Azərbaycan və BƏƏ arasında Anlazma Memorandumu imzalanıb

img

10-06-2010 [01:07]


İyunun 9-da Xarici İşlər Nazirliyində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Tariq Əhməd əl-Hidan və Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi altında iki ölkə arasında siyasi məsləhətləşmələr keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, danışıqlar zamanı ölkələr arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2006-cı ildə BƏƏ-yə rəsmi səfərinin Azərbaycan-BƏƏ münasibətlərinin yeni mərhələsinin əsasını qoyduğu qeyd edilib. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli əməkdaşlığın səviyyəsindən razılıqlarını bildirib və bu əməkdaşlığın gələcəkdə davam etdirilməsi vacib sayılıb. Azərbaycan tərəfi görüşdə Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verib, münaqişənin yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında həll olunmasının mümkün olduğunu, məsələ ilə bağlı beynəlxalq təşkilatlar çərçivəsində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb. Görüşdə iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün mövcud imkanlardan səmərəli istifadə edilməsi gərəkdiyi dilə gətirilib, Hökumətlərarası Birgə Komissiyanın fəaliyyəti əhəmiyyəti hesab olunub. Qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə, o cümlədən neft və qaz sənayesi, bərpa olunan enerji mənbələrindən istifadə edilməsi, kənd təsərrüfatı, səhiyyə, təhsil sahələrində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə diqqət çəkilib. Mədəniyyət və turizm sahəsində əməkdaşlıq, qarşılıqlı şəkildə mədəniyyət günlərinin keçirilməsi məqsədə müvafiq sayılıb. Görüşdə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb. Məsləhətləşmələrin sonunda nazir müavinləri tərəfindən ?Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında diplomatik pasportlara malik olan şəxslərin giriş vizasından azad edilməsi haqqında Anlaşma Memorandumu? imzalanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA