ATƏT-in təmas xəttində apardığı monitorinq insidentsiz ötüzüb

img

23-07-2010 [05:11]


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq cəbhənin Tərtər rayonunun Qapanlı kəndi istiqamətində monitorinq keçirilib. Müşahidələri hər iki tərəfdə ATƏT sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri aparıblar. Monitorinq insidentsiz başa çatıb. Monitorinqdən əvvəl ATƏT nümayəndələri Tərtər rayon İcra Hakimiyyətinə gələrək burada İcra Hakimiyyətinin rəsmiləri ilə görüşüb və cəbhədəki vəziyyət barədə məlumat alıblar. Missiya üzvlərinə bildirilib ki, ermənilər mütəmadi olaraq cəbhə xəttindəki yaşayış məntəqələrimizi, eyni zamanda Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlayırlar. Ən acınacaqlı vəziyyət isə Tərətin Qapanlı, Həsənqaya və Çaylı kəndləri istiqamətindədir. ATƏT nümayəndələrinə həmçinin o da bildirilib ki, son dövrdə ermənilərin fəallaşması nəticəsində kəndlər demək olar ki, hər gün atəşə məruz qalır. Nəticədə sakinlər təsərrüfat işləri ilə məşğul ola bilmirlər. Azərbaycan Ordusunun hərbçiləri arasında ölən və yaralananlar var. Eyni zamanda missiya üzvlərinin diqqətinə o da çatdırılıb ki, ermənilər işğal altındakı ərazilərdə mütəmadi olaraq yanğınlar törədir. Nəticədə alov Azərbaycanın nəzarəti altında olan ərazilərə keçib. Ümumilikdə isə 2000 hektara qədər ərazi yanıb ki, bu ərazilərin bir hissəsi meşə zolaqlarıdır. Eyni zamanda ermənilərin işğal altındakı torpaqlardan gələn su mənbələrinin qarşısını kəsməsi nəticəsində Tərtər rayonunun sahələrində suvarma problemlərinin yaranması da missiya üzvlərinin diqqətinə çatdırılıb. Daha sonra ATƏT nümayəndələri azərbaycanlı hərbçilərin müşayiəti ilə monitorinqin keçiriləcəyi Qapanlı kəndi ərazisinə gəlib. Nümayəndələr Qapanlı kəndi ilə işğal altındakı Seysulan kəndi arasındakı ərazidə təqribən 15 dəqiqə müşahidə apardıqdan sonra geri qayıdıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA