti hava olacaq